"Avropa İttifaqı rəhbərliyinə yeni adamların gəlməsi qurumun Azərbaycana münasibətini dəyişə bilər".
Bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Qulamhüseyn Əlibəyli Avropa İttifaqı rəhbərliyinə yeni liderlərin seçilməsi fonunda alyansın Azərbaycanla bağlı siyasətində dəyişikliklərin olub-olmayacağı barədə danışarkən deyib.
Qulamhüseyn Əlibəyli bildirib ki, Avropa İttifaqı rəhbərliyində yeni şəxslərin təmsil olunması rotasiya prinsiplərilə bağlıdır:
"Avropa ölkələrində siyasətçilər adətən seçkilərdə bir və ya iki dəfə iştirak edir. Avropa İttifaqı kimi bir çox beynəlxalq təşkilatlarda əslində siyasət qabaqcadan müəyyənləşdirilir. Qurum ona uyğun olaraq da fəaliyyət göstərir. Təbii ki, təşkilatın rəhbərliyində təmsil olunan şəxslərin bu və ya digər dövlətlərə münasibəti fərqli ola bilər. Bu da həmin siyasətin həyata keçirilməsinə müəyyən dərəcədə təsir göstərir".
Ekspert hesab edir ki, əsaslı şəkildə qabaqcadan müəyyənləşən siyasət dəyişmir:
"Şarl Mişel seçiləndə hamı belə hesab edirdi ki, o ancaq Parisin göstərişlərini yerinə yetirəcək. Ancaq onun fəaliyyəti tam olaraq belə olmadı. Təbii ki, fransız olması bu və ya digər hallarda bəzən özünü göstərirdi. Hesab edirəm ki, yeni şəraitdə Aİ rəhbərliyinə yeni adamların gəlməsi həmin şəxslərin Azərbaycana münasibətindən asılı olaraq siyasətdə müəyyən dəyişikliyə gətirib çıxara bilər. Hər halda ümid etmək istərdim ki, bu yenilik daha çox müsbət dəyişikliyə gətirib çıxaracaq".
Qeyd edək ki, Avropa İttifaqında yeni liderlər seçilib. Ursula fon der Leyen yenidən Avropa Komissiyasının sədri təyin edilib, Portuqaliyanın keçmiş baş naziri Antonio Kosta Avropa İttifaqı Şurasının rəhbəri, Estoniyanın baş naziri Kaya Kallas isə Aİ diplomatiyasının rəhbəri olub. İndi onların namizədliyi Avropa Parlamenti tərəfindən təsdiqlənməlidir.
Rüfət Sultan
Şərhlər