İtaliya paytaxtının "Roma" klubunun "Atalanta" ilə görüşdə məğlub olması "Bolonya" və "Yuventus"a növbəti Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmağa imkan verib.
Qaynarinfo xəbər verir ki, klubların hər ikisinin 67 xalı var. Tyaqo Motta və Massimiliano Alleqrinin rəhbərlik etdiyi komandalar İtaliya A Seriyasının növbəti - 37-ci turunda üz-üzə gələcək.
"Bolonya" 60 ildən sonra ilk dəfə Avropanın ən mühüm klublararası turnirə vəsiqə qazanıb. Turnirin Çempionlar Kuboku adlandırıldığı 1964/65 mövsümündə İtaliya komandası 1/16 finalda çıxış edib. "Anderlext"lə üç oyundan sonra (0:1, 2:1, 0:0) qalib püşkatma yolu ilə müəyyənləşib - püşk belçikalıların üzünə gülüb.
"Yuventus" ötən mövsümü dördüncü pillədə başa vursa da, lisenziyalaşdırma və maliyyə feyr-pley qaydalarını pozduğuna görə bir illik Avropa yarışlarından kənarlaşdırılıb.
"Atalanta", "Roma" və "Latsio" klubları müvafiq olaraq 63, 60 və 59 xalla beşinci yer uğrunda mübarizə aparır ki, bu da Çempionlar Liqasında mübarizə aparmaq hüququ verir. Berqamo təmsilçisinin hələ ehtiyatda bir oyunu var.
Nizami Bağırov
Şərhlər