Xəbər lenti

AFFA:
İdman 16:33 30.12.2023

AFFA: "Türkiyə Superkubokunun ölkəmizdə keçirilməsi pis olmazdı"

"Qalatasaray" və "Fənərbağça" arasında Səudiyyə Ərəbistanında keçirilməli olan superkubok matçı ləğv olundu. Buna səbəb ərəblərin daha əvvəl qarşılaşma ilə bağlı bir neçə tələb irəli sürməsi olub. Daha doğrusu, təşkilatçılar Atatürklə bağlı hazırlanan plakatları meydana buraxmadığı üçün həm "Qalatasaray", həm də "Fənərbağça" oyunu keçirməkdən imtina etdi. Nəticədə qarşılaşma təxirə salındı. 

Əslində daha əvvəl görüşün Azərbaycanda keçirilməsi məsələsi də gündəmdə vardı. Ancaq TFF prezidenti Mehmet Büyükekşi məsələ ilə bağlı açıqlamasında ölkəmizdə maliyyə olmadığını əsas gətirərək məhz ərəblərin  təklifini qəbul etdiklərini söyləmişdi. Səudiyyə Ərəbistanında keçirilməsi planlaşdırılan, lakin ləğv olunan qarşılaşmanın Azərbaycana daşınması məsələsi yenidən gündəmə gəlib. Ancaq indi bu, ölkəmizdə birmənalı qarşılanmır, hətta qəbul etməməklə bağlı təkliflər də var. Maraqlıdır, bəs AFFA məsələyə necə baxır? 

Qurumun vitse-prezidenti Vaqif Sadıqov Qaynarinfo-ya açıqlamasında münasibətini bu şəkildə bildirib:

"Çox istəyərdim ki, Türkiyə Superkuboku ölkəmizdə keçirilsin. Bu, şəxsi mövqeyimdir. Bu, futbolumuzun inkişafına da bir təkan olardı. Azarkeşlər tərəfindən oyuna böyük maraq göstərilərdi. Məncə, həm "Qalatasaray"ın, həm də "Fənərbağça"nın, ümumiyyətlə türk futbolunun Azərbaycanda azarkeşləri, sevənləri çoxdur. Bütün bu amilləri nəzər alaraq, həmişə hazır olduğumuzu deyə bilərəm. Hər iki tərəf üçün müsbət hal kimi qəbul etmək mümkündür. Mən maliyyə tərəfindən çox idman və mənəvi prinsipləri üstün tuturam. Hər iki tərəfə faydalı olardı. İki dövlət - bir millət olduğumuz öz təsdiqini bir daha tapardı. Həm də hesab edirəm ki, oyunun Azərbaycanda keçirilməsi təkcə AFFA-ya aid olan məsələ deyil. Hər birimizin istəyi çox önəmlidir.  Superkubokun Azərbaycanda keçirilməsi ilk növbədə aramızda olan qardaşlıq münasibətini növbəti dəfə göstərərdi".

Sadıqov TFF-in məsələyə bu şəkildə yanaşmasına rəğmən, matçın Azərbaycanda keçirilməsinin faydalı olacağını söylədi:

"Bunu mənfi hal kimi qəbul etməməliyik. Hansısa fikir söyləyib insanları ümumi işin ziyanına yönəltməməliyik. Ancaq və ancaq hər iki futbol ailəsinə, ölkəyə xeyir verəcəksə, biz buna fikir verməməliyik. Türkiyə Superkubokunun ölkəmizdə keçirilməsi heç də pis olmazdı".

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->