Xəbər lenti

Türkiyə Qərbi fəlakətdən xilas edir, Qərb isə buna görə Ankaranı qınayır (TƏHLİL)
Dünya 13:57 31.05.2022

Türkiyə Qərbi fəlakətdən xilas edir, Qərb isə buna görə Ankaranı qınayır (TƏHLİL)

Dünyanın diqqəti Ukraynada davam edən müharibəyə fokuslaşıb. Lakin Yaxın Şərqdə də ciddi proseslər cərəyan etməkdədir. Neftlə zəngin olan bölgəyə nəzarəti kim edəcəksə, dünya siyasi şahmatında ən əsas oyunçu da həmin ölkə olacaq. 

Son günlər böyük strateji önəm kəsb edən Aralıq dənizi sahilində ciddi proseslər baş verir. Bu dəfə də Qərbin bəzi dairələri Türkiyəni ittiham etməyə başlayıb. Vaşinqton Ankaranı Suriyadakı vəziyyəti gərginləşdirməməyə çağırıb. ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri ilə üzrə müşaviri Ceyk Sallivan Türkiyə liderinin təmsilçisi İbrahim Kalınla telefon danışığında Aralıq dənizinin şərq sahilində bütün anlaşılmamazlıqları dinc vasitələrlə həll etməyə çağırıb.

Vurğulayaq ki, bir qədər əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın şimalında 30 km-lik təhlükəsizlik zonasının qurulacağını bəyan etmişdi. Əslində, son 3 ildə Ankaranın çalışdığı da elə budur. Qərb mətbuatının iddiasına görə, Ankara son günlər bu müstəvidə daha da fəallaşıb və bölgəyə 50 minlik qoşun göndərməyi planlaşdırır. 

Məsələ ondadır ki, Ankara "Ukrayna böhranı”nın yaratdığı vəziyyətdən öz xeyrinə bəhrələnmək istəyir. Türkiyə Rusiyanın Suriyanın bəzi bölgələrindən geri çəkilən yerini tutmaq niyyətindədir. Onu da vurğulayaq ki, Rusiya tərəfindən təxliyə edilən ərazilərdə İranın dəstəklədiyi qruplar yerləşdirilirdi. İranın bölgəyə səssiz gəlişi Türkiyə ilə yanaşı Birləşmiş Ştatların da maraqlarına cavab vermir. Suriyada artıq  Amerikanın qoşunları, demək oalr ki, yoxdur və Vaşinqtonun regionda öz mövqeyini etibar edəcəyi yeganə dövlət NATO üzvü olan Türkiyədir. ABŞ bir çox məsələlərdə Türkiyə ilə sövdələşməyə getməkdə maraqlıdır. Əslində, kartlar Ankaranın əlindədir. Hazırda Türkiyədə 3.6 milyon suriyalı qaçqın var və onlar potensial miqrant ordusudur. Ankara Suriyaya əsgər göndərərək, nəzarətə götürəcəyi ərazilərdə bu qaçqınları yerləşdirməsə, Avropa növbəti miqrant axını ilə üzləşməli olacaq, Ukrayna böhranı fonunda isə bu, Avropa üçün fəlakət anlamına gələ bilər. Digər tərəfdən, Türkiyə ərazisindəki qaçıqınların siyasi cəhətdən strateji əhəmiyyətə malik olduqlarını da vurğulamaq lazımdır. Buna görə, onların yenidən Suriya ərazisində məskunlaşdırılmaları vacibdir ki, ölkə tam olaraq "əsədsevərlər”in nəzarətinə keçməsin.
 
Beləliklə, Ərdoğan Türkiyə sərhədi boyu əraziləri tutmaqla birincisi öz ölkəsi üçün təhlükə mənbəyi olan kürd terrorçularını zərərsizləşdirə bilər. Bu ərazilərə həm kürdlər, həm də Suriya hökumətinə müxalif olan suriyalı qaçqınları yerləşdirməklə terrorçuların Türkiyə ərazisindəki PKK-çılarla əlaqəsini kəsmək hədəfə alınıb. İkincisi, Türkiyə Əsəd tərəfdarlarının mövqelərindən gələ biləcək təhlükələrdən sığortalamış olur. Çünki müxalif qüvvələr özlərini qorumaq üçün Əsəd təfdarlarından gələ biləcək istənilən zərbəyə qarşı müqavimət göstərməyə məcburdurlar ki, bu halda həm də, Türkiyə sərhədlərini müdafiə edəcəklər.

Ankara Suriyanın sərhəd bölgəsində təhlükəsizlik kəməri çəkməklə işini bitmiş hesab etmir. Türkiyəyə İraq ərazisindən də təhlükə gələ bilər. Xatırladaq ki, İraqın şimalında 45 milyard barel neft ehtiyatı mövcuddur. Bu, İraqın bütün neft ehtiyatlarının üçdə biri deməkdir. Burada hazırda gündə 650 min barel neft hasil olunur ki, bunun da 550 min bareli Türkiyə ərazisi ilə Aralıq dənizi limanlarına çıxarılır. Aralıq dənizinin önəmini artıran amillərdən biri də məhz budur.

Onu da qeyd edək ki, Türkiyənin Suriyada hərbi mövcudluğu bu gün baş verən hadisə deyil. Suriya münaqişəsi başlayan dövrdə Türkiyənin tutduğu mövqedə iki amil öz rolunu oynadı. Birincisi, uzun illər Abdulla Öcalanın da sığındığı Suriyanın şimalında, daha doğrusu, Türkiyənin sərhədləri yaxınlığında PKK-nın (YPG-nin) nəzarətinin genişlənməsidir. Yeri gəlmişkən, xatırladaq ki, Suriyanın şimalında həm ABŞ, həm də Rusiya qüvvələrindən dəstək alan PKK-nın fəaliyyəti davam edir. 

İkinci amilə gəlincə Hələb, İdlib və Afrin başda olmaqla Suriyanın Türkiyəyə yaxın ərazilərində 3 milyona yaxın türkmən əhalisinin yaşaması məsələsidir. Son zamanlar bombardmana məruz qalan da məhz Bayır-Bucaq türkmənlərinin yaşadığı ərazilərdir. Bu bombardmandan qaçaraq Türkiyə sərhədinə sığınan da həmin türkmənlər və ərəblərdir. Amma onu da vurğulamaq gərəkdir ki, münaqişəyə qədər Türkiyənin cənubunda sürətlə inkişaf edən sabit Suriya mövcud idi. Heç kimə sirr deyil ki, Bəşər Əsəd hakimiyyətə gəldikdən sonra atasının Türkiyənin Hatay vilayətinə qarşı iddialarını bir kənara qoyaraq, rəsmi Ankara ilə normal münasibətlər yaratmışdı. Suriyanın müstəqillik əldə etdiyi dövrdən hələ heç vaxt bu qədər ideal vəziyyətdə olmayan Türkiyə-Suriya münasibətlərinin Qərbin "şiə üçbucağı”nı məhv etmək planına qurban verilməsi tarixin ən bağışlanılmaz səhvlərindən idi. Yəni İraqın xarabazara çevrildiyini görə-görə, ölkənin şimalında nəzarətsiz bölgə və faktiki etnik cəhətə əsaslanan qurum yaradılmasının şahidi ola-ola daha bir qonşu ölkədə sabitliyin pozulmasına göz yummaq, müəyyən mərhələdə sərhədləri tam nəzarətə götürmək əvəzinə Avropadan gələrək Suriyaya adlayanlara mane olmamaq çox ciddi səhv idi.

Türkiyənin mövcud hakimiyyəti 2003-cü ildən regiondakı hadisələrlə bağlı dövlət maraqlarına uyğun addımlar atıb. İlk dövrlərdə bir qədər gözləmə mövqeyi tutan Türkiyə ondan asılı olan və olmayan səbəblərdən bu münaqişəyə cəlb edildi. Böyük geosiyasi oyun başladı və Ankara bu oyunda hələ ki, uğur qazanır...
 
Azər Rəşidoğlu

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->