"Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün Miqrasiya Xidmətindən icazə almadıqda, yəni sadəcə turist kimi və başqa məqsədlə ölkəmizə gəldikdə, burada qalma müddətindən asılı olmayaraq, vəsiqəsini dəyişməyə borclu deyil. Belə şəxs öz xarici vəsiqəsindən ölkəmizdə olma müddətində aylarla istifadə edə bilər”.
Qaynarinfo xəbər verir ki, bunu nəqliyyat üzrə ekspert Ərşad Hüseynov xarici ölkələrdən alınan sürücülük vəsiqələrindən danışarkən deyib. Ekspert bildirib ki, Konstitusiya Məhkəməsi xaricdə alınmış sürücülük vəsiqələrinin ölkəmizdə istifadəsi ilə bağlı mübahisəli bir məsələyə aydınlıq gətirib:
"YHQ-nin 35-1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşı xarici ölkənin sürücülük vəsiqəsini ölkəmizdə istifadə etmək istəsə, onda ölkə ərazisinə daxil olduğu gündən bir ay ərzində həmin vəsiqəni ölkəmizin milli vəsiqəsinə dəyişdirməlidir. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs isə Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün Miqrasiya Xidmətindən icazə aldıqda, əgər ölkəmizdə avtomobil idarə etmək istəsə, xarici sürücülük vəsiqəsini həmin icazəni aldığı gündən bir ay müddətində bizim milli vəsiqəyə dəyişdirməlidir. Qanunun bu tələbini pozan (yəni xarici vəsiqəsini milli vəsiqəyə dəyişməyən) şəxsin avtomobil idarə edərkən sürücülük hüququ olan sayılıb-sayılmamsı mübahisəli idi. KM-in 19.05.2022-ci il tarixli qərarı ilə məsələyə tam aydınlıq gətirildi. Qərara əsasən, belə şəxslər nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan (yəni sürücülük hüququ olmayan) şəxs hesab edilir. Onlar bu vəziyyətdə aşkar edilərsə, vəsiqəsi olmayan şəxs kimi inzibati məsuliyyətə, cinayət xarakterli hadisədə təqsirli olduqda isə sürücülük hüququ olmadan qəza törətməyə görə cinayət məsuliyyətinə (CM-in 263-1-ci maddəsi) cəlb ediləcələr”.
Ərşad Hüseynov qeyd edib ki, 1968-ci il Vyana Konvensiyasına uyğun xarici sürücülük vəsiqələri ASAN xidmətlərdə heç bir imtahan olmadan, 30 manat rüsum ödənilməklə Azərbaycan vəsiqəsinə dəyişdirilir.
Bahar
Şərhlər