Xalq artisti Fatma Mahmudova qonaq olduğu "Elgizlə izlə” ictimai-sosial verilişində həmkarı, Xalq artisti Afaq Bəşirqızı ilə aralarında yaşanan küsülülükdən söz açıb. Aktrisa bildirib ki, A.Bəşirqızı ilə onun arasını istedadsız həmkarları vurub.
Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı Afaq Bəşirqızı sözügedən proqramın canlı efirinə zəng edib.
Aktrisa həmkarı ilə aralarında yaşanan küsülülüyü bu sözlərlə ifadə edib:
"Fatma çox sadəlövh, həddən-ziyadə zəmanə adamı olmayan bir qadındır. Onun sadəlövhliyindən çox istifadə edənlər var. Bir də görürsən ki, Fatma danışıq tərzini itirir. O, yadından çıxarır ki, Akademik Teatrının işçisi, Xalq artisti, Prezident təqaüdçüsüdür, onu Allahın verdiyi istedad yetişdirib.
Heç bir şey yox. Əgər müəyyən həyatı məsələlər ilə və yaxud da həyatı problemlər ilə kimsə ondan bir növ uzaqlaşırsa, o, artıq özünü quyunun dibində hiss edir və kiminsə aktrisası olur. Bu mənə çox ağır gəldi. Fatmanın yaşını dəqiq bilirəm, heç kim bilmir. Hansı xalqın kişi aktyoru məşhur aktrisanı kadr arxasında səsləndirib və hələ də onun layiqli qiyməti bilinməyib? Niyə? Məsələlər çoxdur, nəysə”.
A.Bəşirqızının bu fikirlərinə F.Mahmudova belə cavab verib:
"Afaq xanım, sizi salamlayıram, öpüb, bağrıma basıram. Mən sizdən küsməmişəm. Sizi sevirəm (ağlayır). Amma sizin sonuncu tamaşanız olanda mənə çox zənglər gəldi. Dedilər ki, gedib Afaq xanıma baxmaq istəyirik. Mən kömək etdim, onlar tamaşasına baxmağa getdilər. Mənə deyirlər ki, onun adını efirdə çəkmə, acığına gəlir. Mən sizi çox sevirəm. Musiqili Komediya Teatrında əlimdən tutan və kömək edən ən güclü tərəf müqabilim qadınlar arasında Xalq artisti Afaq Bəşirqızı olub”.
Şərhlər