19 yaşlı futzalçılardan ibarət komandalar arasında Avropa çempionatına start verildi. 5-ci qrupda yer alan millimiz ötən gün Fransa ilə qarşılaşdı. U-19-un əsas baş məşqçisi Ağatahir Əzimovun səhhətində yaranan problemdən sonra müvəqqəti olaraq İlqar Aslanova tapşırılan kollektiv meydana çıxdığı ilk görüşdə 0:5 hesabı ilə məğlubiyyətə uğradı. Bu gün qrupda növbəti matçını keçirəcək millimiz Bosniya və Hersoqovinadan olan həmyaşıdları ilə qarşılaşacaq.
Əzimov fransızlar və qarşıdakı matçlarla bağlı Qaynarinfo-ya fikirlərini bildirib. Əvvəlcə səhhəti ilə bağlı danışan mütəxəssis gənc futzalçıların üzləşdiyi problemləri də qabardıb:
"Ayın 16-da əməliyyat olundum. Hazırda hər şey yaxşıdır. Dünən evə buraxıblar. Həkimlər ürəyin düzgün işləməsi, ciyərlərin tam açılması üçün gəzmək lazım olduğunu bildirdilər. İnşallah bir-iki aya tam sağalaram. Açıq ürək əməliyyatı idi, stend qoyulmadı. Əsas damar 80 faiz bağlandığı üçün gəzə bilmirdim, üç addımdan sonra boğulurdum. Bir-iki aya işimə qayıda bilərəm”.
Keçmiş futzalçı sağalandan sonra məşqçilik karyerasını davam etdirmək istədiyini də söylədi:
"Özümü çox yaxşı hiss edirəm. Əlbəttə, qayıtmaq fikrindəyəm. Həyatımın çox hissəsi bu idmanla bağlıdır. Bu mənim işimdir. Lazım olsa yenidən işləyəcəyəm. Hələ ki, yığmanın baş məşqçisi mənəm. AFFA-dan bu barədə heç nə deməyiblər. Lazımi köməkliyi göstərə biləcəklərini deyiblər. İlqar müəllim məni əvəz edir. Heç bir problem yoxdur. Onsuz da U-17 və U-19 yaradılandan İlqar müəllimlə daim əlaqədəyik. Bir-birimizə kömək edirik. Yəni o, komandanın içinə birdən-birə düşməyib. Baxmayaraq ki, bu uşaqlarla daha çox mən işləmişəm. Əlbəttə, yarışın başlamasına bir həftə qalmış komandanı formalaşdırıb səfərə aparmaq çox çətindir”.
Əzimov fransızlarla oyunu izlədiyini də dedi:
"7 ay əvvəl zal üzü görməyən insanlar meydana çıxmışdı. Görünür ki, nəsə etmək istəyirlər. Fransa bizdən heç də 5 baş güclü görünmürdü. Uşaqlar döyüşürdü, əllərini qaldırıb təslim olmamışdılar. Düzdür, zəif oynadıq, uduzduq. Ancaq 3-5 il məşq etsələr, bu uşaqlar əməlli-başlı oynayacaqlar. Bizdə məktəb olmadığına görə bu uşaqları buraxandan sonra yenilərini, küçələrdən, məhlələrdən, ordan-burdan yığmağa məcbur oluruq. Böyük futboldan heç kim yaxşı oyunçu vermir. Biz də zəif uşaqları götürüb, öyrətməyə, özü də milli komandaya hazırlamağa məcburuq. Keçən dəfə uduzmuşduq, ağızlarına gələni yazmışdılar. Dedim, gəlin zala girin, uşaqlara baxın, ayaqlarında top saxlaya bilirlərsə, gəlin üzümə tüpürün. Çünki onlar futzal yox, futbol oynayıblar. Bu növlər, top, meydança, hər şey fərqlidir. Belə uşaqları 7 ay hazırlayıb Avropa səviyyəsinə çatdırmağım böyük işdir. Razıyam, uduzmaq olmaz. Heç kim bunu istəmir. Amma uşaqları hazırlamaq da çətindir. Elə bil ki, birinci sinif uşağını instituta hazırlayırsınız. Qısa müddətdə uşağı hazırlamağa imkan yoxdur. Çünki bünövrəsi olmadığına görə mənimsəyə bilmir. Mən ona top saxlamağı, ötürmə etməyi öyrədirəm. Fransanı izləyirdim. Biz komandanı avqustda yığmışıq. Ancaq onlar neçə müddətdir məşq edirlər. Uşaq məktəbləri işləyir. Son iki-üç ayda fransızlar, mən bildiyimə görə, bəlkə 20-yə yaxın oyun keçiriblər. İki beynəlxalq turnirdə iştirak ediblər. Hansı ki, hər turnirdə 6-7 komanda olub. Bu təcrübədir. Mənim uşaqlarım isə Biləcəridən o tərəfə keçməyib, təyyarə görməyiblər. Yalnız ölkə çempionatında oynayırlar”.
Baş məşqçi yığmamızın bu gün Bosniya və Hersoqovina ilə keçirəcəyi oyununa da toxunub:
"Sizi inandırım ki, Bosniya və Hersoqovina bəlkə Fransadan da güclüdür. Çünki heç bir turnir buraxmırlar. Ümumiyyətlə, keçmiş Yuqoslaviya ölkələrinin futzalçıları, hamısı at kimidir. Onların uşaqları məndən 10-15 santimetr hündürdür. Ayağında yarım metrlik tatuaj var. Bizim uşaqlar onları arxadan görəndə qorxurlar (gülür). Yalnız üzlərinə baxanda görürsən ki, uşaqdırlar. Arxadan baxanda, elə bilirsən əjdaha dayanıb. Bunlar 6-7 yaşından məktəblərdə öyrənirlər. Görün neçə illərdir məşq edirlər. Hər şeyə real baxmaq lazımdır. Mən Azərbaycan futzalının gələcəyini düşünürəm. Heç olmasa 5-10 nəfər hazırlayım ki, beş ildən sonra millini braziliyalılar deyil, azərbaycanlı uşaqlar təmsil etsinlər. Keçənilki heyətdən "Araz-Naxçıvan”a 4 futzalçı gedib. "Neftçi”yə 4, A milliyə 2 futzalçımız çağırılıb. Deməli, qısa müddətdə nəsə etmişik. Potensiallı uşaqlar var. Məktəblər olsa, onları yetişdirərik”.
Mütəxəssis Yunanıstanla oyunda millimizdən qələbə gözlədiyini də dedi:
"Yunanıstanla oyunda qələbə gözləyirəm. Yunanları izləyə bilməmişəm. Çünki onlar da bizim kimi, heç bir yerdə görünmürlər. Çox güman onlar da heç bir turnirdə iştirak etmirlər. Ancaq Bosniya və Hersoqovina ilə çox çətin olacaq. Uşaqlara həmişə demişəm ki, çıxıb kişi kimi döyüşsünlər, canlarını qoysunlar. Fransa ilə oyunda da mübarizə apardılar. Sadəcə, məktəb və təcrübə çatışmır”.
Komandanın sükanı arxasında səfər yollanan İlqar Aslanov baş məşqçidən məsləhət alıb və ya hansısa dəyişiklikləri həyata keçiribmi?
"Xəstələnəndə İlqar müəllimlə görüşdüm, oyun stilimiz haqda məlumat verdim. Dedim ki, bir həftə ərzində onları başqa cür öyrədə bilməyəcəksən. Bu rəqiblərə qarşı "romb” üsulunda oynaya bilmərik. Çünki bunun üçün baş kompüter kimi işləməlidir. O da bunlarda yoxdur. Qalan məsələlərə qarışa bilməzdim. Kimisə komandaya götürməyi, səfərə aparmağı deməmişəm. Bu artıq öz seçimidir. Demək olar, heyət mən gözlədiyim kimi idi. Ola bilər bir nəfərlə bağlı dəyişiklik edərdim. 90 faiz eyni düşünmüşük. Oyunda da mən düşündüyüm futzalçılardan daha çox istifadə edib. Ordan-burdan, kimlərəsə yalvara-yalvara 5-10 uşaq toplamışıq, onları öyrədirik. Gördüm ki, can yandırırlar. Yaxşı olacağına inanıram”.
Səbuhi Həsənov
Şərhlər