Avropa Liqasının qrup mərhələsinin V turu çərçivəsində "Nant”la qarşılaşan "Qarabağ” Fransadan məğlubiyyətlə qayıtdı. Komandanın məğlubiyyətinin əsas səbəbkarlarından biri isə qapıçı Şahruddin Məhəmmədəliyev oldu. Bəzi vacib qurtarışlarına rəğmən onun 17-ci dəqiqədə buraxdığı səhv qolla nəticələndi.
Komandanın, xüsusən də qolkiperin oyunu ilə bağlı veteran qapıçı, millimizin sabiq üzvü Fərhad Vəliyev fikirlərini bölüşüb. O, Qaynarinfo-ya açıqlamasında bunları söyləyib:
"Ümumi götürəndə "Qarabağ” yaxşı çıxış elədi. Bir neçə qol vəziyyəti yaratsalar da, istifadə olunmadı. Sonluq çatmırdı. Məsələn, Ovusunun real qol şansları oldu, amma istifadə edə bilmədi. Əlbəttə, sonda buraxılan qol üzücü oldu”.
Vəliyev Şahruddinin tez-tez riskə yol verməsinin onun mənfi cəhətlərindən olduğunu da bildirir:
"Şahruddin hücumu arxa xətdən qurmaq istədi. Bu bir qədər təhlükəlidir. O, komanda yoldaşına ötürmə etmək istədi, amma səhvə yol verdi. Hansı ki, bu səhv baha başa gəldi. Düşünürəm ki, onun qurtarışları daha çox oldu. Son oyunlarda Şahruddin yaxşı çıxış edirdi. Bir neçə oyunda belə səhvlərə yol verib. Bu qapıçıda heç bir oyunda həyəcan görmürəm. Əksinə rahat oynayır. Bəlkə də hədindən artıq rahatlıq onun belə səhvə yol verməsinə gətirib çıxardı. O, riskə deyil, sadə oyuna üstünlük verməli olduğunu düşünməlidir. Riskə yol verməsi onun mənfi cəhətlərindəndir. Arxada ötürmələr etmək istəyir ki, gözəl və dəqiq alınsın. Bu da səhvə yol açır. Daha güvənli oynasa, yaxşı olar. Ola bilər çıxışlarda da səhvləri var. Amma yaxşı tərəfləri də görünür, komandaya kömək edir”.
Səbuhi Həsənov
Şərhlər