Gizli danışıqlar zamanı ABŞ hakimiyyəti özünü Venesuela prezidenti elan edən Nikolas Maduroya hakimiyyətdən əl çəkəcəyi təqdirdə amnistiya təklif edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Wall Street Journal” öz mənbələrinə istinadən məlumat
yayıb.
Onların fikrincə, Birləşmiş Ştatlar Venesuela prezidenti Nikolas Maduronu amnistiya müqabilində hakimiyyətdən getməyə məcbur etməyə çalışır, lakin onun iyulda keçirilən prezident seçkilərində uduzduğuna dair təkzibolunmaz sübutlar ortaya çıxdığından bu, mümkünsüz hesab olunur.
Bayden administrasiyasının Maduro nümayəndələri ilə danışıqları ilə tanış olan üç nəfər WSJ-yə bildiriblər ki, ABŞ avtoritar Venesuela liderini 2025-ci ilin yanvarında növbəti prezidentlik müddəti bitmədən istefaya getməyə inandırmaq üçün "hər şeyi masaya qoyub”.
Xatırladaq ki, Venesuelada növbəti prezident seçkiləri iyulun 28-də keçirilib. Ertəsi gün Venesuela Milli Seçki Şurası elan edib ki, səslərin 80%-i hesablandıqdan sonra Maduro 51%-dən çox, müxalif Demokratik Unitar Platformanın namizədi Edmundo Qonzales isə 44% səs toplayıb.
ABŞ seçkiləri ilə bağlı araşdırmaları ilə tanınan Edison Research şirkətinin keçirdiyi sorğuya əsasən, Qonzalesin təxminən 65%, Maduro isə 31% səs alacağı proqnozlaşdırılırdı. Yerli "Meganalisis” firması Qonzalesin 65 faiz, Maduro isə 14 faizdən az səs alacağını proqnozlaşdırmışdı.
Seçkilərin nəticələri açıqlandıqdan sonra ölkənin müxalifət lideri Mariya Korina Maçado bildirib ki, onların hesablamalarına görə, Qonzales 70%, Maduro isə 30% səs toplayıb.
Bir çox Cənubi Amerika ölkələri seçkilərin nəticələrini tanımayıb. ABŞ müxalifətin namizədi Edmund Qonzalesi qalib kimi tanıyıb. Avropa İttifaqı da Maduronun seçkilərdəki qələbəsini tanımır.
Nizami Bağırov
Şərhlər