(Qələm dostumuz İman Usuboğlunun vəfatı münasibəti ilə)
Ədəbiyyat adamları ilə ən intensiv təmasım "Yazı” dərgisinin çapından sonra oldu. Düzdür, əvvəllər də, məsələn, radioda çalışarkən də belə təmaslar vardı. Amma dərgi bunu daha da sürətləndirdi.
"Yazı”nın mənə tanıtdığı qələm adamlarından biri İman Usuboğlu oldu. Bu istedadlı qələm adamını əvvəllər də tanıyırdım, ancaq qiyabi. İlk dəfə üzbəüz harada oturub kəlmə kəsdiyimizi xatırlaya bilməsəm də, bu yumşaq, fağır və azdanışan adamın artıq bir neçə yazısını dərgidə çap etdikdən sonra qabaqqənşər görüşdük. Bir xeyli söhbət etdik. Üz-gözündən yağan əzablı ifadələr onun çox möhnətli ömür yaşadığından xəbər verirdi.
- Heç kitabım çıxmadı, - deyib ah çəkməsi isə könlümü yaralamışdı.
Söz verdim ki, "Yazı”nın dostlarına müraciət edərək onun bir kitabının çapına çalışacağam.
Amma uzun müddət ondan xəbər çıxmaması bu istəyi ertələdi.
Feysbukda yazdığımı isə küy olmasın, altı ay sonra oxumuş, cavab yazmışdı ki, şəkər məndə yaddaş qoymayıb. Kitabı-zadı boş ver, sən əsas jurnala fikir ver...
Dərgidə çap etdiyim bir uzun hekayə barədə özü ilə də söhbətimiz oldu. Bəzi iradlarımı bildirəndə "mən indi onları heç düzəldə bilmərəm...” dedi. Mən isə bəzi yerlərə əl gəzdirəndən sonra özü ilə razılaşdırdıqdan sonra çap etdim. Dərgini köşkdən alıb, zəng etmişdi və sevinə-sevinə dedi ki, bu elə mənim kitabım kimi oldu, istədiyim adama bağışlaya bilərəm...
Çox kövrəlmişdim.
...Səkkizinci kilometr tərəfdəki bir çayxanada görüşdük...
Uzun hekayəsi çap olunan nömrədən artıq qalmış bir neçə nömrəni və özümün "Ucubuluq” romanımın kitab variantını ona bağışladım. "Ucubuluq” barədə, onların da rayonunda olan mif barədə danışdı. Özünün də vaxtilə belə bir əsər yazmaq istədiyini, lakin yaddaşının korlanmasının buna imkan vermədiyini dedi.
Yoldaşının xəstəliyindən, min cür əzab-əziyyətin gətirdiyi qəm yükündən bir xeyli danışdı və dedi ki, bunlar mənə yazmağa mane olub həmişə, əl-ayağıma dolaşıb...
*
Usuboğlunun hekayələrini kiminsə yazılarına oxşatmağa başlamışdılar. Hər cür müqaisənin yanlışlığından yola çıxaraq deyim ki, adam arxasız, köməksiz, pulsuz, parasız olanda yazdığının da dadı qaçar, kiminsə yazı-pozusuna oxşayar. Canım, o yazıların yazanı Usuboğlu idi!
Tək bir hekayəsindən gətirəcəyim misallar bunu sizə deyəcək:
"Yeridikcə yol gözəl olurdu, durduqca yer gözəl olurdu. İçdiyi su boğazında görsənirdi. O Qızı hamı sevməyə başlamışdı.” ("Ququ quşu”)
Yenə həmin hekayədən başqa bir misal:
"Cəlil o qızın tellərindən yıxılmışdı” (Yenə orada.)
Usuboğlu yazıçı idi, fəqət zavod direktoru, komitə sədrinin müavini, baş nazirin müavini ola bilmədiyi üçün yazdıqlarını oxuyan olmadı, kitabını çap edən olmadı...
*
Usuboğlu 1954-cü ildə Qərbi Azərbaycanın Pəmbək mahalının Hamamlı rayonunun Saral kəndində dünyaya göz açıb. Bakı Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini bitirdikdən sonra öz kəndlərində çalışıb. Sonra zavodda işləyib, millətçi ermənilərlə yola getmədiyi üçün Rusiyaya gedib. Orada da qərar tuta bilmədiyi üçün Bakıya qayıdıb. Mühasib, gözətçi işləyib.
Bütün bu illər ərzində, eyni zamanda, şeirlər və hekayələr yazıb...
Müxtəlif mətbu orqanlarda, o cümlədən bizim "Yazı”da yazı-pozusu işıq üzü görsə də, kitab çıxarda bilməyib. Hətta üzvü olduğu Yazışılar Birliyi də bi işdə ona qucaq açmayıb.
Mən burda yazdığım faktları onun vəfat xəbərini aldığım kürəkəni Tərlan bəydən əldə etmişəm. Tərlan bəy deyir ki, vəfat etməzdən əvvəl stolunun üstündə sizin kitabınız vardı, ona görə ilk sizə telefon açdım.
Bu fakt da mən kədərləndirdi. Görəsən, niyə məhz mənim kitabımı əlinə götürübmüş? Bəlkə mənə sözü vardı?
Heyf ki, indi bunu bilmək iqtidarında deyilik...
*
Usuboğlunun vəfatı onun uzun illər çəkdiyi əzabların və "tüpürmək istədiyi” (öz ifadəsidir, kulis.az-dakı müsahibəsində demişdi) əzablı ömrün son akkordları idi...
Beləcə, yazmaq üçün doğulan, amma yazmaq istədiyinin yüzdə birini yaza bilməyən bir yazıçı vaxtsız köçdü danyadan. Vaxtsız deyirəm, ona görə ki, bütün insan ölümləri vaxtsızdır. Zira Usuboğlu kimisinin ölümü vaxtsızdan çox, həm də amansız idi...
Ruhu şad, yeri qu tükü olsun...
S.A. (Söz Ardı.)
1. Usuboğlunun vəfatını ədəbi cameəyə ilk dəfə mən duyurdum.
Sağ olsun, qələm dostlarımız onun vəfatına yazdığım statuslara (bu yazıdan qabaq iki status, bir paylaşəm etmişdim) biganə qalmadılar. Hətta yazıçı dostum Əlabbas belə bir fikir bildirmişdi ki, demiyəsən, Usuboğlu şair Hüseyn Arifin qardaşı oğlu imiş.
Mən bu xəbəri təsdiq edəcək heç bir fakt tapa bilmədim.
Zira nə dəyişəcəkdi ki?!
Olan olmuşdu...
Allah hər ikisinə rəhmət eləsin.
2. Vaxtilə, Usuboğlunun bir kitabını buraxmaq qərarım vardı, reallaşdıra bilməmişdim. Düşünürəm ki, onun üzünü çevirib getdiyi bu dünyada özündən sonra bir kitabının qalması naminə, dostlarına, həmyerlilərinə, qohumlarına və yaxınlarına müraciət etsəm... Bir yığcam kitabının nəşrində yardımçı olarlarmı?
Hesab edin ki, artıq müraciət etmişəm.
15.06.2023
Azad Qaradərəli
Şərhlər