Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində bu gün "Qarabağ” Almaniyada "Bayer”in qonağı olacaq. Təbii ki, təmsilçimizin növbəti mərhələyə keçməsi ilə bağlı fikirlər müxtəlifdir. Qurban Qurbanovun komandasına inamın səbəbi isə Azərbaycanda Bundesliqa nəhənginə qarşı göstərdiyi oyundur. Ancaq söhbət "Bayer”dən gedirsə, bəs reallıq nədir?
Azərbaycanın tanınmış mütəxəssilərindən olan Yunis Hüseynov "Qarabağ”ın şanslarını dəyərləndirib. O, Qaynarinfo-ya açıqlamasında komandamıza 40 faiz şans verdiyini bildirib:
"Qarabağ”a uğurlar arzulayıram. Bu gün bizi sevindirsinlər. İlk dəfədir komanda 1/8 final mərhələsinə yüksəlib. Ona görə də futbolçuların əhval-ruhiyyəsi, istəyi yüksək səviyyədədir. Çalışırlar ki, bu mərhələni də keçsinlər. Bakıdakı oyunda da gördünüz ki, "Qarabağ”da nə qədər istək vardı. Düzdür, "Bayer” hazırda favoritdir, Bundesliqada birinci yerdə gedir, 36 oyundur uduzmur. Gözlənilməyən şeylər də olur. "Qarabağ” zəif deyil ki, "Bayer”in 100 faiz keçəcəyini deyək. Qurban Qurbanovun komandası hazırda həqiqətən yaxşı oyun göstərir. Rəqibin kimliyindən asılı olmayaraq, qorxaq futbol oynamır. Rəqibindən üstün oynayır. Şəxsən "Qarabağ”ın mərhələ keçmək şansını 40 faiz nisbətində dəyərləndirirəm”.
Hüseynov "Qarabağ”ın "Bayer”i hansı halda keçə biləcəyi haqda sualı belə cavablandırıb:
"Qarabağ” əks-hücumlar zamanı boş zonalarda sürətli oynayır. Bakıdakı oyunun birinci hissəsində boşluqalrdan necə istifadə etdiklərini və hesabda 2:0 önə keçdiklərini gördünüz. Belə boşluqlar ola bilər. "Bayer” evdə hücum futbolu göstərəcək. Bakıdakı kimi oynayacağını düşünmürəm. Tez qol vurmağı və hücumda çoxalmağı düşünəcəklər. Bizimkilər isə bundan yararlana bilər. Andradenin yaxşı sürəti var. Müdafiəçilərdən qaça bilər. Əks-hücumlardan "Qarabağ” yaxşı istifadə etsə, mərhələni keçə bilər. Lakin mütəxəssis kimi desəm ki, mərhələni 100 faiz keçəcəyik, bu, düz olmaz. "Qarabağ” neçə illərdir qruplarda oynayır, yetərincə təcrübəsi var. Bu səbəbdən mərhələni keçmək şansını 40 faiz dəyərləndirdim. Səhvlərdən istifadə etmək lazımdır. Yadınızdadırsa, Bakıdakı oyunda Juninyo topu mərkəzdən götürdü, komandanın kapitanını iki metr arxada qoydu, Benziyaya ötürmə etdi və o da qol vurdu. Sona yaxın bir epizodda Juninyo yenə müdafiəçilərdən qaçmışdı, iki metr irəlidə idi. Qapıya vursaydı, qol olacaqdı. Sürət baxımından belə boşluqlar zamanı müdafiəçilərdən qaça biləcək futbolçular var. Üçüncü qolu vursaydılar, hesab 3:1 olacaqdı. Demirəm ki, onların hansısa futbolçusu zəifdir və bunun üzərindən oyun qurulmalıdır. Səhvsiz futbol olmur. "Barselona”, "Real” da səhvə yol verir. Səhvlərdən maksimum istifadə edilməlidir. Son dəqiqələrdə qol vurulsaydı, "Qarabağ” udacaqdı”.
Bəs fiziki baxımdan "Qarabağ” "Bayer”lə sona qədər oynamağa nə dərəcədə hazırdır?
"Fikrimcə, "Qarabağ” hazır olduğunu buradakı oyunda göstərdi. Qurban Qurbanov da demişdi ki, güc baxımından hazırlıq vacibdir. Bilirsiniz ki, Azərbaycan Premyer Liqasında keçirdikləri son, "Zirə” ilə oyunda bəzi futbolçulara istirahət vermişdilər. Düşünürəm ki, komanda hazır vəziyyətdədir, yorğunluqları da keçib. Fiziki baxımdan "Qarabağ” pis təsir bağışlamır. Bakıda həddindən artıq güc tətbiq etdikləri üçün son dəqiqələrdə yorulmuşdular. Düşününəm ki, baş məşqçi səfərdə komandanın gücünü düzgün böləcək və problem yaranmayacaq. Arzumuz budur ki, "Qarabağ” oyunun taleyini 90 dəqiqə ərzində həll etsin”.
Səbuhi Həsənov
Şərhlər