Xəbər lenti

Vüqar Əhməd və Almaxanımla nazirlik arasında nə baş verir? -
Ölkə 14:26 17.09.2024

Vüqar Əhməd və Almaxanımla nazirlik arasında nə baş verir? - "Nazirin Mənzərxanıma gücü çatmır"

Mədəniyyət Nazirliyinin Dövlət əhəmiyyətli tədbirlərinin təşkili sektorunun müdiri Mənzərxanım Nurəliyeva ilə şair Vüqar Əhməd və qızı, tanınmış müğənni Almaxanım Əhmədli arasında qalmaqal yaşanır. 

Qaynarinfo xəbər verir ki, qalmaqalın kökündə adıçəkilən şəxslərin Mənzərxanım Nurəliyevanın sektor müdiri kimi fəaliyyətindən narazılığı dayanır. 

Vüqar Əhməd hətta bununla bağlı satirik şeir də yazıb. Həmin şeir bir neçə gün əvvəl sosial şəbəkələrdə paylaşılıb. Lakin sonradan silinib. 

Vüqar Əhməd Qaynarinfo-ya açıqlamasında qalmaqalın təfərrüatlarını açıqlayıb. 

"Əvvəla, onu deyim ki, mədəniyyət naziri Adil Kərimlinin işinə söz ola bilməz. Necə lazımıdrsa, işləyir. Bu, tərif deyil. Mən nə Əbülfəz Qarayevi, nə də ondan əvvəlki nazirləri tərifləmişəm. Amma həqiqəti demək lazımdır. Adil Kərimli işləyir və mənim ona böyük hörmətim var. Mənzərxanımla bağlı məsələyə gəlincə, ona satirik şeir həsr etdim. Xahiş elədilər ki, həmin şeiri sosial şəbəkədə paylaşma, mən də paylaşmadım. Amma ötən həftə Vurğun Məmmədov həmin şeiri sosial şəbəkə hesabında paylaşıb. Bundan dərhal sonra Mənzərxanım Vurğundan şikayət etdi, şeiri dərhal onun səhifəsindən sildirdi. Vurğun prinsipial adamdır, olanları səhifəsində yazdı. İndi də sənət adamları, ziyalılar onun statusunun altında böyük müzakirə açıb və hər kəs fikrini yazır", deyə Vüqar Əhməd vurğulayıb. 
 


O, Mənzərxanım Nurəliyevanın fəaliyyətinə diqqət çəkərək əlavə edib ki, sektor müdiri Mədəniyyət Nazirliyində monopoliya yaradıb: 

"Nazirin də ona gücü çatmır. Mənzərxanım nazirlikdə çoxdan işləyir, 4-5 nazir yola salıb. Musiqidən də başı çıxmır. Kim onun "qılıncı"nın altından keçməsə, dövlət tədbirlərdə iştirakına mane olur. Gərək tədbirlərdə iştirak edənlər onunla razılaşdırıla. Mənzərxanım gənclərə qarşı çox aqressivdir. Artistlərin çoxu ondan qorxur, bu üzdən ona yaltaqlanmağa məcburdurlar. Onun da arxasında adamı var, bu səbəbdən kimsənin ona gücü çatmır, işindən çıxarda da bilmirlər. Bəlkə də həmin adamın adından istifadə edirlər. Nazirin Mənzərxanıma gücü çatmır. Baxdım ki, dözə bilmirəm. Mənim ictimai mövqeyim var. Almaxanıma qarşı da aqressivdir. Bütün istedadlılara qarşı onda qısqanclıq var. O, xalq musiqisi oxuyanlara qarşı düşməndir. Kimə "Qran-Pri" verilibsə, ona qarşı aqressivdir. Mənzərxanım bütün sənət adamlarını qəsdən dövlətdən narazı salır.  Mən naziri qınamıram, onun Mənzərxanıma gücü çatmır, çatsaydı, onu çoxdan postundan uzaqlaşdırardı".
  
Müğənni Almaxanım Əhmədli də Qaynarinfo-ya açıqlamasında Mədəniyyət Nazirliyinin Dövlət əhəmiyyətli tədbirlərinin təşkili sektorunda özbaşınalığın hökm sürdüyünü deyib:
 


"Biz də bu vətənin sənət adamlarıyıq. Ona görə də Mədəniyyət Nazirliyində dövlət tədbirlərinin təşkilli sektorundan gözləntilərimiz var. Mənzərxanım da bu sektorun müdiridir. Xarici və daxili tədbirlərin təşkili, repertuarların seçilməsi, müğənnilərin siyahısının tutulmasına bu sektor nəzarət edir. Onun rəhbərliyi isə müəyyən şübhələrə gətirib çıxardır. Bütün tədbirlərdə eyni adamları görürük. Sanki bunlardan başqa Azərbaycanda müğənni yioxdur. Bərbad bir vəziyyət yaranıb. Nə vaxt bir söz deyirsən, deyir "yuxarıda adamım var, sizin mənə gücünüz yetməz" və s. Bu ölkə yiyəsiz deyil, azad ölkəyik, güclü liderimiz var. Belə yüksək qurumlarda işləyən, lakin gözdən qaçan insanlar var. Onlar qurumların adına ləkə gətirir. Dəfələrlə nazirliyə şikayət etmişəm, hər dəfə səbirli olun deyə gözləməyimi istəyiblər. Nə qədər? Əslində tək deyiləm, bir çox müğənnilər narazıdır, sadəcə aralarında qorxanlar da var. Onlar qorxur ki, danışsalar, yaxud da etiraz etsələr, xanım onlara fəxri ad verməsinə manecilik törədə bilər, yaxud da dövlət tədbirində iştiraklarına qadağa qoya bilər. O, 4-5 nazir yola salıb". 

Almaxanım Əhmədli öz istedadına arxayın olduğunu vurğulayıb: 

"Dünyanın bir çox ölkəsində solo konsertlər vermişəm. Hanısa dövlət tədbirində oxuyacam deyə kiməsə rüşvət vermək məcburiyyətində deyiləm. Normalda müğənni iştirak etdiyi tədbirin qarşılığında hər hansı məbləğdə qonorar almalıdır. Bu xanım isə tədbirdə iştirak edənlərə "gələcək” vəd edir. Amma bunun üçün də gedib əvvəlcədən onu "görməlisiniz".  

Məsələ ilə əlaqədar Mədəniyyət Nazirliyinə sorğu ünvanladıq. Nazirlikdən Qaynarinfo-ya iddiaların həqiqətə uyğun olmadığını bildirildi:

"Diqqətinizə çatdırırıq ki, bu tipli tədbirlərin təşkili xüsusi proqram əsasında hazırlanır. Mədəniyyət Nazirliyi tərəfindən dövlət tədbirləri üçün bədii proqramların təşkili müvafiq mütəxəssislərin də iştirakı ilə kollegial qaydada həyata keçirilir. Dövlət tədbirləri zamanı konsertlər üçün repertuarın təsdiq olunması, həmçinin iştirak edəcək incəsənət ustalarının seçimi xüsusi diqqətlə aparılır. Bu məsələyə həssas yanaşmanın nəticəsidir ki, ölkəmizdə və xaricdə təqdim olunan sərgilər, konsert və tamaşalar böyük maraqla qarşılanır. Təsadüfi deyil ki, həm Azərbaycan, həm də xarici ölkələrin media qurumlarında, eyni zamanda sosial şəbəkələrdə mədəniyyətimizin yüksək səviyyədə təqdimatı razılıq doğurur, təqdir edilir. Bir daha qeyd edirik ki, bu prosesdə heç bir qanunsuz müdaxilədən söhbət gedə bilməz".

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->