Pentaqon rəhbəri Lloyd Ostin 2001-ci il sentyabrın 11-də Nyu-Yorkda terror aktını təşkil etməkdə ittiham olunan şəxslərə ölüm cəzasından yayınmağa imkan verən vəsatət müqavilələrini ləğv edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "New York Times" qəzeti yazıb.
"Səlahiyyətlərimdən istifadə edərək, yuxarıda göstərilən iş üzrə 31 iyul 2024-cü ildə imzaladığınız üç məhkəməyəqədər razılaşmadan imtina edirəm. Qərar dərhal qüvvəyə minir", deyə Ostin Hərbi Komissiyaların çağırılması üzrə komissarı Syuzan Eskalyeyə yazdığı məktubda qeyd edir.
Bununla da, 2001-ci il sentyabrın 11-də Nyu-Yorkda terror aktını hazırlamaqda və təşkil etməkdə şübhəli bilinən şəxslər məhkəməyə qədərki razılaşma əsasında ölüm hökmündən yayınmaq imkanından məhrum ediliblər.
Qeyd edək ki, 2001-ci il sentyabrın 11-də ABŞ-da terror aktlarının təşkili ilə bağlı iş üzrə əsas təqsirləndirilən şəxs Xalid Şeyx Məhəmməd və onunla əlbir olan daha iki nəfər ABŞ hərbi prokurorları ilə sövdələşməyə gediblər. Bu barədə "The New York" Times qəzeti yazıb.
Bildirilir ki, onlar ölüm cəzası əvəzinə, ömürlük həbs cəzasına məhkum olunacaqlarına zəmanət müqabilində günahı etiraf etməyə razılaşıblar. Qeyd edilir ki, təqsirləndirilən şəxslər ittiham aktında sadalanan 2976 nəfərin qətli də daxil olmaqla, bütün ittihamlar üzrə təqsirli olduqlarını etiraf ediblər.
Xalid Şeyx Məhəmməd, Valid bin Attaş və Mustafa əl-Havsəvi 2023-cü ildən ABŞ-ın Kubadakı Quantanamo bazasında həbsdədirlər. Hazırda 59 yaşı olan Məhəmməd ABŞ-da təhsil almış mühəndisdir. İş materiallarına görə, təyyarələri qaçırıb binalara çırpmaq ideyasını məhz o verib.
Prokurorlar iddia edirlər ki, Məhəmməd hücum planını hazırlayıb və 1996-cı ildə "Əl-Qaidə" lideri Usamə bin Ladenə təqdim edib. Terror aktının icraçılarının hazırlanmasında da iştirak etdiyi iddia edilir.
Ağ Evin sözçüsü Con Kirbi bildirib ki, ABŞ prezident administrasiyası iyulun 31-dək 2001-ci il sentyabrın 11-də terror aktını törətməkdə təqsirləndirilən 3 nəfərin günahı etiraf etmək barədə sövdələşməsinə getdiyindən xəbərsiz olub.
Kirbi bu hərəkətlərin müstəqil hərbi istintaq orqanı tərəfindən təşkil edildiyini vurğulayıb. O, əlavə edib ki, ABŞ prezidenti Co Bayden milli təhlükəsizlik komandasına məsələni əlavə müzakirə etmək üçün Pentaqondakı şəxslər və liderlərlə əlaqə saxlamağa göstəriş verib.
Onu da qeyd edək ki, 2001-ci il sentyabrın 11-də "Əl-Qaidə" qruplaşmasının 19 terrorçusu ABŞ-da 4 sərnişin təyyarəsini qaçırıb. Onlardan ikisi Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzinin əkiz qüllələrinə, daha ikisi isə Vaşinqtona yönəldilib. Dördüncü təyyarə hədəfinə çata bilməyib və Pensilvaniya ştatının Şenksvill şəhəri yaxınlığında qəzaya uğrayıb. Terror aktları zamanı ümumilikdə 2 982 nəfər həlak olub.
Aydın
Şərhlər