Xəbər lenti

Vaşinqton Türkiyə-Suriya yaxınlaşmasına qarşı çıxır: ABŞ-ı narahat edən nədir?
Dünya 15:06 07.01.2023

Vaşinqton Türkiyə-Suriya yaxınlaşmasına qarşı çıxır: ABŞ-ı narahat edən nədir?

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Türkiyə və Suriya prezidentləri Rəcəb Tayyib Ərdoğanla Bəşər Əsəd arasında mümkün görüş barədə xəbərlərə münasibət bildirib. ABŞ rəsmisi deyib ki, Vaşinqton heç bir dövlət tərəfindən "Əsəd rejimi” ilə münasibətlərin normallaşmasının tərəfdarı deyil.

"Bizim siyasətimiz dəyişməyib. Biz normallaşmayacağıq və Əsəd rejimi ilə əlaqələr quran digər ölkələri dəstəkləməyəcəyik”, deyə Prays mətbuat konfransında bildirib. Departament nümayəndəsinin sözlərinə görə, "Əsəd rejimi” "münasibətlərin normallaşmasına layiq” heç nə etməyib.

Xatırladaq ki, dekabrın ortalarında Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə danışıqlar zamanı Ankara, Moskva və Dəməşq arasında üçtərəfli danışıqlara başlamağı təklif edib. Onun sözlərinə görə, Putin üç ölkə liderinin görüşü ideyasına müsbət reaksiya verib.

Bu fonda Vaşinqtonun Ərdoğanın Əsədlə görüşməsinə etiraz edəcəyi gözlənilən idi. ABŞ Əsəd rejimini qanuni hakimiyyət kimi tanımır. Buna görə də çalışır ki, müttəfiqləri də Əsədə münasibətdə anoloji addımları atsın. Sözsüz ki, belə yanaşma ancaq Amerikanın maraqlarına cavab verir. Vaşinqton istəyir ki, Əsəd rejimini devirsin. Bu fonda da onun kənar dövlətlərlə əlaqələrinin olmaması, yaxud da minimuma enməsinə çalışır. 

Vaşinqton rəsmisinin bu açıqlamasından sonra Ankara mövqeyindən geri çəkilməyəcəksə, çox güman ki, ABŞ Türkiyəyə qarşı müəyyən sanksiyalara da əl atacaq. Ən azından Ağ Ev Türkiyənin Suriyanın şimalında keçirmək istədiyi antiterror əməliyyatına kəskin reaksiya verəcək.

ABŞ bu istəyi müəyyən dərəcədə başa düşülən olsa da, görünən odur ki, bu zaman Vaşinqton Suriyaya qonşu olan ölkələrin orada baş verən olaylardan narahatlıq keçirdiyinin, həmin dövlətdə cərəyan edən hərc-mərcliyin qonşulara da mənfi təsir göstərdiyinin fərqində deyil. Hansı ki, Suriyanın şimalında terrorun tüğyan etməsindən əsas ziyan çəkən ölkə məhz Türkiyədir. Bu mənada Türkiyə öz sərhədlərini terror dalğasından qorumaq üçün mövcud vəziyyətə uyğun doğru bildiyi addımları atmaqda müstəqil və sərbəstdir. İndiki situasiyada isə cənub sərhədlərinin təhlükəsizliyi baxımından Türkiyə üçün Əsədlə münasibətlərin normallaşdırılması çıxış yollarından biridir. Düzdür, belə yanaşma həm də Rusiya və Suriya rejiminin mövqelərinin də möhkəmlənməsinə xidmət edir. Amma hər halda Ankara üçün Əsədlə münasibətlərin sahmana salınması PKK terroruna qarşı apardığı mübarizədə əl-qolunu daha geniş açmağa imkan verəcək. 

Digər tərəfdən, son zamanlar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "qonşularla sıfır problemi” prizmasından yanaşaraq, ətrafdakı dövlətlərlə münasibətləri normallaşdırdığı hiss olunur. Bu fonda onun Suriya rejimilə münasibətləri normallaşdırmaq istəyi də başa düşüləndir. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->