"Azərbaycan təhsil sistemində sosial iş xidmətləri yaranmasa, məktəblərdə baş verən zorakılıq hadisələrinin sayı ildən-ilə artacaq".
Bunu Qaynarinfo-ya açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu Sabunçu rayonunda məktəblinin sinif yoldaşına kəsici alətlə xəsarət yetirməsi hadisəsindən danışarkən deyib.
Sosioloq bildirib ki, illərdir bununla bağlı Elm və Təhsil Nazirliyinə təkliflər paketi ünvanlayıb:
"Mən illərdir ki, bunu deyirəm, amma təəssüf ki, verdiyim açıqlamanı yalnız jurnalistlər eşidir. Mənim danışdıqlarım bir aidiyyatı qurumun vecinə də deyil. 10 ildir bar-bar bağırıram ki, orta məktəblərdə sosial iş xidməti yaradılmalıdır. Cəmiyyətdə məhəllə üzrə sahə müvəkkili olduğu kimi, sosial iş xidməti də olmalıdır. Çünki cəmiyyət günü-gündən mürəkkəbləşir. Bu, təkcə məktəbdə deyil, cəmiyyətin özündə gərginlik artır. Belə olanda məktəbdə də gərginlik artır".
Əhməd Qəşəmoğlu qeyd edib ki, günü-gündən mürəkbləşən cəmiyyət sosial iş xidmətini tələb edir:
"Bu fənn ali məktəblərdə tədris olunur, tələbələr hazırlanır. Xarici ölkələrdə sosial işçi yerlərini boş yerə açmayıblar. Cəmiyyət mürəkkəbləşdikcə, sosial iş xidmətinə təlabat artır. Bizdə də cəmiyyətdə sosial iş xidməti olmayanda təhlükəsizlik xidmətləri yaradılmır. Mən bununla bağlı Elm və Təhsil Nazirliyinə layihə də vermişəm. Layihənin bir üzünü Bakı Şəhər Təhsil İdarəsinə veriblər, amma hələ də mənə cavab verən yoxdur. Sosioloq hay-küy salanda başa düşmürlər, özlərini sosioloqdan ağıllı aparırlar. Təhsil sahəsinə cavabdeh olan adamlar indi cavab versinlər ki, bu hadisə niyə məktəbdə baş verir. Bu xidmət məktəbdə yaranmalıdır".
Qeyd edək ki, Sabunçu rayonu ərazisində yerləşən məktəblərin birində şagirdin sinif yoldaşına kəsici alətlə xəsarət yetirməsi ilə bağlı hadisə baş verib. 7-ci sinifdə təhsil alan 2 şagird arasında tənəffüs vaxtı mübahisə yaranıb. Mübahisə zamanı şagirdlərdən biri əlindəki kəsici əşya ilə digər məktəblinin qarın nayihəsinə zərbə endirib. Məktəb rəhbərliyi tərəfindən məsələyə müdaxilə edilib. Xəsarət alan şagird məktəbin tibb işçisi tərəfindən yoxlanılıb və ciddi bir xəsarət aşkar olunmayıb.
Bahar Rüstəmli
Şərhlər