Xəbər lenti

İdman 10:26 08.07.2024

"Ağabala ilə "salam-sağol" var, qardaşı isə boş-boş danışır" - Coşqun Diniyev atası ilə bağlı tənqidlərdən danışdı

Millimizin futbolçusu Coşqun Diniyev Prosport.Az saytına eksklüziv müsahibə verib.

Müsahibənin II hissəsində 28 yaşlı futbolçu mediadan qaçmasından, milliyə düşməsi ilə bağlı yazılanlardan danışıb, atasının çalışdırdığı "Səbail"ə qiymət verib, Zaur Ramazanovun məlum tənqidi fikirlərinə reaksiya verib və Gürcüstan millisinin uğurundan danışıb.


– Türkiyədən qayıdaq Azərbaycana. Mediaya müsahibə vermirsiniz. Mətbuatdan qaçmağınızın səbəbi millidəki karyeranızla, yoxsa atanız Şahin Diniyevlə bağlı yazılardır?
– Bu barədə peşəkar futbolçu kimi danışmayacağam. İçimdən nə demək istəyirəmsə, onu dilə gətirəcəyəm. Mən mediada özümə aid tənqidi yazıya heç bir vaxt fikir verməmişəm. Nə yazılıbsa, mənə onu göstəriləndə də demişəm ki, haqlıdırlar. Yəni, milli ilə bağlı haqqımda nəsə yazmalarında heç bir problem yoxdur. Sadəcə, atamla bağlı hansısa mətbuat nümayəndəsi sırf onu qaralamaq niyyəti ilə əsassız tənqid yazır. Ona görə də mediadan aralı dururam. Buna küsmək deməyək, amma mediadan uzaq qaçıram. Bir oğul kimi atam haqqında bilib-bilmədən yalan-yanlış informasiyaların yazılmasını oxumaq xoş deyil. Atamı qaralayıb, kimisə ön plana çıxarmaq istəyən media nümayəndələrinin məqsədləri nədir, onu mən də, atam da çox yaxşı bilir. Atam deyib ki, yazılanlara çox fikir vermə. Amma yenə də bu yazılar mənə təsir edir. Ona görə də müəyyən saytların nümayəndələri ömür boyu məndən heç salam belə ala bilməzlər. Onların salamına da mənim ehtiyacım yoxdur.

– Yığma komandaya düşməyinizi də atanızla əlaqələndirən var. Atanız və Fernandu Santuşadək millidə müvəqqəti baş məşqçilik edən Arif Əsədovun yaxınlığına görə yığmaya çağırıldığınız deyilirdi. Bu iddiaya münasibətiniz necədir?
– Hərənin öz şəxsi fikridir. Arif Əsədov son 2 toplanışda baş məşqçilik edib. Ondan öncəki ilk "11-lik"lərə baxsalar, hər şey daha aydın olacaq. Onda daha dəqiq bilinəcək ki, Arif Əsədovun tanışlığı ilə, yoxsa Canni De Byazinin məni bəyənməsi hesabına yığmada oynamışam. Üstəlik, De Byazinin vaxtında mənim mövqeyimdə oynayan futbolçulardan məndən daha üstün olanını göstərsinlər və bunu əsaslandırsınlar.

– Türkiyədə olarkən Azərbaycan çempionatını, xüsusən atanızın çalışdırdığı "Səbail"in çıxışlarını izləyirdiniz? Komandanın müəyyən hədəfə çatması üçün nə çatışmadı?
– Bəli, Azərbaycan çempionatını məhz "Səbail"ə görə, atamın komandası olduğuna görə izləyirdim. İmkan tapdıqca 90 dəqiqə oyunlarına baxırdım. Çempionata çox yaxşı başladılar. Bunun davamını gətirə bilməmələrinin səbəbini atam və siz daha yaxşı bilərsiniz. Ancaq kənardan görünənə əsasən deyə bilərəm ki, bu, komandanın birdən-birə yeni futbolçulardan qurulması ilə əlaqəli idi. Üstəlik, rəqiblər də asan deyildi, oturuşmuş heyətləri vardı. Ən əsası, stabillik çatmadı. Məncə, bunun da olması üçün komandada daha keyfiyyətli futbolçular olmalıdır. Məsələn, "Qarabağ", "Neftçi", "Sabah"ın legionerləri ilə "Səbail"inki eyni səviyyədə deyildi.

– Ağabala Ramazanovla münasibətləriniz necədir?
– Normaldır. Görəndə salamlaşırıq.

– Yəqin ki bu sualı nəyə görə verdiyimi bildiniz...
– Bilirəm. O məlum haqq-hesabdan sonra onunla görüşməmişəm, bir-birimizə də bu haqda yazmamışıq...

– "Səbail"dən ayrıldıqdan sonra o da, qardaşı Zaur Ramazanov da atanız haqda tənqidi fikirlər səsləndirdi. Bundan sonra heç Ağabala ilə görüşüb danışmağa cəhd etmisiniz?
– Ağabalanın tənqidi fikir səsləndirdiyini düşünmürəm. Aramızda "salam-sağol" var. O da nəyin necə olduğunu çox yaxşı bilir. Mən də çox yaxşı bilirəm ki, Ağabalanın klubdan göndərilməsində atamın bir günahı yoxdur. Qardaşı haqda isə deyiləcək sözüm yoxdur. O öz-özünə, boş-boşuna danışa bilər. Amma insana digərinin yox, öz etdiyi hərəkətləri ilə bağlanırsan. Qardaşının dediklərinə görə Ağabalaya nəsə deməyim düzgün olmaz. Hər kəs öz hörmətini verir. Bizdə həmişə hörmətə qarşılıq hörmət, hörmətsizliyə qarşılıq hörmətsizlikdir.

– Hazırda Almaniyada hamının böyük maraqla izlədiyi Avropa çempionatı gedir. Orada favoritiniz hansı komandadır?
– Simpatiya bəslədiyim xüsusi komanda yoxdur. Ancaq oyununa görə favoritim İspaniya millisidir.

– Elə onların turnirdən kənarlaşdırdığı qonşu Gürcüstan millisi Avropa çempionatında debüt etməklə kifayətlənməyib, qrupdan çıxdı. Onların çıxışından nə örnək götürmək olar?
– Bu dəqiqə nə desəm, yanlış anlaşılacaq. Gürcüstan futbolu həqiqətən bizdən irəlidədir. 90 dəqiqə oyun gərginliyinə tab gətirmələri yaxşı bir xüsusiyyətdir. Hər bir futbolçu bu tempdə oynaya bilməz. İnşallah, biz də nə vaxtsa bu tempdə oynamağa öyrəşərik. Bizim vaxtımızda da olmasa, bizdən sonrakılar bunu bacarar. Onların futbolçuları son 4-5 ildə xaricə üz tutdu. Məncə, bu uğurda legioner karyerası yaşamaq amilinin böyük rolu var.

– İstənilən halda, Gürcüstan yığmasının UEFA Millətlər Liqası vasitəsilə Avropa çempionatına vəsiqə qazanması bizim futbolçulara motivasiya verir?
– Əlbəttə. Biz də Gürcüstanın bu nəticələrindən sonra Avropa çempionatı barədə fikirləşirik. Önümüzdəki Millətlər Liqasında eyni nəticəni göstərib xalqımızı sevindirə bilərik. Buna ümidliyəm.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->