Xəbər lenti

İspaniya DİN Valensiyada krala palçıq atanların kimliyini müəyyən edəcək
Dünya 16:32 04.11.2024

İspaniya DİN Valensiyada krala palçıq atanların kimliyini müəyyən edəcək

İspaniya Daxili İşlər Nazirliyinin rəhbəri Fernando Qrande-Marlaska bildirib ki, polis Payporta şəhərində baş verənləri araşdırır. Orada İspaniya kralı VI Filip və onun ətrafına yerli sakinlər tərəfindən palçıq və taxta parçaları atılıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə ispaniyalı nazir "Noticas de Navarra”ya müsahibəsində məlumat verib.

Yerli sakinlər əyalətdə daşqınlar fonunda hakimiyyətin hərəkətsizliyindən hiddətləniblər. Daxili işlər naziri deyib ki, polis krala və baş nazir Pedro Sançesə hücum edən "aqressiv azlığı” müəyyən edəcəklər.

İspaniyanın TVE telekanalı ilə söhbətində cənab Marlaska bildirib ki, Mülki Qvardiyanın məlumat qərargahı insidentlə bağlı araşdırma aparır. Nazirin sözlərinə görə, qərargah ilk dəqiqədən qətiyyətli şəkildə təhqiqat aparır.

"Ümid edirik ki, yaxın bir neçə saat və ya gün ərzində istintaqda əhəmiyyətli irəliləyiş əldə edəcəyik, burada yalnız işdə iştirak edən insanları deyil, həm də buna şərait yaradan amilləri göstərmək mümkün olacaq", deyə Marlaska bildirib. 

Xatırladaq ki, noyabrın 3-də VI Filipp, Kraliça Konsorti Letisiya, baş nazir Pedro Sançes və Valensiya Muxtar İcmasının rəhbəri Karlos Meyson daşqınlardan zərər çəkmiş əyalətə səfər ediblər. Payporta şəhərində yerli sakinlər kralı və məmurları təhqir edərək, niyə şəhərə daha əvvəl gəlmədiklərini soruşub və onları "qatil” adlandırıblar. Sançesi taxta ilə vurublar və kraliçanın üzünə palçıq atıblar.

Oktyabrın 29-da daşqınlara səbəb olan güclü yağışlar İspaniyanın şərq və cənubunu vurub. Son məlumatlara görə, daşqın nəticəsində ölənlərin sayı 214 nəfərə çatıb. Ölüm hadisələri ölkənin cənubunda yerləşən Kastilya-La-Mançanın mərkəzi bölgəsində və Əndəlüsdə qeydə alınıb.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->