Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynlinin sədrlik etdiyi Avropa Şurasının gender bərabərliyi üzrə xüsusi komitəsinin (GECA) növbəti iclası keçirilib.
AMADA-dan Qaynarinfo-ya verilən məlumata görə, antidopinq sahəsində gender bərabərliyi standartlarının müəyyənləşməsi məqsədilə təşkil olunan tədbir Fransanın Strasburq şəhərində baş tutub.
İclasa Norveç, İrlandiya, Finlandiya, Polşa, Sloveniya və Rumıniyanın, həmçinin Ümumdünya Antidopinq Agentliyi (WADA), Beynəlxalq Olimpiya Komitəsi, UEFA, Avropa İttifaqının İdman Təşkilatı (EU Athletes), ABŞ-nin, Avropa Şurasının Gender Bərabərliyi Bölməsinin, Avropa Şurasının katibliyinin nümayəndələri və gender bərabərliyi üzrə ekspertləri qatılıblar.
Görüşdə Şəfəq Hüseynlinin müəllifi olduğu "Antidopinq sahəsində gender bərabərliyinin gücləndirilməsi” layihəsinin icrası istiqamətində görülən işlər və əldə olunan nailiyyətlər müzakirə olunub.
Sentyabrın sonunda WADA-nın İcraiyyə Komitəsinin və Təsisçilər Şurasının iclasının keçiriləcəyini xatırladan Şəfəq Hüseynli həmin tədbirdə GECA-nın fəaliyyəti barədə qurumun prezidenti Vitold Bankanın çıxış edəcəyini vurğulayıb.
Qeyd edək ki, GECA-nın bundan öncəki iclasına iyunun 27-28-də Bakı ev sahibliyi edib.
Şərhlər