Xəbər lenti

Qələmlə Allahın bölə bilmədiyi Salam... - Pərvizin Salamla söhbəti
Sənət 15:06 22.07.2024

Qələmlə Allahın bölə bilmədiyi Salam... - Pərvizin Salamla söhbəti

...Düşünürəmsə, varammı? Yaşayıram, yoxsa mövcudam? Yaşayıramsa, yaşamağım nədədi? Səhərlər nahar yeməyini də götürüb elə özüm kimi sadəcə mövcud olan, mən həyata soxuşdurulan kimi mənə soxuşdurulan maşınıma minib işə gəlməkmi? Bayden, Tramp, Putin haqda beş-on xəbər tərcümə, beş-on xəbər redaktə etməkmi? 20 xəbər normasını doldurmağa çalışmaqmı? Axşam özüm kimi yaşamağa həvəsi qalmamış, iş yoldaşımın "Baydenin maşını” adını verdiyi həmin arabayla tıxaclardan qürub edən günəş kimi sürünüb evə qayıtmaqmı? Sabah yenidən işləyə bilim deyə özümü "zaryadka”ya qoymaqmı və sabah yenidən işə getməkmi və yenə evə qayıdıb əlini qələmə vurmağa macal tapmadan bu əbədi döngünü yaşamaqmı? 

Aşağı mərtəbədəyəm. Özümə çay süzürəm və düşünürəm.

Yuxarı mərtəbədə telefonum fəryad qoparır...

Çata bilmirəm.

Günel Xəzəlmiş.

...Salam Sarvan xəstəymiş. Həm də o şoğəribdən! Nənəmi, atamı, dayımı, xalamı, bibimi bizdən alan, Azərbaycanda epidemiya kimi yayılan o məlun qırxayaq!

Sabah əməliyyat olunacaqmış. "Bəlkə ona zəng vurasan... Dedim, sənə də deyim, yoxsa sonra məni bağışlamazsan...”

Yəni bu qədər ciddi?!! Bu zəngdən sonra yaşamaq bir yana dursun, artıq heç mövcud da deyiləm! Aha, mən yoxam. Və yoxa çıxmaq təhlükəsi olan Salama zəng vurmalıyam! Necə, nə cür, nə deyə?.. 

İlahi, mənə niyə bircə qırıq artistlik vermədin? Orta məktəbdə Molla Pənah Vaqifin oğlu Əlini oynamışdım. Epizodik bir roldu. Yerə-göyə sığmırdım. Atama elə kişi-kişi danışırdım, guya elə mənim rolum da baş rola tənmiş. Guya min ilin müəllimi "Vaqif” pyesini oxumayıb. 14 yaşlı əbləh! İndi başa düşürəm, demək, alınmayıbmış artistliyim – Əlini yaman günə qoyubmuşam yüz faiz. Atam bığaltı gülmüşdü kişilənməyimə…

2012-ci ildə 9 ay atamın qarşısında artistlik elədim. Hətta bəzən onun o ağır əməliyyatına ifrat etinasızlıq göstərdim. Guya kor bağırsaq kimi bir əməliyyat olub. İndi adım kimi əminəm ki, o artistliyimi də anlayıbmış. Yoxsa, ölməzdi. Demək, inandıra bilməmişəm. Yetişdi toy axşamı, durum yandırın şamı – aha, yenə istedadsız artistliyimə gərək yaranıb!

Yaxşı, indi yox olduğum halda ona necə zəng vurum, necə danışım ki, artistlik etdiyimi anlamasın? Axı atamdan, 9 ay uğursuz artistlikdən sonra heç bir xəstəyə, əzizi ölmüş heç bir dosta-qardaşa zəng vura bilmirəm, heç bir xəstə dostu-yoldaşı yoluxa bilmirəm... İstedadsız olduğunu anlamaq ən böyük ölümmüş!

Yox, vurmalıyam. O dünyada olsam belə, Əzrayıldan bir zəng xahiş emək bahasına olsa da. 

Ölə-ölə zəng vururam.

Səsini eşidən kimi bədahətən dilim açılır. Onun öz üslubunda başlayıram.

"Ədə, nə dedi?..”

"Nə deyəcək, kül onun dədəsinin təpəsinə...”

Bəh, əməlli-başlı artistəmmiş ki!

***

Günlər keçir. Bir gün Salamı xəstəxanaya aparmaq lazım gəlir. "Baydenin mənasız maşını” mənayla yüklənir. Bə nə - Salamı aparır! Ancaq hara? Sərhədin o tayına, ya bu?

Yanımızda Qələm var. Salamın qardaşı.

Qələm yoxdu yanımızda. Mövcuddu sadəcə. Yaşamır. O da artistlik etmək istəyir, ancaq o da mənim kimi istedadsızdı. O boyda mərifət sahibindən artist olar? Eh, Qələm nə gəzir? İndiyə Qələmmi qalar? Salamın Qələmi yoxdu. Sadəcə, əlindən yapışıb Salamın. Və bir əlində də ölüm hökmü yazılmış epikrizlər… Qələm Salamı əlindən salıb itirəcəyindən qorxur! 

Salamın evindən xəstəxanaya aparan o əzbər bildiyim yolu tapa bilmirəm. Hardan getməliyəm, hardan dönməliyəm, hara çıxmalıyam? Bizi taleyin hökmü veriləcək yola çıxarması üçün naviqatoru açıram. Xeyri yoxdu. Onu da anlaya bilmirəm. Sonra yenə də azdığım yollar özü bizi öz ağına salır… 

Həkimlər bizi bu xəstəxanadan o biri xəstəxanaya süründürür.

Biz ürəyimizi yemişik. Salamı maşından xəstə arabasına, xəstə arabasından maşına daşıyırıq. Günel Xəzəl, Rəbiqə Salamın Ceyhunəsini kiritməyə çalışır. Həkim az əvvəl özünün "ürəkdən yuxarı” qərarını açıqlayıb… Günelin sakitləşdirici sözləri çox amansız gəlir mənə. O necə bu qədər qəddar ola bilir? Ancaq başqa yol yoxdur. Bəzən amansızlıq ən humanist həll yoludur.   

Yeni xəstəxana. Xəlvətə salıb Salamın şəklini çəkirəm. Az qala o dünyadan gələn səsiylə Günelin hansısa sualını ölümü məişət məqamı hesab edən xatırlatma modunda cavablandırır:

- Sağalmaq istəyi bəzən uzun yaşamaq istəyi ilə bağlı deyil. Mövcud vəziyyətdən qurtulmaq istəyidir.

Düşünürəm: Bəzən bu, ölmək istəyi də ola bilər…

Uzun çək-çevirdən sonra bir palataya yerləşdirilir.

Sonra bir tibb bacısı gəlir, deyəsən sırf həmin palataya yerləşdirilməsi çaşqınlıq yaradıb. Onu ordan çıxarmaq istəyirlər? Etməyin-eləməyin. Barı bir az özünə gəlsin. Bir cərrahın yanına göndərirlər bizi dəqiqləşdirmə üçün. Günel Xəzəllə Qələm həkimin otağına göz yaşında üzə-üzə gedirlər. Mən qup-quru qurumuş gözlərimlə onlara baxıram, yox, gerçəkdən mövcud deyilmişəm mən. Yaşamaq boynuma düşüb sadəcə. 
Həkim onu "çarəsizlər” palatasına yerləşdirildiyini deyir! Ada bax – çarəsizlər palatası! Altı nömrəli palatadan da o yana!
Həkimlərin ürəyi olurmu?

Nə bilim! Görməmişəm. 

Qələm məni yola salır. "Daha burda qalmağının mənası yoxdu, məllim!..” 

Eh, nəyin mənası var ki, Qələm? 

Əslində, ağlamaq üçün çıxıb, məni yox, göz yaşlarını yola salır.

Mənim içimdə o dünyadan gələn bir səs qımıldanır:

"Qələm olmuşdu qolları Qələmin,
Ala bilmirdi Allahın əlindən Salamı...

"Bu nə yazıdı yazıbsan, Allah,
varsansa, al məni Qələmin əllərindən", - 
deyirdi 
Qələmlə Allahın arasında qalmış,
Qələmlə Allahın bölə bilmədiyi Salam...”

Mən Salamın öləcəyindən qorxurdum, ancaq Salam məni dirildib sanki. Dayan-dayan, əlli ildi tanıyıram Qələmi. Niyə indiyə kimi ağlıma gəlməyib onu adı? Ay dadi-bidad, onun adını ona yox, mənim yeni romanımın qəhrəmanı üçün düşünübmüş ad verən! Hətta sevindiyimi hiss edirəm. Bir yanda Salam ağrısı, bir yanda "Qələm” sevinci…

- Qələm, baxarsan, Salama heç nə olmayacaq. O əvvəlki həkimlər qələt eləyir. Yaşayacaq Salam! Bizi də yaşadacaq! 
Beşinci əməliyyatdan sonra Qələmə yazıram:

- Hə, indi nə deyirsən, Qələm, gördünmü?..
- Gördüm, qardaş, şükür...

***
 


Gah dədəm demişkən, gecalatdan, gah sübh-sabah davam edən xəstəxana yolçuluğumuzdan sonra bircə dəfə görüşüb çaylamışıq. (Elçin Səlcuq deyərdi: Çayı əzizlərin içsin). Artıq bu dəfə Salamı bu dünyada görürəm həmin görüşdə! Könül istər hər gün görüş olsun. Böyük şairin yanında bir saniyə olmaq belə adama əbədiyyət vəd edir. Heyhat! Bir şeyi kəşf eləmişəm. Ömür azalıb tükənincə, sən demə, əlimizdə-ovcumuzda olan günlük vaxt da azalırmış. Sanki sutka 24 yox, cəmi 9 iş saatı olub. Yəni biz artıq 24 saat yaşamırıq, 9 saat işləyirik, vəssalam. 

Cavanlıqda gün boyu həm işə, həm dostlarla vaxt keçirməyə, həm yaradıcılığa bəs qədər yetən vaxt indi həmin saatı əhatə edən işdən başqa heç nəyə çatmır. O gün bir xəbər verdim sayta: Yer daha sürətlə fırlanmağa başlayıbmış… Salam demişkən, deyirlər, saatda yaxşı vaxt gedir… Gedir, həm də güllə kimi. Bir yandan da güllə kimi bizi tərk edən əmi, dayı, bibi, xala və cəmi dostun-doğmanın ard-arda dəfni. Hər gedən ömrümüzdən, vaxtımızdan bir çəngə çalıb gedir. Yaşamağa vaxtımız qalmır. 

Elə şahidlik edəcəyiniz bu söhbət də əbədiyyətə hesablanmışdı, sonra macalımız olmaz deyə doğdu. Ancaq sonunda baxdım ki, mən istəyən alınmadı. Ömrümüzü yeyib-bitirən mövcud gerçəklik yenə əbədiyyətin yolunda çəpər oldu. Bizə sərhədlər qoydu, bizə çəpər oldu, cavabsız suallar saxladı. Nə deyək, necə deyərlər, allah ömür versin, bəlkə bir gün əynimizdən bu qəvi gerçəkliyi soyunub atar, gözümüzü yumub ağzımızı açarıq…  
Düzü, mənə elə gəlirdi ki, Salamla söhbətim nöqtəsiz, vergülsüz, bütün durğu işarələri olmadan, böyük bir iltihabın irini kimi, böyük bir yaranın dayanmayan qanı kimi, müqəddəs Qanqın suları kimi axıb getməli və biz gözümüzü dünyaya yumanda bitməlidi, bitəndə belə biz bilməməliyik, yuxuda ölüm kimi və cümlələrin heç biri böyük hərflə başlamamalıdı. Ancaq hər şey qrammatikaya uyğun oldu - nöqtə-vergülü yerində, ədəbli, mərifətli, kimsənin xətrinə dəyməyən... Mən irin axışı, qan axışı istəyirdim. Bir böyük çibanın əməliyyatı kimi – ürəkdən tikan çıxaran…

- Usta, altı aydır xərçəng xəstəliyindən xəbər tutubsan. Bir növ, ekzistensial-sərhəd vəziyyətinə düşübsən. Həyatın təkcə xəstəliklə bağlı yox, baqşa məqamında da həmin şəraitə düşmək mümkündür. Bax bu sərhəd vəziyyətində sərhəd dirəklərindən o üzə, bu üzə və dayandığın yerə baxanda nələr görünür? Mövcudluğunu hansı şəkildə dərk etməyə başlayırsan?
- Cavan vaxtlarımda ironik bir şeir yazmışdım, axırıncı misraları beləydi: "Ölüm qapısını açmadı mənə, ömrə də dönməyə üzüm gəlmir heç”. Bu misraları məhz həmin sərhəd vəziyyətininin təsviri saymaq da olar. Tale elə gətirdi, şeirdəki o vəziyyətə həyatda düşdüm – sanki həmin məqamla zarafat elədiyimə görə cəzalandırıldım (gülüş).  Yadımdan çıxdı, sualın axırı necəydi?

- Həmin sərhəd vəziyyətində sərhəd dirəklərindən o üzə, bu üzə və dayandığın yerə baxanda nələri görürsən? Mövcudluğunu hansı şəkildə dərk etməyə başlayırsan?
- Əslində, nə o üzə baxırsan, nə bu üzə, eləcə, dayandığın yerin yaşantılarıyla kifayətlənirsən. Yaşam lokallaşır. Ağrıyırsansa, sadəcə, ağrılardan qurtulmaq istəyirsən. Bu, ilkin instinktdi, heç bir niyyəti ifadə eləmir, yəni, sən bu ağrılardan niyə qurtulmaq istədiyini, niyə sağalmaq istədiyini düşünmürsən. Məsələn, adamın bir yeri qaşınanda instinktiv olaraq dırnaqlar həmin yerə yönəlir – bu, mexaniki hərəkətdi, başqa bir anlamı-filanı yoxdu.

- Xatırlamaq səni narahat eləmirsə, bəlkə bu suala da cavab verəsən: xərçəng olduğunu bilən anda ilk reaksiyan necə oldu? 
- Düşüncə gücünə özümü ölümə hazır vəziyyətə gətirdim, sağ qalmaqla ölmək arasındakı fərqi şüurlu şəkildə beynimdə yoxa çıxartdım. Sonradan bunun faydasını da gördüm: belədə müalicə boyu heç bir gərginlik keçirmirsən, özünü elə rahat sanırsan ki, elə bil qripdən müalicədəsən. Amma bu azdı hələ, sənin ölümünün faciə olmadığını gərək doğmalarının da ağlına batırasan. Bax, bunu eləmək mümkün deyil. 

- Bir yandan düşünürsən ki, adamın adicə başı ağrıyanda heç nə yaza bilmir. Amma sən ağır xəstə ola-ola təzə şeir yazıb çap elətdirmişdin. Xəstəlik, xüsusən də ölüm qoxuyan xəstəlik yaradıcılığı sıxışdırıb ikinci plana atmır məgər? 
-  Görünür, atmır. O vaxt məni bir düşüncə seli bürümüşdü. Heyif ki, həmin stixiyanı axıracan yaza bilmədim, çün vəziyyətim kompüter arxasında oturmağa imkan vermirdi, yoxsa həmin dalğada beş-altı, bəlkə də on-on beş şeir yazmaq olardı. Məncə, bu, xəstəliklə bağlı olan hansısa metafizik gərginlik deyildi, adicə şeir halıydı.

- Məsələn, mən yazmadıqca öldüyümü hiss edirəm. Düşünürəm ki, özünü, içindəkiləri gerçəkləşdirə bilməməyin özü də bir ölümdü. Sanki yazmaq sözünün sinonimi yaşamaq, yazmamaq sözünün sinonimi isə ölməkdi. Ya da belə deyim, ölüm deyilən şey yoxdu yazar üçün, sadəcə yazmamaq var. Necə ki, qaranlıq deyilən bir şey yoxdu, sadəcə işığın yoxluğu var.  Sən necə düşünürsən? 
- Mən pinəçiliyi maraqlı sənət sayıram, hətta biriylə dostlaşmışam da. Pinəçi ilə yazıçının fərqi nədədi? Pinəçi öz peşəsi ilə yalnız yanına köhnə ayaqqabı gətiriləndə məşğul olur, qalan hallarda, məsələn, məişət qayğıları barədə fikirləşir. Yazıçı isə daim yaradıcı müşahidələr aparır, hətta məişət qayğılarıyla əlləşəndə də yazacağı əsər barədə düşünür, yəni yazmayanda da yazıçılıq edir. Ona görə də, narahat olma, bu mənada sənə heç vaxt ölüm yoxdu.

- Həmin şeirində deyirsən ki, "Tanrı bu xırda, bu cılız insanın başını soxması üçün qapılar yaradıb yalnız – dünyanı yaratmayıb hələ...” Makro aləmin içində bu mikro varlığın fiziki xırdalığı aydındır. Bəs ruhən də insan o qədər cılız, xırdadırmı? Doğrudanmı, insan natural dünya ilə müqayisədə bu qədər sünidir? Sən bu şeirdə insan olaraq insanın yox, təbiətin tərəfindəsən. Elə bil Qeys Leylinin atasına qarşı yox, öz müdafiəçisi Nofələ qarşı vuruşur... Bu, təbiətə səcdə, insana asilikdirmi?
- Yazdıqlarımı şərh eləmək mənimçün çətindi. Sadəcə, bir şeyi deyə bilərəm: insanın ən kamil yaradılış olması barədə fikir insan təkəbbürünün uydurmasıdı. Əslində, ən kamil yaradılış, məsələn, ağacdı. Bəzi alimlər faktlarla sübut edirlər ki, heyvanların birgəyaşayış əxlaqı insanlarınkına nisbətən qat-qat üstündü. Yeri gəlmişkən, bu dünyada sərçələrin də yuvasının olduğu halda milyonlarla evsiz-eşiksiz adam var. İyirmi birinci əsrdi e, amma bəşər övladı hələ də adicə yuva problemini həll eləyə bilməyib. İndi biz necə deyə bilərik ki, insan ən mükəmməl yaradılışdı?!

- Həmin şeirdə mənim tanıdığım Salam sanki titan bir düşüncəyə qapılır və bütün ruhunu, düşüncəsini, biliklərini səfərbər edib həyat fəlsəfəsini ortaya qoyur. Burda zehnin və yaradıcılıq enerjisinin titanik cəmlənməsini, sıxılmasını görürəm. Elə bil Günəşi sıxıb-sıxıb bir futbol topu boyda həcmə sığışdırıbsan. 
- Məncə, insan dünyanı məhz düzəltmək istəyəndə korlayır. Düşünən beyin həmişə kainatın əleyhinədi, şüursuz dünyanın təbii yaşamına ziddi, ondakı əzəli nizamı, spontanlığı pozur. Ağıl nədi ki?! Silahdı da – yalnız məhv eləyir. Məsələn, yazıçıları, şairləri götür: heç onların da əməli yaradıcılıq deyil, dağıdıcılıqdı. Məncə, yaradılış prosesi çoxdan dayanıb, insan meydana çıxan kimi dayanıb.

- Ölümlə çarpışdığın bir zamanda bəlkə də oxucular səndən bədbin ovqat şeirləri gözləyirdilər, sənsə fundamental düşüncə şeiri ilə ortaya çıxdın. 
- Sən özün məndən də yaxşı bilirsən ki, poeziyada bədbin şeir, nikbin şeir bölgüləri olmur. 

- Mən bilirəm, ancaq hər halda şeirə bu bölgülərdən baxanlar da var...
- Poeziya barədə xeyli fikirlər deyilib, bu fikirlərin çoxu obrazlı ifadə olunduğuna görə rəngarənglik illüziyası yaradır. Əslində, sadələşdirsən, məsələ belədi: şeir informasiya ilə intonasiyanın bir yerdə gəldiyi girdabdı. Şair poetik informasiya ötürür: həmin informasiya xoş xəbər də ola bilər, bəd xəbər də. Adətən, istedadsızların şeirlərində bu bəd xəbər çılpaq olur, "yanıram”,  "ölürəm”, "başıma daş düşüb”, "yaralıyam” kimi şablonlarla ifadə olunur. Talantlı şairlər isə bəd xəbəri estetik dumana bürüyür, kədər çaları şeirdə uzaq fon kimi düşür, oxucu onu hiss eləmir, bütün diqqəti şeirdəki sənətkarlığa yönəlir. Bu mənada talantlı şairlərin "bədbin” şeirləri də ağrıkəsicidi.

- Burda söhbət yəqin ki, hazırlıqlı oxucudan gedir də, hə?
- Əlbəttə. Məsələn, hazırlıqlı oxucu hansısa romanı oxuyarkən əsərin qəhrəmanını izləmir, əsərin müəllifini izləyir. Görsün müəllif bu qəhrəmanın taleyini yazarkən hansı estetik labirintlərdən keçib, hansı fəndlərə, hansı maneralara əl atıb. Adi oxucu isə əsəri serial kimi izləyir, onunçün çox maraqlıdı ki, növbəti fəsildə Dezdomananı xalası oğluna verəcəklər, yoxsa yox. Bu elçilik prosesinin müəllif tərəfindən necə yazıldığı isə onun vecinə deyil.

- Məsələn, sənin bir şeirin var: "Gəl sənə təsəlli verim, darıxma düzəlməyəcək”. Bir dəfə demişdin ki, bu şeir nikbinlik aşıladığına, təskinlik verdiyinə  görə oxucuların dilinə düşüb. Amma kimsə soruşa da bilər: nəyinsə düzəlməyəcəyi hökmü adamda necə nikbinlik yarada bilər?
- Məsələ belədi ki, heç kim dünyadakı pisliyin varlığıyla barışmaq istəmir. Hər kəs xəyalında təmiz dünya modeli qurub və gerçək həyatda baş verənləri həmin modellə müqayisə eləyib daim məyus olur. Bu şeirdə isə deyilir ki, cəmiyyətin substansiyası şərdi və bu həqiqəti belə də qəbul eləmək lazım. Əyrilik ağac budağının təbiətidi, sən onu gərib düzəltmək istəyəndə sındırmış, məhv eləmiş olacaqsan. Yəni dünyanın düzəlməsi onun məhvi deməkdi, əslində. Ona görə də hər şeyin düzəlməsini uma-uma sıxıntı keçirməyə  nə hacət?! Bu ümidləri bəri başdan öldürüb yüngülləşmək yaxşıdı.

- Usta, insan hətta tam sağlam olanda da ölüm haqda düşünür. Bu haqda düşünəndə ölüm də mənə həyatın ya bir hissəsi, ya davamı kimi gəlir. Ancaq ayrı bir məkanda, ayrı bir müstəvidə. Yəni həyatın biri ilə vidalaşacağını bilməyən yoxdur. Ancaq insan "hələ ölməmək üçün” dərhal bir-iki "tutarlı” səbəb tapır. Hərədə bu bir-iki səbəb müxtəlif ola bilər. Sənin "hələ ölməmək” üçün səbəblərin nədir?
- Hə, səbəblər çox ola bilər, amma ilkin səbəb əksərimizdə eynidi: sadəcə, hansısa doğmamızı bu qəddar dünyada kimsəsiz qoyub getmək istəmirik. Bunun dalınca gəlir səninçün maraqlı olan nələrdənsə, kimlərdənsə ayrılmaq xofu. "Ölüm qorxusu” yayğın ifadədi, əslində, canımızı bürüyən ayrılıq qorxusudu. Filosoflarla şairlər ölüm anlayışına boşboğazcasına xeyli mənalar soxuşdurublar, hətta ölümü həyata qarşı qoyublar, onu əlahiddə bir məqam kimi təqdim ediblər. Əslində isə ölüm həyatın içində olan məişət məqamıdı, dükana getmək kimi adi bir hadisədi: sadəcə, bu dəfə dükana gedib qayıtmırsan. 

- Səhv eləməsəm, şeirlərinin birində ölümü məhz adi məişət hadisəsi kimi göstərmişdin. O şeiri əzbər bilirsənmi?
- Balaca şeirdi, yadımdadı:

Evdən çıxırmış kimi çıxacaqsan dünyadan –
işığı söndürüb qapını bağlayandan sonra düşünəcəksən: 
heç nəyi unutmadım ki?
heç kimi unutmadım ki?

- Bildiyimə görə, üç ay ərzində sənə beş dəfə cərrahi müdaxilə olub və əməliyyatların üçü Bona Dea hospitalında aparılıb. Yəqin ki, ömründə ilk dəfə düşdüyün xəstəxana həyatından maraqlı müşahidələrin var. Bir-neçəsini bölüşə bilərsənmi?
- Birini burda deyim, qalanlarından gələcək yazılarımda danışaram. Orda həm həkimlərin, həm də texniki personalın üzündən təbəssüm əskik olmur. Heç demə, tanımadığın adamların bəxş elədikləri təbəssümdə qəribə enerji varmış, hazır dərmandı.

- Eləysə, niyə biz həmin enerjini cəmiyyətimizin başqa yerlərində bir-birimizdən əsirgəyirik? Mağazada, restoranda, küçədə... Məsələn, bildiyimə görə, Qərb ölkələrində adamlar tanımadıqlarına da təbəssüm bəxş edirlər. Hərçənd biz bu məsələdə də onlara bir qulp qoymuşuq, həmin təbəssümü süni hesab edirik.
- Süni olanda nolar ki?! Onsuz da, dünyada maskasız yaşayan toplum yoxdu. Mədəniyyətlər toplumların mahiyyətinin dərinliklərində deyil axı, səthdədi, üzdədi, yəni maskadı. İndi bir var gözəl maska taxasan, bir də var eybəcər maska.  Amma insafən, həmvətənlərimiz Qərb dəyərlərinə etinasız deyillər, sadəcə, Avropanın yalnız pulla alınası dəyərlərini götürürük – maşınlarını, məişət texnikalarını alırıq. Havayı dəyərlərə isə yaxın durmuruq.

- Səncə, niyə?
- Dəqiq bilmirəm. Çox güman, canımızdakı qürurla bağlıdı: biz tanımadıqları əmilərin uzatdıqları konfeti götürən uşaqlarımıza pis baxırıq axı.

- Toplumların mədəniyyətindən söz düşmüşkən, bir məsələni də danışaq. Düşüncə adamlarının əksəri öz xalqlarını daim tənqid ediblər. Elə bizdə də Sabirdən, Mirzə Cəlildən, Axundovdan başlayan ənənə indi də davam edir. Sən necə düşünürsən, maarifçiliyin hansısa funksionallığı varmı?
- Pərviz, mən bir sualın cavabını dəqiq bilməyəndə əlacsızlıqdan elementar məntiqdən yapışıram. Bu məntiq mənə deyir ki, xalqı tənqid eləmək heç bir fayda verə bilməz, çünki texniki cəhətdən mümkün deyil. Axı heç bir xalq onun haqqında yazılan iradları hamılıqla oxumur, hamılıqla toplaşıb həmin tənqidləri müzakirə eləmir. Məsələn, beş milyon azərbaycanlının hansısa zala yığışıb Novruzəlinin aqibətindən nəticə çıxarmaq barədə götür-qoy eləməsini texniki baxımdan təsəvvür edə bilirsən? Absurddu axı. Bir xalqı başqa xalqla müqayisədə tənqid eləmək isə hətta zərərlidi. Sən göydə balonlarla gəzən əcnəbini hələ də avtomobil minməyən bir nəfər azərbaycanlıya nümunə göstərəndə onun təfəkkürünü oyada bilərsən, amma milyon nəfər azərbaycanlıya nümunə göstərəndə toplumun təkəbbürünü oyadacaqsan. Təkəbbür isə, mexaniki olaraq, tənqid olunan cəhətlərdən daha bərk yapışır.

- Adətən, belə məqamlarda bir sual ortaya çıxır: bəs nə təklif eləyirsən,  çıxış yolu nədir?
- Mənim təklifim sənin nəyinə lazımdı, ortada hazır tarixi təcrübə var da. On beş il qabaq bir qəzetdə də yazmışdım ki, maarifçiliyin rolunu əbəs yerə şişirtməyin, bütün dünyada mədəniyyətlər zor gücünə yaradılır. Məsələn, orta təhsil məhz məcburidi, bu məqamı hansısa maarifçinin ixtiyarına buraxa bilməzsən. 

- "Zor gücünə” deyərkən nəyi nəzərdə tutursan? Dəyənək gücünə?
- Bəli, amma söhbət dırnaq arasındakı dəyənəkdən gedir. Zorun min dənə fəndi var. Məsələn, bir vaxtlar fransızlar da növbəyə dura bilmirdilər. Bu problemi necə həll elədilər? Basabas olan yerlərdə dəmir ziqzaqlar quraşdırdılar, adamları saldılar iki paralel çəpərin arasına, kimsə çəpəri adlayıb irəli soxula bilmədi. Sonradan bu sahman adamların vərdişinə çevrildi və çəpərləri yığışdırdılar. Məsələn, bir vaxtlar biz də avtobusa minib-düşməyi bacarmırdıq – qapıların ağzında basabas, hay-küy adi hala çevrilmişdi. Maarifçi dostlarımız bu məsələdən yazdıqca basabasın şiddəti daha da artırdı. İşə bax, bu problemi, sadəcə, kart sistemini tətbiq eləməklə yoluna qoydular: indi adamlar səliqə-sahmanla qabaq qapıdan minib, arxa qapıdan düşürlər.
 


- Deyirsən, maarifçiliyin rolunu şişirtməyə dəyməz. Belə çıxır, sən həmin rolu tamamilə inkar da eləmirsən. Düz başa düşdüm?
- Əlbəttə, inkar eləmirəm. Amma maarifçilərin missiyası "dəyənəyə” konsepsiya verməkdi, camaata öyüd-nəsihət vermək deyil.

- Usta, bir az da ədəbi mühitdən, ədəbiyyatdan danışaq. Özüm də şahid olmuşam, çayxana söhbətlərində daim kitab təbliğatının yanlış aparıldığından danışırsan. Dar dairədə elədiyin həmin söhbəti oxucularla da bölüşə bilərsənmi?
- Mən bu söhbəti ancaq ərk elədiyim qələm dostlarımla eləyirəm. Məsələn, deyirəm, televiziyalara çıxıb Azərbaycanda kitabın oxunmadığı barədə ağlaşma qurmayaq, bununla işləri bir az da korlayırıq. Təvəkkül əmi bizim bu giley-güzarımızı eşidib belə düşünür: camaat kitab oxumursa, deməli, yaxşı bir şey deyil, onda mən niyə əlimə kitab almalıyam?! Məncə, bizim yazarlarımız bu deyingənlikdən əl çəkməlidi. Neyləməli, insan psixologiyası axına qoşulmağa meyillidi. 

- Qəribə haldır ki, dünyanın bütün yerlərindən fərqli olaraq bizdə yazıçı-şairlər arasında heç vaxt ədəbi-estetik savaş olmayıb, həmişə nəsə başqa bir şey olub. Məsələn, Əkrəmlə Anar arasında 100 illik müharibəyə nə deyirsən? Onlar nəyi bölüşə bilmirlər? Haçansa nə Əkrəm Anarın, nə Anar Əkrəmin yaradıcılığı haqda pis bir fikir səsləndirib. Ancaq 100 il başa çatmaq üzrədir, dava eynən davam edir...
- Anar da, Əkrəm Əylisli də dünyagörmüş adamlardı, onların şəxsi münasibətləri barədə nəsə deməyim yerinə düşməz. Heç buna mənəvi haqqım da yoxdu, çün özümün də bir neçə nəfərlə mübahisələrim olub. Amma sualın özəyi çox maraqlıdı: doğrudan da, niyə Azərbaycanda ədəbi-estetik dartışmalar yoxdu? Bu barədə dərindən düşünməmişəm, ona görə də cavabım səthi olacaq. Məncə, informasiya sərhədləri açılandan sonra biz ədəbiyyatın fundamental məsələləri ilə bağlı dünyada gedən mübahisələrlə tanış olduq və sanki lazım olan bütün bilgiləri əxz elədik. Sanki həmin mübahisələri öz aramızda təkrar eləməyə ehtiyac qalmadı, hamı başını aşağı salıb şeirini, hekayəsini yazmaqla kifayətləndi. Məsələn, artıq sən romançılığın anatomiyasını əlinin içi kimi bilirsən, nəyin mübahisəsini aparacaqsan, kimlə aparacaqsan? Axı həmin bilgilər artıq başqalarına da məlumdu. 

- Deyirsən, mənim özümün də bir neçə nəfərlə mübahisələrim olub. Yaxşı, siz nəyi bölə bilmirdiniz?
- Bu barədə bir dəfə zarafatla yazmışdım. Talantsız yazarlar bir qayda olaraq bir-birini qoruyur, bir-birindən bərk yapışır, bir-birinin tədbirlərində ellikcə iştirak edir, bir-birinin yazılarını ellikcə tərifləyirlər. Amma Azərbaycanda on istedadlı yazar varsa, doqquzu bir-biriylə münaqişədədi (gülüş). 

- Usta, adam çətin günlərində istər-istəməz dostları-yaxınları saf-çürük edir. Məyus olduğun məqamlar olmadı ki?
- Yox, olmadı. Əksinə, əvvəllər fərqində olmadığım bəzi qənaətlərə də gəldim. Məsələn, gördüm ki, mənə görə fədakarlığa belə hazır olan xeyli dostlarım varmış. Yeri gəlmişkən, bu çətin günlərdə əziyyətə qatlaşan adamlar haqda yazı yazmaq niyyətim var. Ümumən, minnətdarlıq duyğusunu dilə gətirməyi norma sayıram. Doğrusu, həmin adamların təqdirə ehtiyacları yoxdu, amma məsələnin ictimai yükü var axı: o yazını yazıb göstərmək lazımdı ki, cəmiyyətin müvazinətini saxlayan sevgilər hələ də var. 

- Səni çox vaxt gənclərin arasında görürük. Ədəbiyyata gələn gənclərə, ümumiyyətlə, gənclərə öz həyat təcrübəndən bölüşəcəyin, başa salmaq üçün deyəcəyin nələrsə varmı?
- Buna lüzum yoxdu. Əvvala, gənclərin özləri belə məsləhətlərə ehtiyac duymurlar, əksinə, əvvəlki nəsillərə ağıl öyrətməyə çalışırlar. Bu da çox normaldı, inkarı inkar qanunu var axı. Atalar və oğullar mübarizəsi yalnız avtobuslardakı oturacaqlar uğrunda getsəydi, çox pis olardı. Əslində, gənclərə məsləhət vermək onları öz yaşımızın həndəvərinə dartmaq cəhdidi. Yaşın da, konkret dövrün də reallıqlarını nəzərə almaq lazım. İndi hətta alışqanlarda da fanarın olduğu zamandı, kimlərsə şam işığının romantikasını təlqin eləmək yersiz olar. 

- Amma özün də şahidsən ki, yaşlı nəsil elə hey gəncləri danlayır, məzəmmət eləyir. Özü də, bu tənələrin məğzində belə bir çalar xüsusilə qabardılır: "Biz cavan olanda belə olmamışıq”.
- Bütün dövrlərdə belə olub, gənclər bütün dövrlərdə beləcə lənətləniblər. 2500 il qabaq Sokrat da belə deyirdi ki, indiki gənclər pis tərbiyə olunub, yaşlılara hörmət eləmir, valideynlərini saymırlar. 2800 il qabaq yunan şairi Hesiod da belə yazırdı ki, ölkəmizin gələcəyinin indiki gənclərin əlində olacağını fikirləşəndə dəhşətə gəlirəm. Hətta Babil xarabalıqlarından 3000 il əvvələ aid saxsı küp tapılmışdı, onun da içindən bu fikir çıxmışdı ki, indiki gənclər tərbiyəsizdirlər. Bu fikirlərin üçünü də bir araya gətirib oxuyanda belə çıxır ki, bütün dövrlərin gəncləri tərbiyəsiz olub. Cəfəngiyyatdı. Bu fikirlərin üçü də gənclərdən özlərinə qarşı diqqət uman eqoist qocaların deyingənliyidi, intellektual yanaşma deyil. 

- Bəlkə elə buna görə gənclər də daim gileylənirlər ki, qocalar onları hər yerdə sıxışdırır, inkişaflarının qabağını kəsirlər?
- Həə, düzdü, hansısa epizodlarda qocalar doğrudan da gənclərin qarşısında əngələ çevrilə bilirlər, amma ümumi mənzərə təqdim olunduğu kimi deyil. Hərdən düşünürəm: cavan oğlan, niyə naşükürlük eləyirsən? "Gənclər meydanı” sənin, hər ilin fevralında qeyd olunan "Gənclər günü” sənin, "Gənclik” metrosu sənin, "Gənc ədiblər məktəbi” sənin, Gənc Tamaşaçılar Teatrı sənin, Dövlət Gənclər Teatrı sənin, Olimpiya-idman kompleksləri sənin... Amma qocalarçün bir nərdxana çadırı da yoxdu, babalarınız zəri "skameykalarda” oturub dizlərinin üstündə atırlar. Qocalara bir taqqa-taraq tramvay xəttini də çox görüb sökmüsüz (gülüş).

- Bildiyimə görə, bu yaşında kompüter proqramlaşdırmasını öyrənmisən, indi heç gənclərin əksərində bu sahəni öyrənməyə hövsələ yoxdu. 
- Hə, proqramlaşdırmaya bir vaxtlar marağım vardı, amma peşəkar səviyyədə məşğul deyildim, elə-belə, özümçün bəzi proqramlar, oyunlar qururdum. Düzü, son vaxtlar bu xobbimdən aralı düşmüşəm. Bir şey deyim: proqramlaşdırma sənətə yaxın sahədi. Sən hansısa süjeti kodlaşdırırsan, yəni senarini tamam fərqli bir sintaksislə yazırsan, sonra bir "play” düyməsinə basmaqla yazdıqların vizuallaşır, görüntülənir. 

- Azərbaycan diliylə bağlı mübahisələri izləyirsənmi? Bəziləri dilimizi Türkiyə türkcəsindən gətirilən sözlərdən qorumağa çağırır. Sən necə düşünürsən?
- Özünü dünyadan qorumaq kompleksidi də. Hətta plovumuzu da yad təsirlərdən qorumaq istəyənlər var. Sanki Azərbaycanı çəpərə alınmış qoruğa çevirmək istəyirlər ki, yüz ildən sonra tarix muzeyinə təhvil versinlər. Bayaq da dedik, informasiya sərhədləri açılıb artıq, dəyərlərin mübadiləsi qaçılmazdı. Həm də dil dinamik prosesdi axı, statik deyil. Onsuz da, lüğətimizdə gəlmə sözlər çoxdu, bundan sonra da gəl-get olacaq. Məncə, problem kontekst məsələsindədi: nəinki başqa dillərdən gələn sözləri, heç özümüzünküləri də kontekstə oturda bilməyəndə qıcıq doğurur. Sinonimlərin çoxluğunun nə ziyanı?! Məsələn, bu əndrabadi "fövqəltəbii” sözünün daha rahat səslənən sinonimi Türkiyə türkcəsində varsa, qoy gəlsin də. Yoxdursa, lap Afrikadan tutub gətirmək lazımdı. Noolacaq? Dünya dağılacaq? Hərçənd, ədəbi dilimizdəki bəzi boşluqları doldurmaq üçün əvvəlcə yaxın yerlərə boylanmaq lazımdı – elə öz rayonlarımıza. Əyalətlərin dialektlərində elə gözəl sözlər var ki, onları ümumişlək hala gətirmək daha faydalı olar.

- Sənin çox qədimlərdə dediyin bir maraqlı fikir vardı: "dinlər allahın yerdəki dəftərxanasıdır”. Allah bildiyin o varlıqla hansısa söhbətlərin olurmu? Ümumiyytətlə, Allah adlı mistik varlığa yanaşman bütöv halda necədir?
- İnsanın mühərriki elə qurulub ki, Allaha gerçək kimi inanmasan belə, şirin bir yalan kimi mütləq inanacaqsan. Çün şirin yalana inanmaq meyli, özünü aldatmaq istəyi hətta ateistlərdə də var. Çün bizi çox vaxt soyuq şüurumuz yox, emosiyalarımız idarə eləyir. Məsələ orasındadı ki, arzularımızda və ümidlərimizdə bir möcüzə gözləntisi var – bəzən beynimizdən elə xəyallar keçir ki, onların gerçəkləşməsi yalnız möcüzə hesabına mümkündü. Söhbət möcüzə gözləntisindən gedirsə, istər-istəməz fövqəltəbii bir mənaya dirənirsən. Bəlkə də bu qənaətimi həddən artıq soyuq, həddən artıq riyazi mühakimələrlə darmadağın eləmək olar, amma axı mən həddən artıq soyumaq, həddən artıq qurumaq istəmirəm. Sadəcə, istəmirəm.

Pərviz Cəbrayıl

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->