"AŞPA-nın Azərbaycanla bağlı irəli sürdüyü 4 iddianın hamısı yalandır, qərəz məqsədi daşıyır və ölkəmizə təzyiq etmək üçün düşünülmüş qondarma iddialardır".
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu AŞPA-nın Azərbaycan nümayəndə heyətinin səlahiyyətini təsdiq etməməklə bağlı verdiyi qərarı şərh edərkən deyib.
Hikmət Babaoğlu bildirib ki, Avropa İnsan Haqları Konvensiyasında siyasi məhbus deyə hüquqi bir termin yoxdur:
"Amma AŞPA qərəzli şəkildə ittiham edir ki, Azərbaycanda siyasi məhbuslar var. Qurum Azərbaycanın guya Qarabağ ərazisindən erməniləri zorən etnik təmizləmə siyasətinə məruz qoyduğunu da uydurub. Bu da yalan və qərəzli yanaşmadır. Çünki ermənilərin Azərbaycan ərazisini könüllü şəkildə tərk etdiklərini hamı bilir. Hətta Ermənistan baş naziri də dəfələrlə bildirib ki, ermənilər Azərbaycandan zorakılıqla çıxarılmayıb, bu Azərbaycanda yaşayan ermənilərin könüllü qərarı olub. AŞPA isə bu iddiası ilə ermənidən artıq ermənilik edib.
AŞPA onu da iddia edir ki, Azərbaycan tərəfi qurum nümayəndələrinin 2023-cü ildə Laçın dəhlizinə gəlməsinə icazə verməyib. Bu məsələ ilə bağlı AŞPA-nın hər hansı bir iddiası olsaydı, onu elə qurumun yaz sessiyasında gündəmə gətirərdilər. Artıq arxada qalan hadisənin payız sessiyasında yenidən aktuallaşdırılması AŞPA-nın başqa siyasi məqsədlərinin olmasından xəbər verir. AŞPA-nın seçki müşahidəçilərinin Azərbaycanda qarşıdan gələn prezident seçkilərinə dəvət olunmamasına gəlincə, ölkəmizin qurum qarşısında belə bir öhdəçiliyi yoxdur. Azərbaycan hansı beynəlxalq təşkilatı istəsə, onu da dəvət edə bilər".
Deputat qeyd edir ki, AŞPA islamofob mərkəzlərin əlində alətə çevrilib:
"Göründüyü kimi, Azərbaycana qarşı qaldırılan iddiaların hamısı yalan, qərəzli olmaqla yanaşı ölkəmizə təzyiq etmək üçündür. Təəssüf ki, AŞPA Azərbaycana münasibətdə islamofob mərkəzlərin əlində alətə çevrilib. Qurum Emmanuel Makronun "Ermənistanı xilas edəcəyəm" tezisini AŞPA platformasında realizə etməyə çalışır. Bu isə regionda sülhün əldə edilməsinə mane olur və Fransanın neokolonializm siyasətinə xidmət edir. Azərbaycanın AŞPA-dakı nümayəndəsi qurumun mümkün qərarını gözləmədən özü qərar qəbul edərək, buradakı fəaliyyətini dayandırmaqla qətiyyətli addım atdı".
Qeyd edək ki, ötən günü Avropa Şurası Parlament Assambleyası (AŞPA) özünün qış sessiyasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsini təsdiqləməyib. Almaniyalı deputat Frank Şvabenin bununla bağlı irəli sürdüyü təklifləri AŞPA Monitorinq Komitəsi məqbul sayıb. Nəticədə qurum tərəfindən Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin təsdiq edilməməsi barədə qərar qəbul edilib.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti yanvarın 24-də qurumun iclasında bəyanatla çıxış edib. Nümayəndə heyətimiz qurumda mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib. Nümayəndə heyəti bəyanatı səsləndirəndən sonra məkanı tərk edib.
Rüfət Sultan
Şərhlər