Xəbər lenti

AMADA media nümayəndələri ilə görüş keçirdi
İdman 17:20 20.07.2022

AMADA media nümayəndələri ilə görüş keçirdi

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) media nümayəndələri ilə görüş keçirib.
 
Qaynarinfo xəbər verir ki, 22 iyul - Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün "Antidopinq maarifləndirilməsi mövzusunda medianın rolu" mövzusunda tədbir təşkil olunub. 
 
Təbiri açıq elan edən AMADA-nın direktoru Şəfəq Hüseynli əvvəlcə mətbuat nümayəndələrini təbrik edib, onlara uğurlar arzulayıb. KİV-in AMADA-nın gördüyü işləri işıqlandırdığını, antidopinq mövzusunda maarifləndirmə, təbliğat işlərində yaxından rol oynadığını vurğulayan direktor daha sonra keçirilən mətbuatt konfransında media nümayəndələrinin suallarını cavablandırıb.
 
2022-ci ildə antidopinq qayda pozuntularının sayının artdığını bildirən qurum rəsmisi federasiyaları onlarla maarifləndirmə işləri aparılmasına səsləyib. O, rəhbər dəyişikliklərinin həyata keçirildiyi idman federasiyaların dopinqi qətiyyən qəbul etmədiklərini, AMADA ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib:
 
"Bir çox federasiyalarda yeni rəhbər dəyişiklikləri olub. Sevindirici hal ondan ibarətdir ki, yeni federasiya rəhbərləri tolerantlıq nümayiş etdirərək, dopinqi qətiyyən qəbul etmədiklərini bizə bildirdilər. Bir çox məsələlərdə federasiya rəhbərliyinin mövqeyi idmançılara da təsir edir. Bu səbəbdən, federasiya rəhbərlərinə təşəkkürümü bildirirəm".
 
Hüseynli onlarla ən sıx əməkdaşlıq edən federasiyanın da adını açıqlayıb: 
 
"AGF AMADA-nın yarandığı ilk günlərdən bizimlə sıx əməkdaşlıq edir. Bu federasiya hər zaman maarifləndirmə tədbirlərimizdə fəal iştirak edir. Ümumiyyətlə, ilk günlərlə müqayisədə indi çox az federasiya var ki, bizimlə əməkdaşlıqda yaxından iştirak etməsin".
 
Qurumun direktoru gələcəkdə Azərbaycanda antidopinq labaratoriyalarının açılması ilə bağlı sualı da cavablandırıb: 
 
"Laboratoriya yaratdıqdan sonra WADA (Ümumdünya Antidopinq Agentliyi - red.) onlara akkreditasiya verilməlidir ki, test analizi aparmaq imkanı olsun. Belə laboratoriyalar müstəqil olmalı və milli antidopinq agentlikləri ilə heç bir bağlılığı olmamalıdır. Ancaq Azərbaycanda da belə bir laboratoriyanın olması yaxşı olardı".
 
O, təhsil obyektlərində də maarifləndirmə işləri apardıqlarını, bununla bağlı geniş proqram tətbiq olunduğunu, o cümlədən idman akademiyalarında seminarlar təşkil edildiyini vurğulayıb. 
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->