Rumıniya parlamenti ölkənin Silahlı Qüvvələrinə sülh dövründə pilotsuz uçuş aparatları vurmağa icazə verən qanun layihəsinə baxacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters” məlumat
yayıb.
Nəşrin məlumatına görə, Rumıniya qanunvericiləri qanun layihəsinə növbəti sessiyada baxmağı planlaşdırırlar. Bunun Rumıniyaya sülh dövründə ölkənin hava məkanını pozan pilotsuz uçuş aparatları vurmasına icazə verəcəyi gözlənilir.
Xatırladaq ki, iyulun 25-nə keçən gecə Rusiya 38 PUA-dan istifadə edərək Ukraynaya hücum edib. Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri hava hücumundan müdafiə vasitələrinin 25 kamikadzeni vurduğunu bildirib. Daha üç PUA Rumıniya sərhədini keçdikdən sonra "itirilib”.
Həmin gün Rumıniya Müdafiə Nazirliyi hava hücumu xəbərdarlığı verilən Tulçitsa bölgəsinin Plauru kəndi yaxınlığında Rusiyaya məxsus pilotsuz uçuş aparatının qalıqlarını tapdıqlarını açıqlayıb. Onlar əlavə ediblər ki, mütəxəssislər dron qalıqlarının axtarışı üçün yerində araşdırma aparır.
Avqustun 20-də Rumıniya Müdafiə Nazirliyi yenidən Ukrayna ilə sərhədə yaxın Tulça bölgəsinin Periprava kəndi yaxınlığında Rusiyaya məxsus PUA-nın qalıqlarının aşkar edildiyini bildirib.
Sentyabrın 8-nə keçən gecə Rumıniyanın Ukrayna ilə həmsərhəd şəhərlərinin sakinlərinə Rusiyanın Ukrayna şəhərlərinə hücumu fonunda təhlükə barədə xəbərdarlıq edilib. Hücum zamanı Rumıniya Hərbi Hava Qüvvələri F-16 təyyarələrini həyəcan vəziyyətinə gətirilib.
Nizami Bağırov
Şərhlər