Məşhur yazıçı, tarixçi, professor Yuval Noah Harari 2-6 oktyabr tarixlərində Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresinin fəxri qonağı olacaq.
Bu barədə Qaynarinfo-ya "Azərkosmos"dan bildirilib.
"Kosmosa şans verək” möhtəşəm və futuristik mövzuya həsr olunmuş Bakı Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində dünyanın ən nüfuzlu ictimai ziyalısı, professor Yuval Noah Hararinin qonaq olması bizi çox sevindirir”, - "Azərkosmos"un İdarə Heyətinin sədri Saməddin Əsədov deyib.
Qeyd edək ki, professor tarixçi Y.Harari "Sapiens: Bəşəriyyətin qısa tarixi”, "Homo Deus: Sabahın qısa tarixi”, "21-ci əsr üçün 21 dərs” və Sapiens seriyasının "Bizi dayandırmaq olmaz” kimi populyar kitabların müəllifidir. Onun kitabları 65 dildə 45 milyon nüsxə ilə satılıb. 47 yaşlı filosof Y. Harari 2002-ci ildə Oksford Universitetində fəlsəfə doktoru dərəcəsini alıb və hazırda Yerusəlim Yəhudi Universitetinin tarix kafedrasında müəllimdir. Onun son mühazirələrinin diqqət mərkəzində süni intellektin sürətli inkişafı və onun cəmiyyət üçün potensial təsirləri, son tədqiqatları isə makro-tarixi: Tarix və biologiya arasında hansı əlaqə var? Tarix öyrənildikcə insanlar daha xoşbəxt oldularmı? 21-ci əsrdə elm və texnologiya hansı sualları gündəmə gətirir? suallar ətrafındadır.
Xatırladaq ki, oktyabrın 2-də qlobal kosmos ictimaiyyəti 50 ildən sonra yenidən Bakıda Beynəlxalq Astronavtika Konqresində bir araya gələcək. Bakı Konqres Mərkəzində baş tutacaq Bakı Konqresinin heyranedici açılış mərasimi Azərbaycanın unikal mədəniyyətini və irsini nümayiş etdirəcək, eyni zamanda, kosmik inkişaf imkanlarını və çağırışlarını diqqətdə saxlayacaq.
Şərhlər