Xəbər lenti

Avropaya daha bir ortaq enerji yolu -
Ekonomiks 23:55 07.08.2024

Avropaya daha bir ortaq enerji yolu - "Yaşıl enerji" ixracı Azərbaycan iqtisadiyyatına nə qazandıracaq?

Mərkəzi Asiya ölkələrinin energetika nazirlərinin Astanada keçirilən ilk görüşündə Azərbaycanın energetika nazirinin müavini Orxan Zeynalov  bidirib ki, Azərbaycan, Qazaxıstan və Özbəkistan Mərkəzi Asiya ölkələrindən Avropaya "yaşıl enerji" ixracı layihəsini həyata keçirmək üçün Bakıda birgə müəssisə yaratmaq barədə razılığa gəlib.

Nazir müavininin sözlərinə görə, tərəflər yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında saziş layihəsinin mətnini də razılaşdırıblar.

Bu istiqamətdə əməkdaşlıq perspektivdə Azərbaycan iqtisadiyyatına nələr qazandıra bilər?

Valyuta.az-a mövzu ilə bağlı bağlı fikirlərini bildirən Eldəniz Əmirov ilk olaraq qeyd edib ki, alternativ enerji strategiyası Azərbaycanın 3-cü enerji strategiyasıdır:

"Bu enerji strategiyası uzunmüddətli və daha iqtisadi dividentli strategiyadır. Hələ bir müddət əvvəl Rumıniya, Macarıstan, Azərbaycan və Gürcüstan birgə memorandum imzalayaraq Xəzər dənizi-Avropa "yaşıl enerji" dəhlizinin əsasını qoymuşdular. Bu dəhlizə aid memorandum imzalanan zaman da qeyd etmişdim ki, bir gün Orta Asiya ölkələri də bu dəhlizə qoşulmaq istəyəcək. Bu gün isə artıq həmin məsələ öz əksini tapdı. 
Artıq ötən ildən başlayaraq Mərkəzi Asiya ölkələrindən Azərbaycan tərəfinə müraciətlər olub bə bunlara baxılıb. Azərbaycan, Qazaxıstan və Özbəkistan Mərkəzi Asiya ölkələrindən Avropaya yaşıl enerji ixracı layihəsini həyata keçirmək üçün Bakıda birgə müəssisə yaratmaq barədə gəldiyi razılıq da bunun davamıdır".



Bu razılaşmanın Azərbaycan iqtiasdiyyatına təsirləri haqqında da danışan iqtisadçı bildirib ki, bu anlaşma hər bir ölkənin, o cümlədən də Azərbaycan iqtisadiyyatına da öz müsbət töhfəsini verəcək:

"Azərbaycanın Avropa və Asiya arasında olan coğrafi mövqeyi imkan verir ki, bir çox istiqamətlərdə tranzit ölkə olsun. Hazırda alternativ enerji strategiyasında isə ölkə tranzit olaraq deyil, eyni zamanda öz alternativ enerji mənbələri hesabına istehsal olunacaq elektrik enerjisini Avropaya nəql etmək imkanı verir. Bu proses iqtisadiyyatın digər sahələrinə də dolayı olaraq müsbət təsir göstərəcək. Bütün hallarda bu sahə istər enerji istiqamətində, istərsə də iqtisadiyyatın digər istiqamətlərində ölkələr arasında olan əməkdaşlıq potensiallarını üzə çıxarır. Bu Azərbaycanda birmənalı olaraq sahibkarlığın da inkişafına da öz töhfəsini verəcək. Belə ki, mövcud iqtisadi potensiallar əməkdaşlıq çərçivəsində qeyd etdiyim istiqamətlərin inkişafına zəmin yaradır".

Xatırladaq ki, mayın 1-də Azərbaycan, Özbəkistan və Qazaxıstanın iqtisadiyyat və energetika nazirləri üç ölkənin enerji sistemlərinin inteqrasiyasına dair əməkdaşlıq memorandumu imzalayıb. Memorandumda nəzərdə tutulur ki, iştirakçılar Xəzər dənizinin dibi boyunca və digər ölkələrin ərazisində yüksək gərginlikli kabel çəkərək enerji sistemlərinin texniki-iqtisadi baxımdan ən optimalını həyata keçirməklə birləşdirilməsi imkanlarını araşdırmaq niyyətindədirlər. Azərbaycan, Qazaxıstan və Özbəkistandan yaşıl enerji ticarəti. Sənəd həmçinin Avropa İttifaqı ölkələrinə yaşıl enerji satmağı hədəfləyir.


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->