Xəbər lenti

Ekonomiks 16:16 07.03.2024

"Şərur" MTK Qaynarinfo-nun xəbərini təsdiqlədi - Kollecin yerində kollec tikəcək?

Bir neçə gün əvvəl tikinti maqnatı, "Şərur" Mənzil-Tikinti Kooperativinin (MTK) sahibi İsfəndiyar Axundovun (Şərurlu İsfəndiyar) kollec alması barədə xəbər dərc etmişdik

Qaynarinfo xatırladır ki, xəbərdə İsfəndiyar Axundovun Azərbaycan Tətbiqi Elmlər Kollecini satın aldığı və hazırda sahibi olduğu qeyd edilmişdi. 

Məlumatda o da bildirilirdi ki, kollecin ərazisində hündürmərtəbəli binaların tikiləcəyi ehtimal olunur. 

Əməkdaşımız məlumat dərc olunmamışdan əvvəl "Şərurlu İsfəndiyar"la əlaqə saxlayıb. İş adamı öncə bu barədə danışmaq istəməyib. Daha sonra bunu təkzib etmiş, xəbərin həqiqət olmadığını bildirmişdi. Qaynarinfo da xəbəri iş adamının mövqeyi ilə birlikdə dərc etmişdi. 

Lakin ötən gün "Şərur" MTK-nın mətbuat xidmətinin rəhbəri Tünzalə İsmayılova redaksiya ilə əlaqə saxlayaraq, şirkətin mövzu ilə bağlı rəsmi açıqlamasını təqdim edib. Açıqlamada Qaynarinfo-nun yazdığı xəbər-  İsfəndiyar Axundovun Azərbaycan Tətbiqi Elmlər Kollecini satın alması təsdiqlənib:

"Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxiektura Komitəsinin 30 noyabr 2020-ci il tarixli 34 nömrəli Sərəncamı ilə təsdiq edilmiş,  kollecin istifadəsində olan torpaq sahəsində 360 yerlik məktəb binası və 100 yerlik uşaq bağçasının tikintisinə icazə verilmişdir".
 
"MTN işi" üzrə məhkəmə prosesində şahid qismində ifadə verərkən "yazıb-oxuya bilmirəm" deyən İsfəndiyar Axundovun təhsil sektoruna baş vurması maraq doğurur. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, Azərbaycan Tətbiqi Elmlər Kollecinin qanuni təmsilçisi İsfəndiyar Axundovdur.
 
İsfəndiyar Axundovdan əvvəl isə kollecin qanuni təmsilçisi Dünyamalıyeva Sabirə Səfi qızı olub. 

Araşdırmalarımız zamanı məlum olub ki, Sabirə Dünyamalıyeva Azərbaycan Rəssamlıq Akademiyasının professorudur. O, 1990-1993-cü illərdə Bakı Qızlar Kollecinin, 1993-cü ildən sonra isə Azərbaycan Ali Tətbiqi Elmlər Kollecinin rektoru vəzifəsində işləyib.

Ali Tətbiqi Elmlər Kolleci sonradan sadəcə Azərbaycan Tətbiqi Elmlər Kolleci adlandırılıb. Hazırda sözügedən kollec fəaliyyət göstərmir.

Yeri gəlmişkən, 2008-ci ildə kollecin Naxçıvan şöbəsi saxta diplom satışı ilə gündəmə gəlib. Həmin vaxt Naxçıvan Muxtar Respublikası (MR) Daxili İşlər Nazirliyinin (DİN) İstintaq və Təhqiqat şöbəsnin rəisi, polis polkovnik-leytenantı Hikmət Əliyev jurnalistlərə açıqlamasında bildirmişdi ki, Naxçıvan şəhər sakini Zöhram Fuad oğlu Cəfərov da qeyri-qanuni yolla 1990-cı ildə "Gənc təbib", 1993-cü ildə isə "Azərbaycan Ali Tətbiqi Elmlər Kollecinin Naxçıvan şöbəsi" adlı məktəb yaradıb, hər iki "tibb məktəbi" 2002-ci ilədək 1000 nəfərdən çox vətəndaşa saxta diplom verib.

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->