Rusiyada müxalifətçi Aleksey Navalnı Yamalo-Nenets Muxtar Dairəsinin Xarp kəndindəki IK-3 "Qütb canavarı" koloniyasındadır.
Qaynarinfo xəbər verir ki, bu barədə "RİA Novosti"yə regional İctimai Monitorinq Komissiyasının sədri Danila Qontar məlumat verib.
O, agentliyin Navalnının İK-3-də olması ilə bağlı sualına cavab verərkən "Bəli, belə bir məlumat var", deyib.
Qontar qeyd edib ki, monitorinq komissiyası növbəti dəfə koloniyaya yanvarın sonunda baş çəkməlidir.
Yamal-Nenets Muxtar Dairəsi üzrə insan hüquqları üzrə müvəkkilinin köməkçisi Lyudmila Deqtyayeva agentliyə bildirib ki, ombudsman sonuncu dəfə dekabrın 15-də Xarmadakı koloniyaya baş çəkib. Onun sözlərinə görə, məhbusların saxlanma şəraiti müəyyən edilmiş tələblərə və standartlara uyğundur.
Aleksey Navalnının cəza çəkdiyi Vladimir vilayətinin Melexovo kəndindəki 6 saylı ciddi rejimli islah koloniyasından yoxa çıxması barədə xəbər dekabrın əvvəlində yayılıb. KİV-in məlumatına görə, siyasətçinin vəkillərinə müxalifətçinin artıq koloniya siyahısında olmadığı bildirilib və onun harada olduğunu deməkdən imtina edib.
Dekabrın 18-də Vladimir Vilayət Məhkəməsi məhbusla videokonfrans vasitəsilə əlaqə saxlamaq mümkün olmadığı üçün Navalnının şikayətlərinə baxılmasını təxirə salıb.
Ötən gün məlum olub ki, Navalnı Yamalo-Nenets Muxtar Dairəsinin Xarp kəndindəki 3 saylı islah koloniyasında tapılıb. Bu barədə Navalnının mətbuat katibi Kira Yarmış X sosial şəbəkəsindəki səhifəsində məlumat verib: "Bu gün vəkil ona baş çəkdi. Aleksey yaxşıdır".
Navalnının təhvil verildiyi iddia edilən 3 saylı islah koloniyası "Qütb canavarı" adlanır. Orada YUKOS işi üzrə müttəhimlərdən biri Platon Lebedev cəza çəkib. Məşhur "Qütb bayquşu" həbsxanası da Xarpda yerləşir.
Aydın
Şərhlər