"Bakı Zəngəzur dəhlizinin sülh yolu ilə açılmasını istəyir. Azərbaycan bu məsələdə prinsipial mövqe nümayiş etdirir".
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov İrəvanın dirəniş göstərməsinə rəğmən Zəngəzur dəhlizinin bütün hallarda açılmasının mümkünlüyündən danışarkən deyib.
Elman Nəsirov vurğulayıb ki, Zəngəzur dəhlizinin açılması məsələsi 2020-ci ilin 10 noyabr sənədinin tələblərindən biridir. Bu sənəddə 3 dövlət rəhbərinin imzası var:
"Ermənistan həmin sənəddən irəli gələn müddəaları icra etməlidir. İrəvan 10 noyabr sənədinin bir çox bəndlərin icra etmirdi. Onlardan biri 4-cü, erməni silahlı qüvvələrinin Qarabağdan tamamilə çıxarılması ilə bağlı bənd idi. Azərbaycan Silahlı Qüvvələri Ermənistanı bu bəndi icra etməyə məcbur etdi. Bakı Zəngəzur dəhlizinin də sülh yolu ilə açılmasını istəyir. Azərbaycanın bu məsələdə prinsipial mövqeyi var".
Deputat qeyd edib ki, İrəvan hələ də siyasi manipulyasiya ilə məşğuldur:
"Azərbaycan 8 kəndin geri qaytarılmasını da tələb edir, İrəvan isə onu da icra etmir. Bu halda yenə də BMT nizamnaməsinin 51-ci maddəsi işə düşə bilər. Burada söhbət işğala məruz qalan dövlətin fərdi və kollektiv müdafiə hüququndan gedir. Eyni zamanda, BMT nizamnaməsinin 25-ci maddəsi işə salına bilər. Orada yazılıb ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası məcburidir. Ermənistan 28 il ərzində onları icra etmədi. Nəticədə, Azərbaycan həmin 4 qətnaməni icra vəziyyətinə gətirdi. 8 kəndə münasibətdə də həmin 4 qətnamənin müddəaları icra edilmir. Belə vəziyyətdə görünür Ermənistan Azərbaycanı növbəti antiterror tədbirləri keçirməyə vadar etmək istəyir".
Deputatın fikrincə, İrəvanın başa düşdüyü ancaq bir dil var ki, o da güc dilidir:
"Bir sözlə, Ermənistanı imza atdığı sənədlərə hörmətlə yanaşmağa məcbur etmə məsələsi getdikcə aktuallaşır. Azərbaycanın Zəngəzur dəhlizinin açılması, 8 kəndlə bağlı atacağı istənilən addımlara görə də məsuliyyəti qarşı tərəf daşıyacaq. Azərbaycan məsələni sülh yolu ilə həll etmək istəyir. Ancaq Ermənstanın beynəlxalq hüquqa həqarətli davranışı ona qarşı hərbi əməliyyatları labüd edir. Nə edək ki, Ermənistan siyasi rəhbərliyinin başa düşdüyü ancaq bir dil var, o da güc dilidir".
Qeyd edək ki, Ermənistan hakimiyyəti belə görünür Zəngəzur dəhlizinin açılmasını istəmir. Bu isə İrəvanın imzaladığı 2020-ci il 10 noyabr sənədini icra etməkdən yayınması deməkdir. Amma aydın məsələdir ki, Ermənistanın istəyib-istəməməsindən asılı olmayaraq, bütün hallarda Zəngəzur dəhlizi açılacaq.
Rüfət Sultan
Şərhlər