Xəbər lenti

Aİ İsraili Fələstin dövləti ilə bağlı mövqeyini dəyişməyə inandıra bilmədi
Dünya 14:11 23.01.2024

Aİ İsraili Fələstin dövləti ilə bağlı mövqeyini dəyişməyə inandıra bilmədi

Avropa İttifaqının xarici işlər nazirləri Fələstin dövlətinin yaradılmasının Yaxın Şərqdə sülhə nail olmağın yeganə davamlı yolunun olduğunu desələr də, İsraili məsələ ilə bağlı mövqeyini dəyişməyə inandıra bilməyiblər.

Qaynarinfo xəbər verir ki, bu barədə AP məlumat yayıb.

Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri İsrailin baş naziri Benyamin Netanyahunun müstəqil Fələstin dövlətinin yaradılması ideyasını qəti şəkildə rədd etməsindən narahat olduqlarını bildiriblər.

"Benyamin Netanyahunun bəyanatları narahat edir. Hər kəs üçün təhlükəsizlik zəmanəti olan Fələstin dövləti yaratmaq lazımdır", deyə Fransanın xarici işlər naziri Stefan Sejurne bildirib.

Belçikanın xarici işlər naziri Xacə Lahbib Qəzzada vəziyyəti kritik elan edib və dərhal atəşkəsə çağırıb.

Brüsseldə keçirilən görüşdə avropalı nazirlər İsrailin gələcək planları barədə eşitmək istəyiblər. Amma görüşdə iştirak edən İsrailin xarici işlər naziri İsrael Kats cavab verməkdən çəkinib. O, nazirlərə iki videoçarx göstərib: biri Qəzza sahillərində süni adanın yaradılması, digəri isə Yaxın Şərqlə Hindistanı birləşdirən dəmir yolu layihəsi haqqında.

"Düşünürəm ki, nazir öz vaxtından daha yaxşı istifadə edib, Qəzzadakı ölümlərə diqqət yetirə bilərdi", deyə Aİ-nin Xarici və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrell bildirib.

Nazirlərin Katsı iki dövlətli həllin faydalarına inandıra bilib-bilmədikləri ilə bağlı suala cavab olaraq Borrell deyib: "Biz onu fikrindən daşındıra bilmədik, lakin bunu heç gözləmirdik də".

İsrailli nazir Fələstin dövlətçiliyinin mümkünlüyü ilə bağlı suala cavab verməkdən imtina edib. O, İsrailli girovların fotoşəkillərini tutaraq, İsrailin HƏMAS-ı məhv etmək kampaniyasına dəstək vermək üçün gəldiyini söyləyib. Nazir jurnalistlərə açıqlamasında "Təhlükəsizliyimizi bərpa etməliyik. Cəsur əsgərlərimiz çox çətin şəraitdə döyüşür" deyib.

Qeyd edək ki, bundan əvvəl xarici media Avropa İttifaqının İsrail-Fələstin münaqişəsinin "etibarlı, hərtərəfli həlli" üçün 10 bəndlik plan hazırladığını bildirib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->