"May ayından Çeçenistana işləməyə gedən oğlum Rzayev Nihad Tafdıq oğlu, qayınlarım Şirinov Elxan Əkbər oğlu və Məhərrəmov Vüqar Nazim oğlu miqrasiya probleminə görə hazırda həbs olunublar”.
"Qafqazinfo”ya müraciət edən Nihadın atası Tovuz rayon sakini Tafdıq Rzayevin sözlərinə görə, yaxınlarını orada hərbçilərin təzyiqi altında imza atdıraraq Ukraynaya müharibə bölgəsinə göndərmək istəyirlər.
"Qafqazinfo” hazırda Çeçenistanın paytaxtı Qroznı şəhərində yerləşən "Severni Axmat” hərbi hissəsində saxlanılan Elxan Şirinov və Vüqar Məhərrəmovla əlaqə saxlayıb.
Müvəqqəti saxlanma məntəqəsində zorla sənəd imzaladıqlarını deyən Elxan Şirinov onlarla birgə saxlanılan azərbaycanlıların 5 nəfər olduğunu bildirib:
"Biz ikimiz (Vüqar Məhərrəmov və Elxan Şirinov) hazırda hərbi hissədəyik, digər 3 nəfər isə kalondadılar. Nihat da onlarladır. Həmin azərbaycanlı 2 nəfəri isə bizdən qabaq ora aparıblar. Yəqin ki, onlara da zorla sənəd imzalatmaq istəyəcəklər. Biz miqrant olaraq 3 nəfər burada qaldığımız müddətdə sənədlərimiz qaydasında olmadığına görə saxlanıldıq və həmin məntəqədə orduya qoşulmaq təklif edildi. Lakin imtina etdik, sonra bizi geri qaytardılar və boş sənədə imza atdırdılar. Bilik səviyyəmiz aşağı olduğu üçün həmin sənədə qol çəkdik. Sonra bizi hazırda olduğumuz hərbi hissəyə gətirdilər. Dedilər ki, qaçmaq istəsəniz, imtina etsəniz sizi boş sahəyə aparıb güllələyəcəyik. Bizi zirzəmiyə salıb işgəncələr verirlər. Axı mən kimə görə, nəyə görə gedib Ukraynada döyüşməliyəm? Bizi Çeçenistanın nazirinin, nazir müavininin adı ilə hədələdilər”.
Şərhlər