Xəbər lenti

İddiasız iddialılar
Amal Abuşov
İdman 09:31 20.02.2024

İddiasız iddialılar

Məni tanıyanlar bilir. Daim yerli futbolçuların və məşqçilərin dəstəkçisi olmuşam. İstəmişəm ki, yerli futbolçular legionerlərin ayağına verilməsin, azərbaycanlı çalışdırıcılara da əcnəbilərdən daha çox şans qazansın. Bəzən "ifrat yerlipərəstlik” etdiyimin fərqində olsam da, həmyerlilərimizin irəli getməsi naminə bu cür davranmağa davam etmişəm.

Yerli futbolçuların səviyyəsi o qədər də ürəkaçan olmasa da, Qurban Qurbanovun "Qarabağ”la qazandığı uğurlar azərbaycanlı futbol mütəxəssislərinə olan inamı daha da artırıb. Ortada böyük bir həqiqət var ki, Qurban bəyin Azərbaycan futbolu üçün qazandığı uğurlara bizim digər klublarımızı çalışdıran əcnəbilər yaxın düşə bilməyiblər. Ukraynalı Roman Qriqorçuk "Qəbələ”nin "sükanı arxasında” olarkən ardıcıl iki mövsüm "qırmızı qaralar”ı Avropa Liqasının qrup mərhələsinə çıxarmağı bacarıb. Amma əyalət təmsilçinin qrupdakı çıxışı xeyli bərbad alınıb. "Qəbələ”nin çıxışında stabillik çatmayıb. "Qarabağ”la bağlı durum isə tamam fərqlidir. "Köhlən atlar” həm daxili çempionatda, həm də avrokuboklarda yetərincə sabit və uğurlu çıxış edir.

"Neftçi”ni illər sonra çempion edən çalışdırıcı da azərbaycanlı Samir Abasov oldu. "Ağ qaralar” rəhmətlik Böyükağa Hacıyevin qazandığı uğuru illər sonra məhz Abasovun rəhbərliyi ilə təkrarlaya bildilər. Elə Tərlan Əhmədovun da "Neftçi”dəki işi yetərincə effektiv alındı, komanda uzun müddət əziyyət çəkdiyi böhrandan çıxa bildi. Bununla belə "Neftçi”nin əcnəbi məşqçilərə olan sevgisi tükənmək bilmir. Komandanın "sükanı” gah italyan Roberto Bordinə tapşırıldı, gah da rumıniyalı çalışdırıcılara böyük etimad göstərildi. Di gəl ki, bu əcnəbilərin heç biri Abasov kimi "Neftçi”ni çempion etməyi bacarmadı. Adrian Mutunun "Neftçi”dəki fəaliyyəti isə fiaskoya çevrildi. Klub rəhbərliyi də çıxış yolunu Mutunu yola salıb, Miodraq Bojaviçə qucaq açmaqda tapdı. Bu dəyişikliyin uğurlu olduğunu demək çətindir.

Hazırda yerli mütəxəssislərə özlərini göstərmək, Qurban Qurbanovun açdığı cığırla inamla addımlamaq üçün böyük şans verilib. Xüsusən də daim etimad görən bəlli qrup məşqçilər var. Bu gün Tərlan Əhmədov kimi mütəxəssis özünə iş yeri tapa bilmir, əfsanəvi Nazim Süleymanov məcburiyyətdən 1-ci Liqa təmsilçisini çalışdırır. Əvəzində Samir Abasov, Ayxan Abbasov, Adil Şükürov, Rəşad Sadıqov, Azər Bağırov kimi yeni nəsil saya biləcəyimiz mütəxəssislər Premyer Liqa təmsilçilərinin baş məşqçisidir. Təəssüf ki, bu məşqçilərin heç də hamısı baxımlı oyun elementlərinə üstünlük vermək, hücum futbolu ilə uğur qazanmaq fikrində deyillər. 

Türkiyədə də təxminən buna oxşar durum var. Həmin qrupa daxil olan mütəxəssislər daim ortabab klubların "sükanı arxasında” olur, praqmatik futbolla "udmuramsa, uduzmayım” prinsipinə sadiq qalmağa çalışırlar. Elə bunun da nəticəsidir ki, Türkiyənin iddialı klublarını daim əcnəbilər çalışdırır, yerlilər daxili yarışlarda az-çox uğur qazana bilsə də, avrokuboklarda fiaskoyla üzləşirlər. Bu da təsadüfi deyil. Çünki yerli çalışdırıcılar daxili çempionatda günü yola verir, xırda uğurlarla kifayətlənirlər. Onların qarşısında böyük hədəflər dayanmır. 

Təəssüflər olsun ki, bizim yeni nəsil çalışdırıcılar da onların yoluyla gedir. Premyer Liqanın son turunda "Sumqayıt”la "Turan Tovuz” qarşılaşdı. Görüş 0:0 hesabıyla yekunlaşdı. Halbuki, "Sumqayıt” "Neftçi” ilə "Zirə”nin qarşılaşdığı turda qələbə eşqiylə alışıb-yanmalı, rəqiblərinin ikisindən birinin xal itirəcəyi turda onlardan uzaqlaşmağa çalışmalıydı. Eyni sözləri yaradılan böyük imkanlara rəğmən rəqiblərinə səkkizinci pillədən boylanan "Turan Tovuz” haqqında da demək olar. Sumqayıtda qələbə qazanmaqla Ayxan Abbasovun çalışdırdığı komanda 5-ci pilləyə qədər irəliləyib, 4-cü sıradakı "Zirə”ylə eyni xala sahib olacaqdı. 

Hakim Rauf Cabbarovun final fitindən sonra Samir Abasovla Ayxan Abbasov xeyli xoşbəxt görünür, həm bir-birini tərifləyirdi, həm də rəqib komandanı. Sanki azarkeşləri qarşısında xal itkisinə bəraət qazanmağa çalışırdılar. Siz nə zaman iddialı olacaqsız, böyük hədəflərə çatmağa çalışacaqsız, bəylər?!

Amal Abuşov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->