Xəbər lenti

Siyasət 13:33 06.03.2024

"İranla münasibətlər nizamlanacaq, amma..." - Ekspert

"Tehrandakı səfirliyin bərpası zəruridir, səfirlik əvvəl-axır açılmalıdır". 

Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Azər Hüseynov Azərbaycan və İran XİN rəhbərlərinin Ciddədəki görüşü fonunda Tehrandakı səfirliyimizin bərpası məsələsini şərh edərkən deyib.

Ekspert bildirib ki, hazırda Ermənistan hakimiyyətininin Qərbə meyllənməsi İranı narahat edir:

"Azərbaycan və İran arasında zaman-zaman problemlər yaşanıb. Emosiyaları bir kənara qoysaq deyə bilərik ki, bunun əsasında xarici siyasət, regional sülhlə bağlı fikir fərqləri dayanır. Eyni zamanda, İranın Ermənistanla münasibətləri Azərbaycan üçün xarici təhlükə mahiyəti ifadə edirdi. Ancaq hazırda Ermənistanın hakimiyyətində Qərbə meylliyin güclənməsi İranı narahat edir. Azərbaycanın da marağındadır ki, Ermənistanın İranla münasibətləri soyusun. İrəvanın bir tərəfdən də Rusiya ilə münasibətləri soyuyur. Belədə, Ermənistanın təklənməsi onu sülhə vadar edə bilər. Türkiyə də xarici siyasi kursunda korrektələr edib. Misirlə münasibətləri normallaşdırır. Ola bilər ki, yaxınlarda bunu Suriya ilə münasibətlərdə də  istilik yaransın. Azərbaycan Türkiyənin müttəfiqidir. Türkiyə anti-Qərb zolağında İranı da görür. Azərbaycan Avropa tərəfindən təzyiqlərə məruz qalır. Amma Azərbaycan neft-qazı da Avropaya lazımdır. Bununla birlikdə Azərbaycan çox gözəl bilir ki, uzaq qohumdan yaxın qonşu yaxşıdır".
 


Azər Hüseynov hesab edir ki, Azərbaycan - Türkiyə ağırlıqlı regional balansı qoruya bilir:

"Rusiya ilə münasibətlər normaldır. İranla problemlərin masada nizamlanması və bir sıra məsələlərdə birgə fəaliyyəti də görürük. Doğrudur, müəyyən güclər var ki, bu gedişatı pozmaq istəyir. Lakin sağlam geosiyasi alqoritmlər deyir ki, Azərbaycan yuxarıdakı xətti davam etdirməlidir. Bütün bunlar isə səfirliyin fəaliyyətinin bərpasını zəruri edir. Demirəm dərhal, amma səfirlik əvvəl-axır açılmalıdır".

Qeyd edək ki, İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Ciddədə keçirdiyi görüşün təfərrüatları barədə jurnalistlərə açıqlamasında Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunduğunu deyib: "Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin İrana göndərilməsi ilə bağlı yaxın vaxtlarda tədbirlər görülməsi ilə əlaqədar razılıq əldə etdik".

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->