Xəbər lenti

Ağasəlim Mircavadov: “Buna məəttəl qalmışam”
İdman 19:20 12.01.2024

Ağasəlim Mircavadov: “Buna məəttəl qalmışam”

Azərbaycanın təcrübəli məşqçilərindən olan Ağasəlim Mircavadov Premyer Liqanın geridə qalan hissəsini dəyərləndirib.

O, Qaynarinfo-ya açıqlamasında ayrı-ayrı klubların çıxışına toxunub, akademiyalarla bağlı problemləri qabardıb, hətta kimin çempion olacağını proqnozlaşdırdığını deyib:

"Açığı, məni təəccübləndirən nəsə olmadı. Yeni, gənc futbolçularla bağlı istədiyimizi görmədik. Bilirsiniz, 8 və 10 klublu çempionat arasında fərq böyükdür. İndi gərginlik var, amma istədiyimizi ala bilmirik. Düşünürəm ki, Azərbaycanda 12 klublu çempionat keçirmək yaxşı olardı. Hansı ki, daha iki klub da bölgələrimizi təmsil etsin. Təzyiqlər çox olardı, məşqçilər də təcrübələrini artırar, taktiki gedişlərini genişləndirərdilər”.

Mircavadov futbolçuların keyfiyyətinin aşağı düşdüyünü bildirib:

"Son illərdə keyfiyyət aşağı düşüb. Bu il komandaların baş məşqçiləri çox həyəcanlıdırlar. Onları anlayıram, yerli, keyfiyyətli oyunçuların sayı azdır. Hətta U-21-in üzvləri də əziyyət çəkirlər. Oyunlara gedib-gəlirəm, görürəm. Əksəriyyəti Birinci Liqa və əvəzedicilərin çempionatında oynayır. Əsas heyətdə nadir hallarda şans qazanırlar. Onlara niyə güvənilmədiyinin səbəbini bilmirəm. Biri var klublar akademiyanı məcburən, biri də var məqsədli şəkildə yaradırlar. Akademiya ona görə yaradılır ki, 5-10 il sonra bəhrəsini görsünlər. Məşqçilər Komitəsi olaraq 3-4 il əvvəl bütün akademiyalara baxdıq və rəhbərliyə bildirdik ki, onların vəziyyəti yaxşı deyil. Bir neçəsi istisnadır. Məsələn "Qəbələ”ni göstərə bilərəm ki, akademiyası yaxşıdır. Ümumiyyətlə bir meydançada ki, qruplar məşq etmək üçün digər qrupların çıxmasını gözləyirsə, bu meydançaların azlığından xəbər verir. Şərait olaraq yaxşı akademiyaların sayı azdır. Harda görünüb ki, 14-15 yaşlı uşaqlar meydanmçanın yarısında məşq etsin? Yaxud da akademiyalar var ki, bir meydançasında eyni zamanda iki qrup məşq edir. Stadion tikməklə meydançalar salmağın fərqi böyükdür. Meydançaların sayı artmalıdır. Uzağa getməyək, elə Antalyanı nümunə göstərim. Hər meydançada bir qrup məşq edir. Meydança o demək deyil ki, mütləq tribuna da olmalıdır. Bunlara da fikir vermək lazımdır. Şərait olmayan yerdə inkişaf getməz. Ona görə də yerli futbolçuların keyfiyyəti çox azdır”.

Şöhrət ordenli mütəxəssis ayrı-ayrı komandaların durumu haqda fikirlərini söyləyib:

"Stabil olmaq üçün şəraitdən əlavə, məşqçi amili də böyük rol oynayır. Klublarda işləyəndə oyunçuları məhz özümüz, yəni məşqçilər korupusu olaraq seçməyə çalışırdıq. Bəyəndikdən sonra rəhbərliyə məlumat verirdik və maliyyə ilə bağlı məsələləri özləri həll edirdilər. Amma çox vaxt eşidirəm ki, məşqçilərə hazır futbolçu verirlər və onunla işləməyi tapşırırlar. Oyunçunu məşqçilər korpusu seçməli və oynatmalıdır. Bu mənada "Qarabağ” və "Zirə”ni misal göstərə bilərəm ki, orada futbolçuları məhz məşqçilər seçir, amma maliyyə məsələlərini klub özü həll edir. Adlarını çəkmək istəmədiyim bəzi klublarda isə durum fərqlidir. Yayda oyunçunu alırlar, qışda satırlar. Belə şeyləri görəndə hirslənirəm. Harda görmüsən belə olduğunu? Bir oyunçuda səhvə yol verə bilərsən. Amma iki-üç nəfəri yayda alıb qışda satmaq, yaxud hansısa kluba icarəyə vermək nə deməkdir? Mən bunu faciə sayıram. Stabillik məşqçilər korpusunun ideyasından və seçimlərindən asılıdır. "Sabah”a görə sevinirdik ki, inkişafda olan klub tapmışıq. Yaxşı oyunçular, keyfiyyət, mübarizə vardı. Amma iki oyunçunun getməsi ilə komandanın bu vəziyyətə düşməsi bambaşqa məsələlərdən xəbər verir. Bu yaxınlarda sual verdilər ki, "Sabah” İsayevi niyə "Qarabağ”a satdı. Cavab verdim ki, bu amillər də vacibdir. Futbolçu ola bilər ki, daha yaxşı oynayır. Belədə hiss olunur ki, daha artqı maliyyə istəyir. Lakin klubdan aldığı məvacib onu qane etmir. Düşünürəm ki, "Sabah” gələn mövsüm üçün hazırlaşır”.

Mircavadov sabiq klubu "Neftçi” haqda düşüncələrini də bölüşüb:

"Bir məşqçini dəvət etmək üçün onun iş prinsiplərini bilməlisən. Bir də hansı ölkədən olduğunu, mentalitetimizi bəyənib-bəyənmədiyini öyrənmək lazımdır. Sevgisi, istəyi olmalıdır. Avropada nadir hallarda baş məşqçiləri dəyişirlər. Çünki inanırlar. Karlo Ançelotti səhv etmirəmsə, "Real”la 2026-cı ilə qədər müqavilə bağladı. SSRİ dönəmində partiyanın dediyi qanun idi. İndi azadlıqdır və bunun içərisində sevgi, ünsiyyət tapmalısan. Məşqçi oyunçulara hörmət edirsə, qarşılığını görməlidir. Futbol bu şəkildə inkişaf edir. Hökmlə heç nə etmək mümkün deyil. Bunun üçün taktiki gedişləri futbolçulara mənimsətməlisən. "Neftçi”də tez-tez məşqçi dəyişikliyi olub. Bu vəziyyət heç vaxt uğur gətirmir. Yeni baş məşqçinin siyahısına baxdım, 24-25 klub dəyişib. Bir də istəyirəm ki, rəhbərlik heç olmasa bir gözü ilə yerli məşqçilərə də baxsın. Onlara hörmətlə yanaşsın. Bu klub tərəfindən yerli məşqçilərə hörmət edilmir. Bir də maraqlıdır ki, idman direktorunu İsveçdən gətiriblər. Buna məəttəl qalmışam, çünki uyğun gəlmir. Fikrimcə, seçim düzgün deyil. Onun futbola baxışı skandinaviya ölkələrinə uyğundur. Orada güc futbolu daha önəmlidir. Topla oynamaq, texnika ikinci dərəcəlidir. Açığı, bu seçimi anlaya bilmədim. Öz baxışına görə "Neftçi”yə layiq olub-olmayacağını demək çətindir. Ümumiyyətlə "Neftçi”yə baxanda heyifsilənirəm. Oyunçuların azarkeşlərə qarşı istəyi yoxdur. Futbolçu hər şeydən əvvəl kimin üçün oynadığını düşünməlidir. "Neftçi”nin tarixi var, orada dahi insanlar işləyib və oynayıblar”.

O, "Qarabağ”ın çempion olacağını əvvəldən proqnozlaşdırıb:

"Hələ oktyabr ayında "Qarabağ”ın çempion olacağını demişəm. Düzdür komanda mövsümə zəif start verdi. Amma ümidli idim ki, özlərinə gələcəklər. Belə də oldu. Həm avrokuboklarda, həm də ölkə çempionatında gözəl oynadılar. Hazırda digər rəqiblərlə arada xeyli xal fərqi yaranıb”.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->