Xəbər lenti

Veteran futbolçu: “De Byazi Azərbayacana gələndən ancaq vəd verib”
İdman 13:55 24.09.2022

Veteran futbolçu: “De Byazi Azərbayacana gələndən ancaq vəd verib”

()Millimiz Millətlər Liqasının cari mövsümündə ikinci qələbəsini qazandı. De Byazinin rəhbərlik etdiyi komanda səfərdə Slovakiyanı məğlubiyyətə uğradaraq mübarizə apardığı qrupda ikinci pilləyə yüksəldi. Təbii ki, Qazaxıstan Belarusu məğlub edib qrup liderliyinə yüksəldikdən sonra millimizin qələbəsinin əhəmiyyəti qalmadı. Bu səbəbdən komandanın çıxışı birmənalı qarşılanmır. 
 
Yığmamızın sabiq hücumçusu Zaur Ramazanov da millimizin çıxışı ilə bağlı fikirlərini bildirdi. Veteran futbolçu Qaynarinfo-ya açıqlamasında bir neçə sualı cavablandırdı:
 
"Əhəmiyyətsiz oyun da olsa, qələbəyə görə təbrik edirəm. Yəqin ki, Slovakiyanın motivasiyası elə də güclü deyildi. Buna baxmayaraq, millimiz səfərdə qələbə qazandı. Onların qələbələrinə kölgə salmaq istəmirəm. Oyuna gəlincə, deyə bilmərəm, komanda güclənib, ya yox. Rəqibin qol vəziyyətləri oldu. Bizimkilər də topu hara gəldi vurmaqla məşğul idi. Oyun qurmaq, hücum sistemi görmədim. Yenə də müdafiədən oynayırdılar. Amma futbolçularımızın qələbə istəyi daha çox idi. Motivasiya söhbəti var. Onsuz da nəticənin Slovakiya üçün əhəmiyyəti yox idi. Amma bizim üçün var, çünki hər oyun qələbə qazana bilmirik”.

Ramazanov Qazaxıstanın yığmamıza qarşı oyunda əsas heyətlə iştirak etməyəcəyini düşündüyünü deyir: 

"Məni daha çox Qazaxıstan millisinin oyunundakı nəticə maraqlandırırdı. Xal itirsəydilər, yığmanın da matçına maraq olardı. Yenə də qələbə, qələbədir. Fikrimcə, Qazaxıstan əsas heyətlə oynamayacaq. Hər halda digər namizədləri yoxlayacaqlar. Yəqin ki, bizimlə oyun onlar üçün məşq kimi bir şey olacaq, gələcəyə baxacaqlar”.

Mütəxəssis De Byazinin Azərbaycana gələndən daha çox vəd verməsi ilə yadda qaldığını bildirir:

"De Byazi Azərbaycana gələndən ancaq vəd verib. Onun işi göz qabağındadır. Fikrimi bilmək istəyirsinizsə, De Byazidənsə yerli məşqçilərimizə üstünlük versələr, daha yaxşı olar. Baş məşqçi ancaq vəd verib, deyib ki, yaxşı olacaq. Açığı başqa nəsə görməmişəm. Yalandan nə deyim ki?”

Ramazanov müzakirələrə komandada stabillik olmadığını, bəzi futbolçuların De Byazinin xoşuna gəldiyi üçün heyətə dəvət olunduğunu da vurğulayır:

"Heyət məşqçinin öz fikrinə əsasən yığılır. Məsələn, De Byazi Azərbaycana gələndən Ağabala Ramazanovu milliyə dəvət etmirlər. Bu, artıq məşqçinin öz baxışıdır. Robert Prosineçkinin Əfran İsmayılovdan xoşu gəlirdi. O, Əfranın xaricdə oynamalı olduğunu deyirdi. Ola bilər, De Byazinin də kimdənsə xoşu gəlir və həmin adamları dəvət edir. Məsələn, bu gün mənim Lənkəranda 10 min fanatım var. Amma Bakıda daha az ola bilər. Baxışlar fərqlidir. Məşqçi də kimi istəyirsə, heyətə dəvət edir. Həm də Azərbaycanda oyunçu qıtlığı var. Bir-birini əvəzləyə biləcək futbolçu, eyni zamanda stabillik də yoxdur. Bu gün yaxşı oynayan, 5 gündən sonra zəif çıxış edir. Belə məqamları "tuta” bilmirlər, yenə zəif oyununa baxmayaraq, eyni oyunçunu dəvət edirlər”.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->