Siyasətçi Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya bildirib ki, Rusiyaya qayıdanda prezident seçkilərində iştirak edəcək.
Qaynarinfo bu barədə moscowtimes.ru-ya
istinadla xəbər verir.
"Mənim məqsədim ölkədə dəyişiklikləri yaxınlaşdırmaq və mümkün etməkdir. Əgər Rusiyaya qayıdarsam, prezidentliyə namizəd kimi seçkilərə qatılacağam”, - Navalnaya BBC-yə verdiyi müsahibədə deyib. O, Vladimir Putinin hakimiyyətdə olduğu müddətdə Rusiyaya qayıtmağın mümkün olmadığını vurğulayıb. Navalnaya, ərinin dəfninə belə, həbs olunma qorxusuna görə doğma şəhərinə gələ bilmədiyini xatırladıb.
İyul ayında Moskvanın Basmannı məhkəməsi Navalnayanı ekstremist təşkilatda iştirak ittihamı ilə axtarışa verib. Ona iki aylıq həbs cəzası verilib. Bu müddət Rusiyaya ekstradisiyadan və ya ölkədə həbs edildiyi andan etibarən hesablanacaq.
Eyni zamanda, BBC-yə müsahibəsində Navalnaya etiraf edib ki, o "sehrbaz deyil və Rusiyada dərhal dəyişiklik etməyin sirrini bilmir”. "Böyük bir iş görmək mümkün deyilsə, hər gün kiçik bir iş gör. İnsanlar belə etdikcə, dəyişikliklərin vaxtı daha tez gələcək,” - o qeyd edib.
Onun sözlərinə görə, rus müxalifəti çətin vəziyyətdədir: bir çoxları sürgündə və depressiyadadır. "Mən yox. Həyatımda baş verən bütün dəhşətli hadisələrə baxmayaraq, bir gün hər şeyin dəyişəcəyinə inanıram, ya tez, ya da gec”, - Navalnaya vurğulayıb.
O, eyni zamanda müxalifətin yalnız bir-biri ilə mübarizə apardığını, Putinə qarşı mübarizə aparmadığını qəbul etməyib. "Siz demokratik bir ölkədə yaşayırsınız, müxtəlif siyasi partiyalar var, onlar bir-biri ilə hakimiyyət uğrunda mübarizə aparır. Bizim də eyni vəziyyətimiz var. Hətta Vladimir Putinə qarşı olan müxalifət də fərqli baxışlara və məqsədlərə sahib ola bilər. Siyasətçilərin bir-biri ilə rəqabət etməsi normaldır”, - Navalnaya bildirib.
Daha əvvəl The Times-a verdiyi müsahibədə Navalnaya qeyd edib ki, mərhum əri onun siyasətdən uzaq durmasından məmnun olardı. "Amma sadəcə başa düşürsən ki, seçim yoxdur. Təbii ki, susmaq olardı. Amma mən belə edə bilmirəm. Mən bu mübarizədən [Rusiyanın xeyrinə] əsla imtina etməyəcəyəm”, - Navalnaya vurğulayıb.
Alpər
Şərhlər