"Ümid edirik ki, dəqiq mina xəritələri, həmçinin, itkin düşmüş şəxslərin sonrakı taleyi, onlara aid məzar yerləri barədə məlumatlar Ermənistan tərəfindən Azərbaycana təqdim ediləcək".
Trend xəbər verir ki, bunu "İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirmək üçün milli və qlobal səylərin artırılması” üzrə beynəlxalq konfransda çıxışında Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri, general-polkovnik Əli Nağıyev deyib.
Bildirilib ki, hər iki tərəfə aid itkin düşmüş şəxslərin meyit qalıqlarının tapılaraq eyniləşdirilmə aparılması uzun müddət mövcud olan humanitar böhranın aradan qaldırılmasına xidmət edərdi:
"Biz bu istiqamətdə hərtərəfli əməkdaşlığa hazırıq. Lakin ötən dövrdə bu sahədə biz Ermənistanın konstrukrtiv mövqe tutacağına ümid etsək də, gözləntilərimiz özünü tam doğrultmayıb. Bu konfransın yaratdığı imkanlardan istifadə edərək rəsmi İrəvanı əsir və girov götürülmüş vətəndaşlarla bağlı məsələlərdə daha sıx əməkdaşlığa dəvət edirəm".
Qeyd edək ki, Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı, xarici ölkələrin sabiq dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların, o cümlədən humanitar sahə üzrə fəaliyyət göstərən qurumların nümayəndələrinin, beynəlxalq siyasi ekspertlərin iştirakı ilə 18 sentyabr tarixində "İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda beynəlxalq konfrans keçirilir.
Şərhlər