Gürcüstanın baş naziri İrakli Kobaxidze Avropa İttifaqının Gürcüstanın ittifaqa qəbuluna faktiki mane olmaq qərarını qərəzli hesab edib. Onun fikrincə, Avropa İttifaqı Şurası zəifləmiş təsisatlara baxmayaraq, müsbət qiymətləndirilən Moldova və Ukrayna ilə bağlı oxşar addımlar atmır.
Bu barədə Qaynarinfo TASS-a istinadən xəbər verir.
Oktyabrın 17-də keçirilən iclasdan sonra Avropa İttifaqı Şurası Gürcüstan hakimiyyətini ittifaqın əsaslandığı Avropa dəyərlərinə və prinsiplərinə zidd olmaqda ittiham edən sənəd dərc edib. Eyni zamanda Şura "gürcü xalqını Avropa yolunda dəstəkləməyə” hazır olduğunu və qarşıdan gələn parlament seçkilərinin gedişini yaxından izləyəcəklərini bəyan edib. Xüsusilə də Gürcüstanın müstəqil media prinsipinə, seçkilərə qədər beynəlxalq və yerli müşahidəçilərin sərbəst çıxışına hörmətlə yanaşması gözlənilir.
"Eyni zamanda bir-birinin ardınca telekanalların və siyasi partiyaların bağlandığı Ukrayna və Moldova ilə bağlı müsbət qiymətlər verilir. Media plüralizmi, siyasi plüralizm yoxdur, korrupsiya tüğyan edir, ciddi problemlər var, təsisatlar son dərəcə zəifləyib. Və hər şeyə baxmayaraq, Moldova MDB-nin üzvü olaraq qalır. Burada əsas şey cəmiyyətin görmədiyi obyektivlikdir”, - deyə Kobaxidze mətbuat konfransı zamanı bildirib.
Gürcüstanla Qərb ölkələri arasında münasibətlər may ayında xarici agentlər haqqında qanunun qəbulundan sonra pisləşib. Onun qəbulu mərhələsində ölkədə kütləvi etirazlar olsa da, sənəd parlamentarilərin dəstəyini qazanıb. Gürcüstan prezidenti Salome Zurabişvili Konstitusiya Məhkəməsi vasitəsilə qanunun qüvvəsini dayandırmağa çalışsa da, məhkəmə prezidentin müraciətini rədd edib.
Nizami Bağırov
Şərhlər