Xəbər lenti

Ağır qəzaya düşən Elxan Səmədov və Aslan Şahgəldiyevdən xəbər var
İdman 13:29 06.04.2024

Ağır qəzaya düşən Elxan Səmədov və Aslan Şahgəldiyevdən xəbər var

Xankəndi şəhəri istiqamətindəki yolda qəzaya düşən Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov bir neçə gündən sonra ayağa qalxacaq, vitse-prezident Aslan Şahgəldiyev isə evə buraxılacaq.

Bu barədə "Report”a "Liv Bona Dea Hospital”ın ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Samir Oruc məlumat verib.

Klinika rəsmisi bildirib ki, PFL rəhbəri müəyyən dəstəklə gəzə biləcək: "Elxan Səmədov fizioterapiya və reabilitasiya proseslərini davam etdirir. Bu proses önümüzdəki bir neçə ay ərzində intensiv şəkildə davam edəcək. Hazırda vəziyyəti yaxşıdır. Hərəkət məhdudiyyətinin aradan qaldırılması üçün bir neçə gün sonra ayağa qalxa biləcək. Ancaq müəyyən dəstəklə hərəkəti mümkün olacaq”.

Vitse-prezident Aslan Şahgəldiyev isə Ramazan bayramının ardından klinikadan buraxılacaq: "Aslan Şahgəldiyevin durumu kifayət qədər yaxşıdır. Aprelin 15-dən sonra evə buraxılması planlaşdırılır. Təbii ki, ondan sonra da müayinələr və fizioterapiya prosedurları üçün gələcək”.

Qeyd edək ki, hadisə 2023-cü il dekabrın 16-da Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində baş verib. Bakı şəhər sakini Rasim Qafarlının idarə etdiyi "Mercedes Vito” markalı avtomobil Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yol nişanına çırpılıb. Nəticədə PFL prezidenti Elxan Səmədov, vitse-prezident Aslan Şahgəldiyev, icraçı direktor Zaur Hacı-Məhərrəmov, media və marketinq direktoru Sənan Abdullayev, texniki-idman direktoru Elgiz Abbasov və sürücü Rasim Qafarlı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->