Slovakiya COP29 tədbirinə hazırlıqda və tədbirin uğurla keçirilməsində Azərbaycana dövlət və şirkətlər səviyyəsində kömək göstərməyə hazırdır.
Bu barədə özəl olaraq Trend-ə Slovakiyanın tanınmış "Aspiro" konsaltinq şirkətinin nümayəndəsi Miroslav Kuçera deyib.
"Şirkətimiz bərpa olunan enerji mənbələri (BEM) sahəsində layihələr, eləcə də, hidrogen layihələri və enerji saxlama layihələri ilə bağlı investisiya planlarının və maliyyə komponentlərinin hazırlanması üzrə ixtisaslaşıb. Bütün bunlar hazırda Azərbaycan üçün aktualdır, ölkə "yaşıl" enerjiyə güclü diqqət yetirir ki, bu da COP29-a ev sahibliyi edən ölkə üçün daha vacibdir", - deyə Kuçera qeyd edib.
Onun fikrincə, COP29-un Bakıda keçirilməsi dünyada neft və qaz ehtiyatları ilə tanınan Azərbaycanın özünü "yaşıl" enerji istehsal etmək və onu Avropaya ixrac etmək potensialına və planlarına malik ölkə kimi göstərməsi üçün yaxşı imkan yaradacaq.
"Bakıda keçiriləcək COP29-da iqlim maliyyələşdirməsi müzakirə olunacaq. Bu mövzu şirkətimizə yaxındır, çünki biz MDB ölkələrində və Avropada "yaşıl" layihələrlə çox işləyirik. Biz bu xüsusi problemlə bağlı Azərbaycan strukturları ilə məsləhətləşmələrə açığıq", - o deyib.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.
Şərhlər