Keçmiş kansler Angela Merkel 2021-ci ildə vəzifəsini tərk etdikdən sonra Almaniya hökuməti onun saç və makiyajına təxminən 55 min avro xərcləyib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Tagesspiegel” nəşri "İnformasiya azadlığı haqqında” qanuna əsaslanan sorğu vasitəsilə əldə edilən sənədlərə istinadən məlumat verib.
Təxminən iki il əvvəl Almaniyanın ən yüksək vəzifəsini tərk etməsinə baxmayaraq, Merkel hələ də bəzi xərclər üçün federal hökumətə hesab göndərir.
Məlumata görə, Merkel keçmiş vizajistinin xidmətindən istifadə etmir və hazırda yeni vizajistə arxalanır və o, həm də modelyer kimi çalışır.
Merkelin həm dövlət, həm də özəl tədbirləri üçün saç və makiyaj xərclərini federal hökumət ödəyir. Hökümət 2023-cü ildə 17,200 avro, 2022-ci ildə isə 37,780 avro ödəyib.
Bu o deməkdir ki, keçmiş hökumət başçısının Berlində gözəl görünüşü üçün ayda təxminən 3000 avro ödəyirlər. Stilist Merkeli görüşlərdə müşayiət edirsə, bura onun səyahət və oteldə qalma xərcləri də daxildir.
"Xərclərin öz üzərinə götürülməsi publik və ya qeyri-publik olmasından asılı olmayaraq, daimi rəsmi vəzifələrin icrası ilə bağlıdır", - Almaniya kansleriyasından bildirilib.
Məmurlar üçün bərbər və makiyaj xərclərinin artması əvvəllər bəzi tənqidlərə səbəb olmuşdu. Vergi Ödəyiciləri Assosiasiyasının prezidenti Rayner Qolznagel bildirib ki, xərclər "minimum səviyyədə saxlanılmalı və şübhə yarandıqda, şəxsən ödənilməlidir”.
Qəzet yazır ki, Almaniyanın hazırkı kansleri Olaf Şolts da ictimai çıxışlarda bundan istifadə edir. Bu il ofis saç və makiyaj üçün 21 808 avro xərclədiyi halda, 2022-ci ildə bu rəqəm 39 910 avro olub.
Nizami Bağırov
Şərhlər