ABŞ müxalifətin namizədi Edmundo Qonzalesi Venesuelada keçirilən prezident seçkilərinin qalibi kimi tanıyıb.
Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Entoni Blinken
bildirib.
Onun sözlərinə görə, Nikolas Maduronun tələsik prezident seçkilərinin qalibi elan edilməsi heç bir sübut olmadan baş verib. Üstəlik, Venesuelanın Milli Seçki Şurası, venesuelalıların və beynəlxalq ictimaiyyətin dəfələrlə çağırışlarına baxmayaraq, hələ də təfərrüatlı məlumatları və ya səslərin sayılması protokolunu açıqlamayıb, Blinken deyib.
ABŞ Dövlət katibi onu da vurğulayıb ki, müxalifət Venesuela boyu seçki məntəqələrindən birbaşa alınan protokolların 80%-dən çoxunu açıqlayıb ki, bu da Edmundo Qonzalesin bu seçkidə keçilməz fərqlə ən çox səs topladığını göstərir.
"Təkzibedilməz sübutları nəzərə alsaq, Birləşmiş Ştatlara və ən əsası Venesuela xalqına aydındır ki, Edmundo Qonzales Urrutia Venesuelada iyulun 28-də keçirilən prezident seçkilərində ən çox səs toplayıb”, - Blinken bildirib.
Xatırladaq ki, Venesuelada növbəti prezident seçkiləri iyulun 28-də keçirilib. Ertəsi gün Venesuela Milli Seçki Şurası elan edib ki, səslərin 80%-i hesablandıqdan sonra Maduro 51%-dən çox, müxalif Demokratik Unitar Platformanın namizədi Edmundo Qonzales isə 44% səs toplayıb.
ABŞ seçkiləri ilə bağlı araşdırmaları ilə tanınan Edison Research şirkətinin keçirdiyi sorğuya əsasən, Qonzalesin təxminən 65%, Maduro isə 31% səs alacağı proqnozlaşdırılırdı. Yerli "Meganalisis” firması Qonzalesin 65 faiz, Maduro isə 14 faizdən az səs alacağını proqnozlaşdırmışdı.
Nizami Bağırov
Şərhlər