İnsanlar hər gələn ili xoş ovqatla qarşılayacaqları halda bütün ilin pozitiv keçəcəyinə inanırlar. Ona görə də hər kəs Yeni ilin gözəl, yaddaqalan keçməsinə çalışır. Qarşıdan 2024-cü il gəlir. Artıq paytaxt və bölgələrdəki yollar bəzədilib, parklarda "yolka”lar qurulub. Nazirlər Kabineti də bayramın gəlişi münasibəti ilə dekabrın 31-dən yanvarın 7-dək qeyri-iş günü elan edib.
Dekabr ayının gəlişi ilə mağazaların pəncərəsindən yağan bayram ab-havası bütün ay boyu restoranların reklamları ilə davam edir. Artıq həm sosial şəbəkələrdə, həm də televiziyadaYeni il şousu ilə bağlı anonslara rast gəlinir. İnsanlar həm verilən fürsəti dəyərləndirmək, həm də bayramı özəl etmək üçün fərqli məkanlara getmək üçün can atırlar.
Yeni ili Bakıda keçirmək istəyənlərlə yanaşı, bölgələrə də gedənlər də var.
Bəs, yeni ili restoranlarda və rayonlarda keçirmək bir nəfərə neçəyə başa gəlir?
Bizim.Media paytaxtda və rayonlarda bayram günləri təklif olunan xidmətlərin qiymətlərini araşdırıb.
Bəzi restoranlarda həmin gün üçün standart qiymət müəyyənləşib, bəzilərində isə bura təkcə menyunun qiyməti daxildir. Yəni "şaxta baba” və "qar qız”la fotoların çəkilməsi və digər xidmətlər qiymətə aid deyil. Əlaqə saxladığımız restoranlardan ən ucuz qiymət adambaşına 70 manatdır. Belə qiyməti olan restoran paytaxtın mərkəzindən kənarda, mikrorayon adlandırılan ərazilərdə yerləşir. Şəhərə yaxın yerdəki restoranlarda isə qiymət bir nəfər üçün 150 manatdır.
Paytaxtdakı restoranlarda qiymət fərqinin bir səbəbi də var. Əgər müştəri həmin gecə yeni ili restoranın terrasında qarşılamaq istəsə, məbləğ dəyişəcək. Belə ki, restoranın içərisində bir nəfər üçün 80 manat hesablanan menyu qiyməti dəyişərək 150 manat olacaq.
Bundan başqa, Xəzərin sahilində, Bakıdan bir az kənardakı restoranlarda da minimum qiymət 150 manatdır. Əgər 4 nəfərlik ailə getsəniz həmin restorana 600 manat ödəməli olcaqsınız. Xatırladaq ki, təqdim etdiyimiz qiymət yalnız menyunun qiymətidir, əgər əlavə məhsul sifariş versəniz və ya digər xidmətdən yararlanmaq istəsəniz, bunun üçün əlavə məbləğ hesablanacaq.
Bölgələrdə də menyu qiymətləri təqribən bu civardadır.Lakin hotel, hostel qiymətləri bahadır.
Məsələn, İsmayıllının Basqal qəsəbəsində yerləşən hoteldə yeni ili qarşılamaq istəyənlər üçün qiymət 1640 manatdan başlayır. Belə ki, qiymətə hotel xidmətləri və bayram şousu daxildir. Proqram 2 gecəlik və 2 nəfər üçün nəzərdə tutulub.
İsmayıllının Qalacıq kəndində yerləşən hoteldə bayramdan öncə və sonra 300 manata qaldığınız halda yeni il gecəsi üçün 445 manat ödəyərək qalmaq mümkündür. Hoteldən bildirilib ki, restorandakı menyunun qiyməti adi günlərdə olduğu kimidir. Həm restorandan sifariş verə, həm də açıq məkan olduğu üçün özününüz yemək hazırlaya bilərsiniz.
Qubanın kəndində yerləşən hotel-restoranlarda bayram günlərinin qiyməti digər günlərdən fərqlənir. Belə ki, əvvəllər daha az ödənilən menyu qiyməti 31 dekabr üçün 150 manat hesablanıb. Hoteldən bildirilib ki, yanvar ayının 1-dən etibarən artıq sərbəst menyu təqdim olunur. Koteclərin qiyməti isə 150-250 manat arasında dəyişir.
Yeni ili qədim Şəkidə qarşılamaq istəyənlər də ən azı 1500 xərcləməli olacaqlar. Çünki bayramı öz sevdiyinlə Şəkidə qarşılamağın və iki gecə qalmağın qiyməti 1450 manatdır. Hoteldən bildirilib ki, bu, başlanğıc qiymətdir. Şabran rayonuna getmək istəyənlər daha çox, yəni 2100 manat götürməlidirlər ki, rayonda yerləşən hoteldə iki gecə qalıb, yeni il şousuna tamaşa eləsinlər.
Şərhlər