Slovakiyanın baş naziri Robert Fikonun vəziyyəti sui-qəsd cəhdindən sonra ağır, lakin stabil olaraq qalır.
Qaynarinfo xəbər verir ki, bu barədə Slovakiyanın "Aktuality” agentliyi məlumat
yayıb.
Ölkənin səhiyyə naziri Zuzana Dolinkova bildirib ki, mayın 17-də həyata keçirilən və iki saat davam edən əməliyyat "baş nazirin səhhətinin inkişafı üçün müsbət proqnoza töhfə verib”. Onun sözlərinə görə, səhər müşavirəsində baş nazirin səhhətinin vəziyyəti stabil, lakin hələ də ağır kimi qiymətləndirilib.
Ölkənin Baş nazirinin müavini və eyni zamanda müdafiə naziri Robert Kaliniakın sözlərinə görə, Fikonun Bratislava və ya xaricə transferi yaxın günlərdə mümkün olmayacaq.
"Müsbət proqnoza yaxınlaşdığımız üçün sizə kifayət qədər təşəkkür etməyim üçün söz tapa bilmirəm. Vəziyyəti ona sağalmağa imkan verir, Baş nazirin huşu yerindədir”, - Kaliniak bildirib.
Eyni zamanda, o, Fikonun xəstəxanada olduğu zaman hökumətin necə fəaliyyət göstərəcəyini izah edib.
Kaliniakın sözlərinə görə, hökumət müəyyən etdiyi proqrama uyğun olaraq fəaliyyətini davam etdirəcək. Avro fondları ilə bağlı danışıqlara görə gələn həftə ən azı iki kabinet iclası olacaq, biri adi və biri xüsusi. O vurğulayıb ki, qanunların parlamentə təqdim edilməsi müddəti yaxınlaşır, ona görə də hökümət fəaliyyətini davam etdirməlidir.
Kalinyak onu da əlavə edib ki, hazırda hökümətin fəaliyyətini təmin etmək üçün zəruri olan bütün səlahiyyətlər koalisiyanın sərəncamındadır.
"Baş nazirin müavinləri buna cavabdehdir, istər qanunların imzalanmasından, istərsə də başqa şeylərdən danışsaq, bütün bu səlahiyyətlər bizim ixtiyarımızdadır”, - deyə Baş nazirin müavini bildirib.
Xatırladaq ki, mayın 15-də Slovakiyanın Baş naziri Robert Fikonun həyatına sui-qəsd edilib. Slovakiya mediası Fikonun küçədəki insanlara yaxınlaşdığını, bundan sonra bir neçə atəş açıldığını və baş nazirin yerə yıxıldığını yazıb.
Hadisə Bratislavadan 150 km aralıda yerləşən Qandlova şəhərində baş verib.
Baş nazirə atəş açan şəxs - 71 yaşlı yazıçı Yuray Tsintula hadisə yerində saxlanılıb. Slovakiyanın "Dennik N” və "Refresher” nəşrlərinin yazdığına görə, Tsintula Slovakiya hökumətinin siyasəti ilə razılaşmadığını bildirib.
Nizami Bağırov
Şərhlər