Xəbər lenti

Aİ ilə əməkdaşlığın Azərbaycan üçün hansı iqtisadi perspektivləri var?
Aydın Səlimli
phrase_var_qaynar. 12:36 12.04.2021

Aİ ilə əməkdaşlığın Azərbaycan üçün hansı iqtisadi perspektivləri var?

Hətta koronovirus pandemiyasına baxmayaraq, Azərbaycanla Avropa İttifaqı arasında Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində əməkdaşlıq davam edir.   

Azərbaycanda bu ərəfələrdə Avropa İttifaqı ilə Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində  əməkdaşlığa dair yeni saziş layihəsi üzərində danışıqların davam etdiyi bildirilir. Rəsmilərin məlumatına əsasən, müqavilənin 90%-i razılaşdırılıb. Xüsusilə qeyd edilir ki, razılaşmanı siyasi tərəfi üzərində tam anlaşma əldə olunub, əsas 10% razılaşdırılmayan hissə daha çox iqtisadi sahələrlə bağlıdır. 

Azərbaycanın bu anlaşmanı imzalayıb-imzalamayacağını zaman göstərəcək.

Hazırda iqtisadi baxımdan yanaşsaq, Avropa İttifaqı ölkələri bizim üçün neft və qazımızı satmaq üçün stabil bir bazar olaraq qalır. Avropa İttifaqının idxal etdiyi qazın 5%-i Azərbaycanın hesabına təmin edilir. Amma demək olmaz ki, biz nefti və qazı yalnız Avropa İttifaqı ilə bir qurum kimi razılıq əsasında satırıq. Hazırda Azərbaycanın Avropa ölkələri ilə ikitərfli əməkdaşlığı daha çox nəzərə çarpır. Misal üçün, TAP (Trans Adriatik Boru Kəməri) vasitəsilə bizim Bolqarıstana 33%,Yunanıstana 20%, İtaliyaya isə 13% təbii qazımız çatdırılacaq. Demək olmaz ki, sabah Avropa İttifaqı ilə münasibətlərimizin isti və ya soyuq olmasından aslı olaraq yuxarıda adını sadaladığımız ölkələr bizim qazımızı almayacaqlar.

Amma digər tərəfdən baxsaq, Avropa İttifaqı bir qurum olaraq Azərbaycan və region üçün mühüm önəm daşıyan Bakı Dəniz Limanı, Bakı-Tblisi-Qars və digər önəmli layihələrin gerçəkləşməsində siyasi və iqtisadi cəhətdən  ciddi rol oynamışdır.

Həmçinin, Avropa İttifaqı Avropa Qonşuluq İnstrumenti çərçivəsində ümumilikdə 4 prioritet istaqmətdə (daha güclü İqtisadiyyat, İdarəetmə, Əlaqələr və Cəmiyyət) Azərbaycanda müxtəlif növ layihələrin gerçəkləşməsinə ciddi dəstək vermişdir.

Keçmiş sovet ölkələri olan Gürcüstan, Ukrayna, Moldova İttifaqla əlaqələri daha da inkişaf etdirmişdir. Bu ölkələrdən öz məhsullarını Avropa İttifaqına ixrac edən şirkətlərin sayı 2015-ci ildən bəri Gürcüstanda 35%, Moldovada 40% və Ukraynada isə 26%  olmaqla əhəmiyyətli dərəcədə artmışdır.
Həmçinin Birbaşa Xarici İnvestisiyaların qoyuluşunda da artım baş vermişdir.

Belə ki, Gürcüstanın nümunəsində baxsaq, 2000-ci illərdə bu ölkədə biznes sahəsində həyata keçirilən Qərb yönümlü reformaların nəticəsində  2006-2007-ci illərdə İqtisadiyyata Birbaşa Xarici İnvestisiya qoyuluşu ölkənin Ümumi Daxili Məhsulunun 15-20%-ni, 2006-2015-ci illərdə isə (Azərbaycandan da gələn transport və kommunikasiya sahələrinə invesitisiyalar da daxil olmaqla)  ümumilikdə  10 milyard dollar təşkil edən bu xarici investisiyalar 2015-ci ildə artıq Gürcüstanın Ümumi Daxili Məhsulunun 90%-ni əhatə etmişdir.

Bundan başqa, Avropa İttifaqının bu ölkələrlə əlavə olaraq vizasız – sərbəst səyahət rejiminə keçidi, ixracın sadələşdirilməsi və şaxələndirilməsi, təhsil və digər sahələrdə sıx əməkdaşlığı əhalinin ümumi rifah səviyyəsinə də ciddi təsir göstərmişdir. 

Azərbaycanın bu müqaviləni imzalaması üçün hansı zəmin var ?

Azərbaycandakı son illərdəki durumu iqtisadi nöqteyi nəzərdən təhlil etsək, ölkə 2014-2015-ci illərdə neft qiymətlərinin kəskin düşməsi, milli valyutanın təxminən 2 dəfəyə yaxın ucuzlaşması səbəbindən həyəcanlanmalar yaşamaqda davam edir. 2015-2019-cu illərdə ölkədə iqtisadi böhrandan çıxmaq üçün vergi, gömrük, maliyyə sahəsində bir çox yeniliklər tətbiq olundu.

Ancaq bank sektorunda problemli kreditlərin qalması, dövlət şirkətlərinin getdikcə artan borc yükü, gəlirliyin olmaması, həmçinin, Azərbaycanın ixracının və dövlət büdcəsinin böyük ölçüdə hələ də neftdən asılı olması və digər problemlər tam həll olunmamış şəkildə qalır.

Üstəlik 2020-ci ildə başlanan və elə bu gündə davam edən "Covid-19” pandemiyası da Azərbaycanın iqtisadiyyatına çox güclü dərəcədə mənfi təsir göstərmişdir. Belə ki, koronavirusun ölkə iqtisadiyyatına vurduğu zərərlər hesablanmaqda davam etsə də , təkcə bir misalı göstərmək kifayətdir ki, ölkədə bu ilin aprel-may aylarında işsiz və xüsusi karantin rejiminə görə gəlirini itirən, qeyri-formal işləyən şəxslərdən ibarət aztəminatlı 600 min nəfərə, sonralar isə sərtləşdirilmiş karantin rejimi tətbiq olunan müəyyən rayonlar üzrə bu şəxslərin bir qisminə təkrar birdəfəlik ödəmələr verilibdir.Ümumilikdə ötən ildə 190 manatlıq birdəfəlik ödəmələrin verilməsi üçün 450 milyon manat vəsait sərf olunub. Müstəqil ekspertlərin fikirincə isə, bu müavinəti ala bilməyən və hələ də ağır şəraitdə qalan insanların ümumi sayı göstərilən ədəddən 400-500 min nəfər çoxdur. Bu şəxslərin hansı hissəsinin yenidən əmək bazarında yer tuta biləcəyi ilə bağlı hələki birmənalı fikir yoxdur. Həmçinin real iqtisadi hesablamalar göstərir ki, hal-hazırda Azərbaycanın ümumdaxili məhsulu 2015-ci il səviyyəsindədir və belə güman edilir ki, 2024-cü ildə ölkə iqtisadiyyatı 2019-cu ildəki ÜDM-un səviyyəsinə gəlib çata bilər.

Biz bu məsələyə nikbin baxardıq, pandemiyadan sonra dünya iqtisadiyyatının oyanması, müxtəlif iqtisadi sahələrdə aktivlik və həmçinin Qarabağın yenidən qurulmasında yaranacaq iqtisadi hərəkətlilik Azərbaycanın gələcək iqtisadi inkişafına inam göstərir. Azərbaycan bu problemlərin bir çoxunu həll edəcək iqtidarda görünür. Ancaq önəmli faktor odur ki, əgər iqtisadiyyatda  real rəqabət mühiti formalaşa bilməsə, dövlətin iqtisadiyyata birbaşa müdaxiləsi azalmasa, ixrac şaxələnməsə, büdcəyə Neft Fondundan köçürmələr azalmasa, bank- maliyyə sektoru, həmçinin gömrük sistemi, əhalinin sosial rifah məsələləri, dövlət-vətəndaş münasibətləri normallaşmasa bu uğur sadəcə, müvəqqəti xarakter daşıyacaq.

Avropa İttifaqı ilə münasibətlərin irəliləməsi, Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində saziş və layihələrə qoşulmaq Azərbaycanın iqtisadiyyatının daha dayanıqlı əsaslarda inkişafı üçün zəmin yaradar, həm də əhalinin rifah səviyyəsinin artırılmasında, ixracın şaxələnməsində, xarici investisiyaların ölkəyə gətirilməsində, ölkədə real iqtisadi rəqabət sisteminin formalaşdırılmasında, Avropadakı iqtisadiyyat və idarəetmədə sahəsindəki mövcud bilik və bacarıqların istifadə edilməsində çox böyük rol oynaya bilər.

Şərq Tərəfdaşlığı Proqramının alternativi varmı?

Region ölkələri üçün  Şərq Tərəfdaşlığına  alternativ olaraq bir çox hallarda Avrasiya İqtisadi Birliyi göstərilir. Bu təşkilat yaranandan bir neçə il sonra, 2014-2019-ci illərdə təşkilata üzv ölkələrdə istehsal olunan və yaxud daşınan məhsulların sərbəst ticarətində geriləmə müşahidə olundu.Təhlillər göstərir ki, bir-birilərinə qarşı sabit, dayanıqlı tarif və kvotalardan istifadə edə bilməyən quruma üzv ölkələr, bir çox hallarda öz siyasi və iqtisadi mənafelərini önə çəkmək üçün sanitariya və baytarlıq nəzarətindən, digər  inzibati maneələrdən geniş istifadə edirlər.Uzun müddətdir ki, vəd edilmiş ümumi sanitariya və baytarlıq nəzarəti orqanının yaradılması isə üzv ölkələr üçün uzaq və məchul bir hədəf olaraq qalır. 

Həmçinin üzv ölkələrin neftin qiymətindəki qalxmalardan və enmələrdən asılı olaraq milli valyutalarının dəyər itirməsi nəticəsində onların ticarət dövrüyyəsində də qeyri-stabil dalğalanmalar baş verir – özü də ardıcıl olaraq. 

Bir çox mənbələr üzv ölkələrin 2025-ci il üçün vahid tarif istiqamətində neft, qaz və elektrik bazarlarına çıxış etməyi  planlaşdırdığını bildirsələr də, hələki bu bazarların necə işləyə biləcəyi ilə bağlı heç bir qərar verilməyibdir.

Bu barədə yazarkən Uinston Çörçilin məhşur fikri yadıma düşür: "Sosializm bir uğursuzluq fəlsəfəsidir, cəhalət inancındadır və həsəd müjdəsidir, onun fəziləti səfalətin bərabər bölüşülməsidir.”  

Rusiyanın qlobal layihələrinin bir çoxunun mahiyyəti Qərbin Rusiyaya qarşı yönəltdiyi təzyiq və sanksiyaları digər post-sovet ölkələrinə də şamil etməkdir. Burada sosialist təcrübəsi ilə anologiya aparmamaq demək olar ki, mümkün deyil və məhz bu səbəbdən də böyük Çörçilin bu məhşur fikri yada düşdü.
Digər tərəfdən isə, bizə daha maraqlı təkliflər verən, ölkənimizi inkişaf etdirə biləcək Qərb Düşərgəsi ölkələri, onların çoxlu sayıda program və layihələri, inteqrasiya formatları var. Həm də əgər məqsəd Azərbaycan insanının sosial rifah səviyyəsinin inkişaf etdirilməsidirsə, nəyə görə biz iqtisadi cəhətdən bu qədər faydalı layihələrdən yan keçək?

Bəzən deyirlər ki, guya Qərb Azərbaycan insanına, onun mental dəyərlərinə yaddır.Amma unutmayaq ki, Azərbaycan Qərbçiliyinin iki əsrdən artıq tarixi vardır və bu tarix böyük Mirzə Fətəli Axundzadədən başlayır. Bu isə o deməkdir ki, müasir Azərbaycanın Avropaya inteqrasiya etməsi üçün ciddi tarixi və mədəni özüllər vardır.

Aydın Səlimli

Oxşar xəbərlər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->