"Qarabağ"ın futbolçuları ilə qürur duyuram.
Qaynarinfo xəbər verir ki, bunu "Qarabağ"ın prezidenti Tahir Gözəl Xorvatiyada "Dinamo" (Zaqreb) klubuna 0:3 hesabı ilə məğlub olduqları UEFA Çempionlar Liqasının III təsnifat nərhələsinin ilk oyunu barədə danışarkən deyib.
Funksioner klubun hər bir futbolçusunun qəhrəmancasına mübarizə apardığını söyləyib:
"Komandamın hər bir futbolçusu, heyətin hər bir üzvü mənim üçün qəhrəmandır. Onlarla qürur duyuram. Oyunun əvvəlində hesaba alınmayan qol da vurduq. Bundan sonra hamımız həyəcanlandıq. Dəfələrlə qol imkanları da yaratdıq. Heyif ki, şans bizim tərəfimizdə olmadı. Azərbaycan klubunun Avropanın futbol ölkəsi sayılan Xorvatiya çempionuna qarşı sərgilədiyi oyun, rəqibdən çəkinməməsi, qorxmadan həmişə hücuma keçməsi kimi dəyərlər bizi çox qürurlandırdı. Mən komandamın yanında idim. "Qarabağ” klubunun bir parçası olmaq hissini sözlərlə ifadə etmək mümkün deyil. Bunu "Qarabağ”lı olmaq və "Qarabağ”la yaşamaq lazımdır”.
O, heyətin gücləndirilməsi məsələsinə də toxunub:
"Mən hər zaman komandamın yanındayam. Komandamızın güclənməsi üçün hər bir işi görürük və görəcəyik. Texniki heyətin tələbinə uyğun lazım olan transferləri gerçəkləşdirməyə hazıram”.
T.Gözəl "Dinamo" ilə keçiriləcək cavab görüşünü izləyə bilməyəcəyini söyləyib:
"Təəssüflənirəm ki, Bakıdakı oyunda komandamın yanında olmayacağam. Mənim də öz öhdəliklərim var və COP-29-la bağlı görüşlər çərçivəsində ölkə xaricində olmaq məcburiyyətindəyəm. Amma biz bir komandayıq və inanırıq ki, Azərbaycanda da yenə gözəl oyun göstərəcəyik. Nəticədən asılı olmayaraq, Azərbaycan xalqını qürurlandıracağıq”.
Qeyd edək ki, "Qarabağ" və "Dinamo" komandaları arasında cavab qarşılaşması avqustun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Şərhlər