Bu gün 19 yaşadək futzalçılardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin püşkü atılacaq. Azərbaycan da sözügedən turnirdə təmsil olunacaq. Baş məşqçi Ağatahir Əzimovun rəhbərlik ediyi millimizdən gözləntilər böyük olmasa da, müəyyən nəticələrə imza atacağına inam var. Bəs baş məşqçi nə düşünür?
Mütəxəssis Qaynarinfo-ya açıqlamasında püşkatma ilə bağlı fikirlərini bildirib:
"Xorvatiyada məğlub olub qayıdanda jurnalistlər bunun səbəbini soruşmuşdular. Dedim ki, uşaqları yığırıq, 8-9 ay məşq keçib Avropa çempionatına yollanırıq. Yəni, elə bilin ki, birinci sinif uşaqları ilə instituta qəbul olmağa gedirik. Belədə isə alınmır. Çünki məktəb olmalıdır, futzalçıları uşaqlıqdan yetişdirməliyik. Böyük futbolda lazım olmayan oyunçuları tapıb gətirirəm, onlardan nəsə düzəltməyə başlayıram. Düzdür, oynayırlar, "artırırlar”, amma o səviyyəyə çatmırlar. Lazım olan səviyyəyə çatmaları üçün onlarla 3-4 il işləməlisən.
Əvvəla, rəqiblərin fiziki hazırlığı daha yüksəkdir, boyları uzundur. Görünür ki, bünövrələri var. Yəni fiziki hazırlıqdan, gücdən danışıram. 10 il komandamızda məşq edən uşağı trenajora aparıram, ayaqla işləməli olduğu qurğuya başını soxur. Soruşuram ki, 10 ildir böyük futboldasan, trenajora aparmayıblar? Deyir "yox”. Trenajora getməyən 17 yaşlı uşağın nə gücü ola bilər? Biz uşaqları yığanda gəlin baxın, heç top saxlaya, ötürə bilmirlər. Canlı səddin nə olduğunu anlamırlar. Hansı ki, bu gün yüksək dəstədə biz belə uşaqlarla oynayırıq. Düzdür, uduzuruq, amma gündən-günə yaxşılaşırlar. Biz onlara məşq keçməyə demək olar sıfırdan başlayırıq. Federasiya bu ildən U-17 komandasını yaradıb ki, bizim yaş qrupuna çatanda nədənsə anlayışları olsun. Sonra da uduzanda deyirlər ki, məşqçi günahkardır. Məşqçi neyləsin? Mən çıxıb oynamalıyam? Yoxdur, oynaya bilmirik”.
Əzimov ölkələrin çoxunda Azərbaycandan fərqli olaraq futzal məktəblərinin fəaliyyət göstərdiyini deyir:
"Bəzən elə nəsil gəlir ki, güclü və ya əksinə olur. Məsələn, keçən ilki komandamızla Moldova millisinə 10 qol vurmuşduq. O vaxtı bizdən zəif idilər. İndi bilmirəm, bəlkə də güclü olarlar. Ölkələrin çoxunda uşaq məktəbləri var. Latviyada U-19-ların çempionatı keçirilir. Mən də rəhbərlikdən xahiş etmişəm ki, komandamız yüksək dəstədə oynasın. Eybi yox, razıyam, uduzaq, amma onlardan nəsə öyrənək”.
Veteran futzalçı püşkatma zamanı millimizin reytinqdə daha güclü rəqiblərlə düşəcəyini anladığını, buna rəğmən boşuna çalışmadıqlarını da deyir:
"Onlar birinci mərhələdən başlayacaqlar. Aşağı reytinqli qruplardan komandalar gələcək, amma bizimlə rəqib olmayacaqlar. Çünki dördüncü səbətdəyik. Ümumilikdə 7 qrupdur. Yəni, qrupumuza düşən hər üç komanda reytinqdə bizdən yüksək olacaq. Biz də uğur qazanmaq istəyirik. Rəqib güclüdürsə uduzmağımız normaldır. Mən ona görə çalışıram ki, heç olmasa öz futzalçılarımızı yetişdirim, gələcəkdə millimizdə braziliyalılar olmasın. Bu gün "Araz-Naxçıvan”da üç oyunçum var. Onlardan biri Xəzər Ağəlizadə, digəri Cavad Məmmədovdur. Azər Fərmanov da "Araz-Naxçıvan”dadır, üçüncü qapıçı kimi. "Neftçi”də, "Baku Fire”də, digər Birinci Divizion komandalarında oyunçularım var. Bəlkə də bir neçə ildən sonra onların 90 faizi millidə oynayacaq. Boşuna çalışmıram, nəsə alındırıram. Əvvəllər heç bunlar da yox idi. Son illər müəyyən irəliləyişlər var”.
Səbuhi Həsənov
Şərhlər