ABŞ Dövlət Departamenti Rumıniya hökumətinə F-35 qırıcıları və müvafiq avadanlıqların mümkün satışı ilə bağlı qərar qəbul edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "European Pravda” Pentaqonun Təhlükəsizlik Əməkdaşlıq Agentliyinin məlumatlarına
istinadən yazır.
Agentlik bu gün Konqresə bu potensial satış barədə məlumat verərək tələb olunan sertifikatı təqdim edib.
Rumıniya hökuməti 32 F-35A Lightning II Birgə Zərbəli Qırıcı təyyarə və 33 Pratt & Whitney F135-PW-100 mühərrikləri, eləcə də digər müvafiq avadanlıqların alınmasını xahiş edib.
Ümumi dəyəri 7,2 milyard dollar qiymətləndirilir.
"Təklif edilən satış Rumıniyanın özünümüdafiə və regional təhlükəsizlik missiyalarını yerinə yetirmək üçün əlavə təchiz etməklə, ABŞ və digər NATO üzvləri ilə qarşılıqlı fəaliyyət qabiliyyətini artırmaqla onun cari və gələcək təhdidlərə qarşı durma qabiliyyətini təkmilləşdirəcək”, - deyə məlumatda bildirilir.
Ötən il Rumıniya ABŞ istehsalçısı Lockheed Martin-dən ümumilikdə 6,5 milyard dollara 32 ədəd F-35 qırıcısı almağı planlaşdırdığını açıqlamışdı.
F-35-in alınması ötən ilin aprelində Rumıniya Ali Müdafiə Şurası tərəfindən təsdiqlənib. Bundan sonra ölkənin Müdafiə Nazirliyi satınalma prosesinə başlamaq üçün razılıq almaq məqsədiylə parlamentə müraciət edib.
Qeyd edək ki, ABŞ bu yaxınlarda hava hücumundan müdafiəni gücləndirmək üçün Rumıniyaya F-16 və F-35 döyüş təyyarələrinə uyğun gələn AIM-120 AMRAAM raketlərinin satışını da təsdiqləyib.
Alpər
Şərhlər