Xəbər lenti

Video 17:15 12.03.2024

"Dukkan" restoranı vətəndaşın evinin qarşısında dayanacaq düzəldib (FOTO/VİDEO)

Bakının məşhur iaşə obyektlərindən olan "Dukkan" restoranı üçün avtomobil dayanacağının düzəldilməsi qalmaqala səbəb olub. 

Qaynarinfo xəbər verir ki, qalmaqal avtomobil dayanacağının sakinlərdən birinin evinin qarşısında düzəldilməsidir. Həmin sakin Xəzər rayonu Mərdəkan qəsəbəsi, Buzovna-Mərdəkan şossesi 719C ünvanında yaşayan İlham Məmmədovdur. 

Qaynarinfo məsələ ilə bağlı İlham Məmmədovla əlaqə saxlayıb. Vətəndaş məlumatı təsdiqləyib. Bildirib ki, "Dukkan" restoranının Eyvaz adlı sahibi ona məxsus fərdi yaşayış evinin qarşısında müştərilər üçün avtomobil dayanacağı düzəldib.

"Fərdi yaşayış evim Buzovna-Mərdəkan şossesinin kənarında yerləşir. Həmin şossedə asfalt kənarındakı səkilərə daşların döşənməsi işləri layihə əsasında Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən aparılıb. Bu gündə işlər davam etdirilir. Lakin mənim fərdi yaşayış evimin qarşısında qoyulmuş səki daşlarını qonşuluğumda yerləşən "Dukkan" restoranının sahibi kimi tanıdığım Eyvaz adlı şəxs qanunsuz olaraq sökdürərək yerini dəyişdirib. O, restorana gələn müştərilərin maşınlarını saxlaması üçün obyektin qarşısında kifayət qədər yer olmasına baxmayaraq, mənim evimin qarşısında dayanacaq düzəldib. Nəticədə velosiped yolu da ləğv edilib", deyə İlham Məmmdov əlavə edib. 

Vətəndaşın sözlərinə görə, oxşar hal bundan əvvəl də baş verib. Lakin İlham Məmmədovun müvafiq qurumlara müraciətindən sonra problem həllini tapıb. Bu dəfə isə "Dukkan"ın sahibi "dayanacaq əməliyyatı"nı gecə saatlarında həyata keçirib. 

"Əgər onun gördüyü iş qanunidirsə, layihəyə uyğundursa, nə üçün gecə vaxtı edir bunu? Mən artıq baş verənlər barədə müvafiq qurumlara müraciət etmişəm. Onlar da tədbir görüləcəyini bildirib", deyə İlham Məmmədov qeyd bildirb. 

Vətəndaş olayla bağlı foto və videofaktları da redaksiyamıza təqdim edib. 

Baş verənlərlə bağlı "Dukkan" restoranının sahibi ilə əlaqə saxlamaq mümkün olmayıb. 

Seyid


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->