Avropa rəsmiləri hesab edirlər ki, sui-qəsd cəhdindən sonra Ukraynaya silah tədarükünə və ölkənin NATO-ya üzvlüyünə qarşı çıxan Slovakiyanın baş naziri Robert Fiko daha da qəzəbli ola bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə "Financial Times” mənbələrə istinadən məlumat
yayıb.
Nəşrin yazdığına görə, Aİ Robert Fikonun "yeni Viktor Orban” ola biləcəyindən və alyansın işinə mane olacağından ehtiyat edir.
Qəzet yazır ki, "Bəzi Avropa rəsmiləri Fikonun, Finlandiya və İsveçin girişini gecikdirən Orban kimi NATO daxilində daha pozucu gücə çevriləcəyindən qorxurlar”.
"Financial Times” qeyd edir ki, hələ sui-qəsd cəhdindən əvvəl Robert Fiko Viktor Orbanla birlikdə Niderlandın hazırkı Baş naziri Mark Rüttenin NATO-nun yeni baş katibi vəzifəsinə namizədliyinə qarşı çıxmağa başlayıb.
Eyni zamanda, adının açıqlanmasını istəməyən bir Avropa rəsmisinin qeyd etdiyi kimi, Robert Fiko indiyədək "mübahisəli” çıxışlarından fərqli olaraq özəl danışıqlarda kompromislərə getməyi bacarıb. Rəsmi hesab edir ki, Robert Fiko "konkret olaraq Orbanın liqasında deyil".
"Financial Times”ın qeyd etdiyi kimi, Robert Fikoya qarşı sui-qəsd Slovakiya üçün şok olub. O, sağaldıqca vətəndaşlar Baş nazirin özünü bundan sonra necə aparacağı barədə düşünürlər: "Səhifəni çevirəcək, yoxsa qisas alıb hakimiyyətini möhkəmləndirəcək?”
Xatırladaq ki, mayın 15-də Slovakiyanın Baş naziri Robert Fikonun həyatına qəsd edildiyi məlum olub. Slovakiya mediası Fikonun küçə insanlara yaxınlaşdığını, bundan sonra bir neçə atəş açıldığını və baş nazirin yerə yıxıldığını yazıb.
Hadisə Bratislavadan 150 km aralıda yerləşən Qandlova şəhərində baş verib. Yerli media yazıb ki, Fikonun vəziyyətinin ağırdır, lakin həyatı üçün təhlükə yoxdur. Mənbələrin bildirdiyinə görə, Fiko, ehtimal ki, əzalarından, döş qəfəsindən və qarnından iki və ya üç yara alıb. Ümumilikdə, təxminən beş atəş açılıb.
Sui-qəsddə ittiham olunan 71 yaşlı yazıçı Yuray Tsintila saxlanılıb. Slovakiyanın "Dennik N” və "Refresher” nəşrlərinin yazdığına görə, atəş açan şəxs Slovakiya hökumətinin siyasəti ilə razılaşmadığını bildirib.
Mayın 16-na keçən gecə həkimlər baş nazir Fikonu əməliyyat ediblər.
Nizami Bağırov
Şərhlər