Xəbər lenti

Sənət 12:25 18.01.2024

"Hanı, hanı, azadlıq hanı?" - Bu gün Pərviz Cəbrayılın doğum günüdür

"Üstümüzdən qatarlar keçər ağır-ağır - neft qatarları..."

Bu gün tanınmış yazıçı, şair Pərviz Cəbrayılın doğum günüdür.

O, 1971-ci il yanvarın 18-də Biləsuvar rayonunun İsmətli kəndində ziyalı ailəsində anadan olub. 1991-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olan Pərviz Cəbrayıl daha sonra müxtəlif mətbu orqanlarda çalışmağa başlayıb.

İlk kitabı "Öləngi” 2000-ci ildə nəşr olunub. Kitaba müəllifin hekayələri ("6 Kilkə”), esseləri, şeirləri, bir novellası ("İç-içə”) və 1996-cı ildə, 26 yaşında yazdığı "Öləngi” romanı daxil edilib. Elə həmin il keçirilən sorğuda "Öləngi” romanı "İlin hadisəsi” hesab olunub.

"Hər sabah yaşam” (Dəfnəli şeirlər) kitabı 2008-ci ildə işıq üzü görüb. Üçüncü kitabı – "Ən Yeni Ədəbiyyat” seriyasında nəşr olunan "Yad dildə” müəllifin cəmiyyətimizdə son 20 il ərzində baş verən hadisələrə bədii yanaşmasını əks etdirir. Roman haqda müxtəlif qəzet və saytlarda ayrı-ayrı baxışları əks etdirən çoxlu elmi-tənqidi, publisist yazılar dərc edilib. "Yad dildə” 2011-ci ilin "Nəsimi” kitab müsabiqəsində "İlin romanı” adını qazanıb. Daha sonra isə Azərbaycanın ən prestijli müsabiqəsi olan "Milli Kitab Müsabiqəsi”ndə (MKM) birinci yerin qalibi seçilməklə böyük rezonans doğurub.

Yazarın 2019-cu ildə nəşr olunan  "Məryəm surəsi" romanı da oxucuları tərəfindən maraqla qarşılanıb. Roman haqqında mətbuatda bir mox maraqlı rəylər dərc olunub. 

Pərviz Cəbrayıl hazırda Qaynarinfo saytının baş redaktoru vəzifəsində çalışır.

Bu gün doğum gününü qeyd edən şairi və oxucularını təbrik edir, bir neçə şeirini təqdim edirik.

BİZİ AYRILIQ QOYMUR ARALANMAĞA

Biz
tər-təmiz
dəmir yoluyuq birlikdə;
ölüncə qoşayıq,
dost-dosta,
qardaş-qardaşa,
baş-başayıq;
biz ömür-gün
yoldaşıyıq.

Sonuna qədər
ayrılmaq,
bir santim aralanmaq yox bizə.

Üstümüzdən
qatarlar keçər
ağır-ağır -
sərnişin qatarları -
çiçək kimi işıqlı,
yaraşıqlı,
şimşək kimi yeyin...

Üstümüzdən
qatarlar keçər
ağır-ağır -
neft qatarları -
içində işıq daşıyar,
çölündə qaranlıq -
fağır-fağır...

Sonuna qədər
ayrılmaq,
bir santim
aralanmaq yox bizə -
üstümüzdən
qatarlar keçər...
və qovuşmaq yox bizə - aramızda
qılınc kimi uzanıb gedən
qoşa ayrılıq...

AĞACLARIN AYAQLARI

Sahil parklarında
ağacların üzü
dənizə baxar.
Üzü dənizə bitən
Ağaçların
gəmiyə minib
dənizi dolaşmaqdan ötrü
ürəyi axar.
Öndə göy dəniz,
dənizdə -
göyərmiş özgürlük.
dənizin üzünə
yaxmac kimi çəkilmiş
neftin altında
boğulub
gəbərmiş özgürlük.

Arxada...
yasaqlanmış,
unudulmuş bir ada -
AZADLIQ meydanı.
Hanı,
hanı, azadlıq
hanı?
Hürr başı
Uçunar
bir - dənizə,
bir – dartınar
Meydana sarı...
Ama hanı?..
Ama hanı ağacların
üstü betonlanmış,
asfaltlanmış,
zəncirlənmiş ayaqları!

Can atar,
ayaqlar can atar
yer altdan
Meydana sarı.

DƏLİ ADAM

Bir il də basdırdın getdi,
Bu gün çıxır ili, adam!
Sənə ömürlük iş düşür,
Ay illər qatili adam.

Gizlənqaç oynama Haqnan,
Nə böyüknən, nə uşaqnan,
İçin görünür uzaqdan,
Aynalı, şüşəli adam...

İtər, əriyər içində,
susar, kiriyər içində,
ölər çürüyər içində...
yenə də nəşəli adam.

Çatır ixtiyar yaşına,
çaşıb qalırsan işinə:
ağ tük çıxammır başına -
qat-qat, mərtəbəli adam.

Bu dünyası soyuq məzar,
"soyuq məzar”dan kim bezar?
Durub, bir də şeir yazar
məzardakı ölü adam?
Dəli adam... Dəli adam...
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->