Bir neçə gündən sonra Azərbaycanda yeni tədris ili başlayacaq. Məktəblərin açılması ilə uşaqların bir-biri ilə daha sıx təmasda olması və havaların tədricən soyuması bir sıra infeksion xəstəliklərin yayılma riskini təzədən dündəmə gətirəcək.
Bəs payızda hansı virus və ya mikrob xəstəlikləri özünü göstərə bilər? Ölkədə qızılca təhlükəsini sovuşmuş hesab etmək olarmı? Valideynlər nəyə diqqət etməli?
Azərbaycanda son günlər müxtəlif infeksion xəstəliklər yayılıb. Səhiyyə Nazirliyi bununla bağlı əhaliyə xəbərdarlıq edib.
İnsanlarda arabir hərarətin yüksəlməsi, ümumi zəiflik, öskürək, boğaz ağrısı, burun axması, bəzən isə ürəkbulanma, qusma kimi hallar bu infeksiyaların əlamətidir, baş infeksionist Təyyar Eyvazov bildirib. Mütəxəssis deyib ki, belə infeksiyalar təkcə tənəffüs yollarını deyil, mədə-bağırsaq sistemini də zədələyə bilir. Onlar hava-damcı və təmasla daha çox yayılır. Xəstəlik, əsasən yüngül və fəsadsız keçsə də, nazirlik infeksiyaya yoluxmuş şəxslərlə yaxın təmasdan çəkinməyi, gigiyena qaydalarına əməl etməyi tövsiyə edir. Qurum təmsilçisi bildirir ki, xəstəliyin əlamətlərini hiss edənlər vaxtında həkimə getsinlər.
Tanınmış pediatr Vaqif Qarayev mövzu ilə bağlı "Yeni Müsavat”a fikirlərini bölüşüb: "Həmişə olduğu kimi payız aylarında həm havanın kəskin dəyişməsi, həm də uşaqların bir-birilə sıx təmasda olması bir sıra xəstəliklərin yayılmasına səbəb ola bilər. Ən çox gözlədiyimiz respirator viruslarının baş qaldırmasıdır. Sıx təması aradan qaldıra bilmərik, çünki hamı məktəbdə olmalıdır. Valideynlər mütləq uşaqlarını havaya uyğun geyindirməlidirlər. Hətta mən təklif verərdim ki, hava yaxşı olsa belə bir az qalın paltar özləri ilə götürməlidirlər ki, hava dəyişəndə onu geyinə bilsin. Məktəb uşaqların immunitetinə təsir edən hadisədir, xəstəliklərə müqavimət azalır. Ona görə uşaqların qidalanmasına ciddi fikir vermək lazımdır. Menyuda ən çox tərəvəzlər və ət yeməkləri olmaladır. Yaxşı olar ki, şirniyyat kəskin azaldılsın. Yeməklər evdə hazırlanmalıdır. Bir də vacib məsələ, səhər tezdən uşaq mütləq yemək yeməlidir. Beyin ac qalmamalıdır. Boş mədə ilə məktəbə gedən uşağın qavramasında mütləq problem olur. Həm də ac uşaq mütləq zəif olur, bədənin müqaviməti olmur”.
Pediatr əlavə edib ki, qızılcaya yoluxma xeyli azalıb: "Amma ölkədə kifayət qədər peyvənd olunmayan uşaq var. O epidemiya da bizə açıq dərs olmadı. Düzdür, ölüm hadisələri olanda bir az peyvəndə axın oldu, maraq artdı. Bununla belə peyvəndsiz uşaqlar kifayət qədərdir. Valideynlərə məsləhət görərdim ki, heç olmasa qızılcaya görə uşaqlarına peyvənd etdirsinlər. Göyöskürək yenə də var, əvvəlki kimi çox olmasa da. Bu kimi yoluxucu xəstəliklərin məktəb vaxtı artması həddən artıq çoxdur”.
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov isə deyir ki, məktəblilərin qida qəbulu vərdişlərinin dəyişilməsi sağlam qidalanma sahəsində yaranan əsas məsələlərdən biridir: "Son bir neçə onillik ərzində məktəblilərin yemək vərdişləri və ev mühitində hazırlanan qidaların tərkibi əhəmiyyətli dərəcədə dəyişib. Hər iki valideynin işləməsi və vaxt məhdudiyyəti nəticəsində, yeməklərin əsasını emaldan keçən və qablaşdırılan yarımfabrikatlar təşkil edir.
Təəssüf ki, uşaqları ev şəraitində hazırlanan qidaların qəbuluna cəlb etmək çox nadir hallarda rast gəlinir. Ona görə də, yeniyetmələr sağlam qida hazırlamaq bacarıqları qazanmadan böyüyürlər. Məktəbli uşaqların qəbul etdikləri qidalar gün ərzində həm zehni, həm də fiziki aktivliyi təmin edəcək qədər zəngin qida maddələrindən ibarət olmalıdır. Belə ki, əsasını karbohidrat, yəni şəkər təşkil edən qidalar dəyəri zəif qidalardandır, çünki tez doyma və tez acmaq hissi yaradırlar. Uşaqlara sağlam qidalanma vərdişlərinin aşılanması valideyinlərin müsbət nümunə göstərməsi ilə mümkündür. Əgər valideyinlər sağlam qidalanmaya riayət etmirlərsə, onda belə vərdişlərin qazanılmasına inam yaratmaq xeyli çətinləşir. Uşaqlar üçün televizora, videooyunlara və kompütera ayrılan vaxt dəqiq təyin edilməlidir. Belə vərdişlərə aludə olmaq adətən oturaq həyat tərzi sürmək və əlavə qida qəbul etməyə səbəb olur. Nəticədə, piylənmə və ürək-damar xəstəliklərinin yaranması riski artır. Uşaq və yeniyetmələrdə sağlam qidalanma haqqında düzgün təsəvvür yaradılmasına çalışılmalıdır. Bu məqsədlə, yeniyetmələrə qida hazırlanmasında və yeməklərin seçilməsində iştirak etmək imkanı yaradılmalıdır.
Ailə ilə birgə qida qəbulu sağlam qidalanma vərdişləri yaradır və ailə ilə keçirilən vaxt uşaqlar üçün çox əhəmiyyətlidir. Bu, uşaqda gündəlik sağlam qidalanma rejimi yaradır. Bütün bunlar sağlam qidalanma ideyasını aşılayır və onu həyat tərzinə çevirməyə imkan verir. Uşaqları qida maddələri ilə təşviq etməkdən çəkinmək lazımdır. Konfet və qəlyanaltılarla mükafatlandırma isə pis vərdişlərin formalaşmasına kömək edir. Yemək qəbulu bir ailə tədbiri kimi təşkil edilməlidir. Uşaqlarla bir masa başında oturduqda, onlarda sağlam olmayan qida qəbulu və ya həddindən artıq yemək şansı azalır
Uşaqların sağlamlığı üçün məsul olan tibb işçiləri tərəfindən şagirdlərin ürək-damar sisteminin normal inkişafına diqqət yetirilməsi, bədən kütlə indeksinin təyin edilməsi, arterial təzyiqin və qanda xolesterinin miqdarının ölçülməsi təmin olunmalıdır.
İmkan verilməlidir ki, uşaqlar müxtəlif fiziki aktivlik növlərini təcrübədən keçirsinlər və seçsinlər".
Həkim əlavə edib ki, məktəblilərin yemək saatı əsasən nahar fasiləsi zamanı olur. Menyuda tərəvəz salatı, təbii meyvə şirəsi, alma və ya mövsümə uyğun meyvələr, həmçinin protein balansı üçün ət, toyuq və balıq ola bilər: "Amma unutmamaq lazımdır ki, uşaqların zehni və fiziki aktivliyini təmin etmək, şagirdin konsentrasiyasının dərsə yönəlməsi üçün səhərlər ac qalmamalı, səhər yeməyi mütləq yeyilməlidir”.
Şərhlər